Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Ruhu azadlığa can atan şair" - Təranə Dəmir yazır

Tarix: 21-08-2023 08:35     Baxış: 3568 A- / A+
                                     Namiq Dəlidağlı

Bəzən insan özündən də, ətrafından da, heyvanlardan, otlardan da, elə bütövlükdə dünyadan da küsər. Çəkilib bir köşəyə susqunluğunu, küskünlüyünü yaşamaq istəyər. Hər şeydən, hər kəsdən təcrid olunmuş halda ömrünün  qalan hissəsini tənhalığın qucağında keçirmək arzusunda olar. Həmişə yox ha, yorulanda, tükənəndə. Bilirsiz də, darıxmaq  hissi  hamıda var. O da bir duyğudu. Bu hiss adamı çulğayanda özünə heç yerdə yer tapa bilmirsən. Eləcə baş alıb  getmək istəyirsən harasa. Hara? Özün də bilmirsən heç.  

Bu dəli hisslər şairlərdə bir az da artıqdı. Bəzən nə istədiklərini belə bilməzlər. Sadəcə darıxarlar. Başa düşülməməkdən usanarlar bəlkə. Bəzən etinasızlıqdan, bəzən laqeydlikdən, bəzən sevgisizlikdən. Axır hər nədən olur olsun, darıxarlar. Onda yazmaq da yada düşməz. Anidən qarşılarına  çıxan ən adi, ən sadə yazı-şeir, hekayə, esse-fərq etməz - ürəklərinə sərinlik gətirər. Silkinib  çıxarlar öz kədər  dənizlərindən. Çiyinlərindən dağ götürülər. Fikirləşərlər ki, elə mən bundan ötrü darıxmışam. Budu demək istədiyim, lakin deyə bilmədiyim o məchul fikir. Elə bilərlər  dünyanı  tapıblar.

...O fikir burulğanında batdığım zamanlarım çox olub mənim də. Anidən bapbalaca bir söz məni dartıb çıxarıb o dalğaların qoynundan. Batmağa qoymayıb. Şükr etmişəm bu Sözün sahibinə--Tanrıma. Demək O hamıdan alidi. Hər şeyin gözəlini O bilir. Sonra bu sözü yaddaşıma həkk etmişəm. Saqqız kimi çeynəmişəm. Çürüyənəcən. Ucundan tutub çıxmışam dağın başına. Ordan dünyanın görünməyən tərəflərinə səyahət etmişəm və fikirləşmişəm ki, nə yaxşı söz var. Nə yaxşı bu sözə sahib çıxanlar var. Nə yaxşı adamlar var. Nə yaxşı şairlər var. O nə yaxşıların içində bu gün sözüylə dünyanın zülmətinə işıq tutduğum şair Namiq Dəlidağlı da "nə yaxşı ki var"ların içindədi. Sözünün əzəməti Dəlidağdan geri qalmayan, bir az ərköyün, bir az küsəyən, bir az odlu-alovlu, bir az  çılğın, bir az üsyankar adam bütün bu birazlardan yığılıb böyük dünya qurub dostlarının, oxucularının qəlbində:.

Səni payızda sevdim,
ayrılıqlar ayında.
Ayrılığın qoxusu 
canımdan  çıxdı,
"Oxay" 

deyən şairi nə çətinlik, nə haqsızlıq, nə qada-bəla o müqəddəs sevgidən üz döndərməyə qoymayıb demək. Ürəyinin  qapıları  baharda  da, payızda da, qışda da sevgiyə açıq qalıb. Sevgiylə dolu ürəkdən böyük var -dövlət ola bilərmi? Sevgi olan ürək heç vaxt soyuğa qaçmaz. Sevgidi elə şairi odlu, alovlu danışmağa vadar edən., paklandıran, qaranlıqdan gizləyən.

Səni payızda sevdim -
ürəklər sevgi barın
ayrılığa satanda,
mənim Payız sevgilim.

Demək sevginin zamanı yoxdu deyirik. Hər fəsildə çiçəkləyə bilər arzuların. Könlün hər fəsildə bahar ola bilər. Əgər istəsən. Bu misraların, bu  ürəyin sahibindən heç vaxt ziyan gəlməz. Nə dosta, nə yara, nə Vətənə, nə torpağa...
Namiq Dəlidağlı vətən həsrətində bişən şairdi. Doğma elinə, obasına ömrün  baharını qurban verən fədaidi. Bəlkə bundan irəli gəlir onun şeirlərinin yanğısı. Onun sözünü  hənirindən tanımaq olur. Bilirsən ki, dəli şairin dəst -xəttidi. Qəribə havası var həm də bu şeirlərin. Adamı özünə dost edən, ələ alan, yaxınlaşdıran, doğmalaşdıran şeirlərdi:

"Özü yıxılan ağlamaz"
Dur çırp üst-başını,
Sil gözlərinin yaşını..
Yaşamağı öyrənginən,
Bu dövran sevmir naşını -

deyən şairin bu misralarında inciklik də var, istehza da, öyüd də, üsyan da...
O bilir ki, dünyada saf doğulub, saf yaşamaqdan ağır yük yoxdu. Hər çiynin işi deyil bu böyük şələnin altına girsin. Bir də  bütün ağrı, acılar doğrulardan  yaranır. İşığa  daş atanlar çoxdu axı. Amma yenə şair işığı seçir. Nə qədər incisə də, yorulsa da, küssə  də öz işığından tutub özünə  sarı  yol gedir. Büdrəsə də,  sınsa da əyilmir. Nə yaxşı ki...
Şair həm də insanlardan, dünyadan, həyatdan nigarandı. Problemlərdən yorulan  cəmiyyətdən, cəmiyyətin içindəki ayrı-ayrı talelərdən, gözlə görünməyən çətinliklərdən, göz yaşlarından, xaosdan, qorxudan narahatdı:

...Təkcə daşdan, ağacdan yıxılıb ölmür ki, adam...
Və bir də öz əcəliylə -
fələyin əliylə ölmür ki, adam.
Bank-bank, kredit-kredit, faiz-faiz, lombar-lombard,
borc -borc öldürürlər bizi.

Nigarançılığın, narahatlığın bundan artıq hansı ifadəsi var? Şair qorxmadan, ürkmədən  bütün maneələri aşmağa hazırdı. Həm  də sözünə söykənə-söykənə, nəfəs almadan, bir nəfəsə.

Axı yazarlar həyatın aynasıdı. Pisi də, yaxşını da bu aynada görmək olur. Özünü də. Şeiri söz-söz oxucuya diktə edən şairlərsə pafosdan və tərifdən uzaq dahidilər. Ən azından bu mənim qənaətimdi. Əsl şair hər şeyi sözə çevirə biləndi. Namiq Dəlidağlı bu baxımdan əsl şairdi. Bütün mövzularda sözünü deməyi bacarır, düşündürür, yaşadır, var edir. Ruhu azadlığa can atır, tələsir. Qazanır, itirir, amma yenilmir sözü özünə, özü sözünə arxa durur.

Bütün ayrılıqların səmti birdi:
ahı ürəkdən qopur-

Deyən  şairin ürəyindəki 30 illik həsrəti dincəldimi görən? Yarası əbədilik iz buraxsa da təskinlik tapdı yəqin payız dadan görüşlə. Nəhayət ki, görüşdülər bir -birlərilə. Şair torpaq və torpaq şair. İkisi də xəzəl donunda baxdılar ayrılığın gözünün içinə. Buna da şükür, Kəlbəcərin dəli aşiqi:

Of, içimdə dağ azarı, 
üz tutmuşam dağa sarı.
Sərt qayalar dağ hasarı
zirvələnir yollar boyu.

Dağların dağ dərdini çəkən şairə  bir də yolun ayrılıqlardan düşməsin deyirik. Sözünə söykənə - söykənə aş bu aşırımı da.













Təranə Dəmir
AYB üzvü


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar