Xəbər lenti
Əli İnsanov nədən “azadlığa çıxmamaq” taktikası seçib...
Əli Orucov: “Bilmədiyimiz dərin məqamlar var”
2005-ci ildən həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova aprelin 26-da daha bir hökm oxundu və ona əlavə 7 il həbs cəzası verildi. 71 yaşlı sabiq nazirin seçdiyi taktika maraq doğurur; görünən budur ki, sabiq nazir sanki özü “həbsdən çıxmamaq” taktikası seçib. Yəni o, bəlli şərtlər daxilində azadlığa çıxa bilərdi. Ancaq bütün dəngələrin əleyhinə gedərək, həbsdə qalmağa üstünlük verib.
Onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin 2013-cü ildə azadlığa buraxıldıqdan sonra İnsanovun dirəniş göstərməsi və bu şəkildə də davam etməsi ciddi müzakirə olunur. Ötən ilin avqustunda azadlığa çıxmasına iki ay qalmış əlavə cinayət maddələri ilə üz-üzə qalan və məhbus həyatı ilə vidalaşmayacağı dəqiqləşən sabiq dövlət məmurunun nədən belə mövqe nümayiş etdirdiyi müəmmalar yaradır. Ötən aydakı 4 məhkəmə prosesində əvvəlkilər kimi olmasa da, kifayət qədər qəzəbli danışması sanki onun növbəti ağır cəzaya özünü hazırladığını göstərdi. Xüsusilə birinci və dördüncü məhkəmə iclaslarında İnsanov keçmiş komandasına bəzi sərt mesajlar göndərdi, məhz bunların onun ittiham olunduğu maddələr üzrə ağır cəzaya səbəb olduğu vurğulanır. Onun qətiyyətli mövqeyi ilə bağlı gəlinən bəzi qənaətlər var. Belə iddia olunur ki, sabiq nazir əfv yazacağı halda belə azadlığa çıxacağına ümid etmir, keçmiş komandasının onu bağışlayacağına inanmır, məhz bu səbəbdən də yüksək iradə sərgiləyir. Digər fikirlər də var, bu da onunla bağlıdır ki, vaxtilə təmsil olunduğu hökumətin ona qərəzli münasibətindən İnsanov qəzəblidir və keçmiş komandası qarşısında “sınmaq” istəmir və hər şeyi göz altına alıb; məhbus həyatı ilə vidalaşmayacağını özündə qəbul edib. Belə iddialar da var ki, sabiq nazir siyasətdə bu yolla parlamağın, daha ciddi nüfuz qazanmağın yollarını yaxşı bilir, bunun üçün də belə edir. Əslində İnsanov aprelin 26-dakı məhkəməsi zamanı son sözündə siyasətlə məşğul olacağının anonslarını vermişdi...
Sabiq nazirin həmyerlisi, əslən Qərbi Azərbaycandan olan AMİP katibi Əli Orucov İnsanovun həbsdə qalmasına səbəb ola biləcək amilləri sadaladı: “Əli İnsanov uzun illərdir mübarizə aparır. Ölkə iqtidarı ona qarşı mübarizə aparan insanları mənən sındırır. Qürurlu bir insan qoymurlar ki, səhəri gün hakimiyyətə alternativ olsun. Həbsxana islah olunan yerdir. Oradan kimisə sındırmaq üçün istifadə olunur. Əli İnsanova yerli kimi deyil, bir Azərbaycan vətəndaşı kimi yanaşıram. Onun pozulmuş hüquqlarının müdafiəsinə hər kəs qalxmalı, mövqeyini bildirməlidir. Çünki sabah hər kəs üçün belə təhlükə ola bilər. Kimin hansı səhvləri, əməlləri, günahları olub, bunları qoyuruq kənara. Günahı olsa da, cəzasını günbəgün çəkib. Burada bizim bilmədiyimiz dərin məqamlar var. Buna görə hakimiyyət onun azadlığa çıxmasından narahatdır. Nələrinsə meydana çıxa biləcəyindən ehtiyatlanır. Açığı, Əli İnsanovun bir əfv yazmağı ilə azadlığa çıxacağına inanmıram. Ortada daha ciddi konflikt, problemlər var. İstənilən halda şəxsi düşmənçiliyi bu cür davam etdirmək olmaz. Vətəndaş kimi istərdim ki, Əli İnsanova humanist münasibət göstərilsin. Onun xidmətləri, dünyanın tibb sahəsindəki nüfuzu, yaşlı olması nəzərə alınmalı idi. Burada konkret düşmənçilik münasibəti var. Onu fiziki cəhətdən məhv etmək istəyirlər. Növbəti dəfə onun ağır cəzaya məhkum edilməsi asanlıqla azadlığa çıxmayacağını göstərir. Amma dünyada gözlənilməz hadisələr baş verir. Bu baxımdan, çalışıram ki, nikbin olum. Əli İnsanovun gələcəkdə siyasətlə məşğul olub-olmayacağı məlum deyil, söhbət hüquqları pozulmuş bir şəxsdən gedir. Dövlət aparatı bir şəxsi əzmək üçün bütün gücünü sərf edirsə, bu yaxşı hal deyil. Beynəlxalq imicimizə də müsbət dividentlər gətirən iş deyil”.
Ə.Orucov sabiq prezident Ayaz Mütəllimova göstərilən münasibətin İnsanova da göstərilməli olduğunu qeyd etdi: “Uzun müddət axtarışda olan, bir sıra cinayətlərdə adı hallanan Ayaz Mütəllimov ölkəyə gəlir, ona hər cür şərait yaradılır, tam sərbəst yaşayır. Amma cinayətləri sübut olunmayan bir şəxs həbsxanalarda çürüdülür. Bunlar yanaşma fərqlərini açıq göstərir. Hətta sübut olunan cinayətlərə görə həbsdən kənarda qalan dövlət məmurları var. Əfv istəməmə kimi məsələlər, sadəcə, bir bəhanədir. Onun azadlığa buraxılacağına şəxsən inanmıram. Çox istərdim ki, ölkə iqtidarı dövlətin gücündən belə məsələlərdə istifadə etməsin”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar