Xəbər lenti
Tanrıya istinadla yazan şairin ismarış günü - REPORTAJ
O gün hər kəs “Tanrı qağaya ismarış” göndərməyə gəlmişdi. Yunus Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzinin akt zalında oxucu əlindən tərpənmək olmurdu. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turan üçüncü kitabı ilə oxucularının, ədəbiyyatsevərlərin görüşünə gəlmişdi.
Görüşün təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Rasimoğlu tədbiri Tural Turanın üç misrası ilə açdı:
“Bütün saatlar tanrıya işləyir,
Əqrəblər vurur ömrümüzün boynunu,
Birdən altmışa saya-saya…”.
Sonra Emil bəy şairin 10 illik bədii yaradıcılıq fəaliyyətinə toxunub. Əvvəlki kitablarına nisbətən “Tanrı qağaya ismarış”ın yeni dəst-xətt və təzə nəfəs olduğunu qeyd edib. Kitabın müəllifi söz adamlarına təqdim olunduqdan sonra məclis öz axarı ilə davam edib.
İlk olaraq söz AYB-nin Muğan bölməsinin təsisçisi, şair-publisist Namiq Hacıheydərliyə verilib. O, müəllifin özünə, kökünə qayıdışla bağlı həmişə daxilində axtarışda olduğunu deyib. Kitabın adının alt qatında yatan mənaları, ismarışları öz təhlilində gələn qonaqlarla bölüşüb. Gənc şairə bundan sonrakı yolda uğurlar arzu edib.
Sonra kürsüyə şair, jurnalist Namiq Dəlidağlı çıxıb. O, “Tanrı qağaya ismarış”ın ədəbiyyatımızda yeni nəfəsli kitablardan olduğunu və bitikdə yer alan düzgülərin öz fəlsəfi bucağı olduğunu vurğulayıb. Namiq Dəlidağlı gənc şairin şeirlərinin öz axarı ilə yeni cığır açacağına inandığını deyib.
Şair, tənqidçi Akəm Xaqan isə Tural Turan yaradıcılığı ilə yeni tanış olsa da, şeirlərini bəyəndiyini önə çəkib. “Tanrı qağaya ismarış”dan bir neçə şeirdən parçalar səsləndirərək şairin tanrı ağırlıqlı şeirlərinin özünəxas baxış bucağından danışıb. O, bu kitabda türkün mifik dünya görüşündən bəhs edərək, tanrının Yaradan deyil, Allahın türk insanına bir iç səs olaraq göndərildiyini qeyd edib.
Bir sözlə, ilk üçlükdə çıxış edən orta nəsil yazarlarının hər üçü -Namiq Hacıheydərli, Namiq Dəlidağlı, Akəm Xaqan cəmiyyətdə milli düşüncənin formalaşması və bu yolda ziyalı təbəqəsinin xüsusən də qələm sahiblərinin milli soy-kökü əks etdirən fəaliyyətinin mütləq olmasından söz açaraq müəllifin ədəbi yaracılığındakı milli baxışı xüsusi vurğuladılar.
Ardınca söz qiraətçilərə verilib. Ülkər yazar Tural Turanın “Ay işığı, bir səs göndər” şeirini səsləndirib. Gənc yazar Ülkər Dənizin həzin titrək səsi ilə həzin notlara köklənən tədbir iştirakçıları şeirin sonunda qiraətçini kürsüdən alqışlarla yola salıblar.
Tənqidçi Rübabə Sahib Tural Turan yaradıcılığı haqqından danışaraq deyib ki, gənc şairin şeriləri çox bakidir, safdır. Şeirləri də müəllifin özü qədər utancaqdır. O, sözünə qüvvət olaraq yeni kitabdan nümunələr göstərib:
“Bir də bu uşaqla çıxma qarşıma,
Ayıbdı, məni də sizə daşıma…”.
Tədbirdə söz alan gənc şair Ulucay Akif isə Tural Turanın oxucularının az olacağını qeyd edib:
“Onun ikinci kitabındakı şeirlər daha fəlsəfi, samballı idi. Milli ruhdan mayalanıb, kökümüzdən süzülən misralar idi. Bu kitabdakı şeirlərin isə öz dəst təxtti var. Tural burada türkün tanrıçılıq təfəkkürünü daha çox sərbəst şeirlərlə, bədii və ağır fəlsəfi dillə açmağa çalışıb. Ona görə də Turalın oxucuları az olacaq. Çünki o, hamı kimi yazmır, az başa düşülür. Mən burada ilk dəfə bir fikiri səsləndirmək istəyirəm. Bunu heç onun özünə də deməmişəm. Tural Turanın şeirlərini oxuyanda yadıma atam Akif Səməd, onun yaradıcılıq ruhu gözümün önünə gəlir. Turalı oxuyanda atamı xatırlayıram”.
Gənc yazar Çinarə Ömray Tural Turanı yeni kitabının gün işığına çıxması münasibəti ilə təbrik edib. O, da özünəməxsus səsi ilə şairin “Səninləyəm ay işığı” şeirini səsləndirib.
Kitabın korrektorlarından olan AYB üzvü, gənc şair Fuad Cəfərli isə Turalın şeirlərinin ayrı-ayrı dövrlərdə yazılmasına baxmayaraq, sanki hamısının vahid sujet xətti olduğunu vurğulayıb. O, əslində müəllifin bütün yaradıcılıq nümunələrinin tanrıya istinadla yazıldığını deyib və hər şeirin şairin içindəki ilahi səsə ismarış olduğunu bildirib.
Sonda isə söz müəllifə verilib. O, kitab haqqında, məlumat verərək son iki ildə yazılan şeirlərinin kitabda toplandığını qeyd edib. O, öz səsi ilə yeni kitabdan şeirlər səsləndirib.
Tədbirin sonunda “Tanrı qağaya ismarış”ın imza mərasimi keçirilib. Şairin oxucuları müəlliflə xatirə fotosu çəkdiriblər.
Banu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar