Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Namiq Dəlidağlının ağ işığa yol alan ağ karvanı…

Tarix: 05-02-2023 10:12     Baxış: 2627 A- / A+
Namiq Dəlidağlı


Bir payız günündə Kəlbəcərdə dünyaya gələn, doğulduğu torpağın havasına, suyuna aşiq olan Namiq Dəlidağlının həyat hekayəsidir “Əllidən ələnənlər”…

Şair, duyğularını, zaman-zaman yaşadığı anları – anıları, hisslərini, sevincini, kədərini, sevgisini, həsrətini, acılarını qəlbində, bütün hücrələrində daşıyaraq zamanı gəldikcə sözlərə çevirmiş, qəlbə işləyən, həssas, kövrək şeir nümunələri ortaya qoymuşdur. 
Şeirlərini dünyaya gətirmək üçün şair öz təbi ilə, hissləri ilə tənhalığa, xəlvətə çəkilərək macəra dolu eşq yaşayır:
Şeir yazanda istəmirəm 
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya 
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu 
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an…
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti, 
bədbəxti olur,
yaşayanı da var,
öləni də.


On bir yaşında atasızlığın acısını dadan şair atasının gecə gəlmiş ruhunu ən əziz qonaq kimi qarşılayır:
Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım-
mənim arxam gəlib, dayağım gəlib.

Uşaqlıq illərindən atasını itirdiyindən atasından ayrılan, doyunca “ata” kəlməsini işlətməyən, göz yaşları ilə bu yanğını “soyudan” şair:
Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub…
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub,
- deyərək özünə təsəlli verir.

Atasızlığın acısı bitməmiş erməni işğalçıları tərəfindən doğma yurdundan zorla qoparılan dağlar oğlu sinəsinə çəkilmiş dağı bizə göstərir:
Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə “dağlar oğlu” deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)


Qüruru sökülmüş, didərgin düşmüş, neçə-neçə həmvətənlərini itirmiş, doğma yerlərin havasına suyuna həsrət qalmış, göz yaşlarını dağ çaylarına qoşub ağlayan, inləyən dağlar oğlu yaşamağına, bu dərd ilə sağ qalmağına belə təəccüblənir:
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq, 
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə “dağlar oğlu”deyirik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay, 
biz hələ yaşayırıq!


İllərlə içində doğma yurd həsrəti, ocaq yarası, ata nisgili daşıyan Namiq  Dəlidağlı güllələnmiş, xüsusi işgəncə ilə məhv edilmiş vətən oğullarının, vətən qızlarının, vətən güllərinin xatirəsinə: 
Gülü güllələndi, çiçəyi öldü,
yarpaği qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü, 
nə ağır yas düşdü dağlara, qardaş, 

- deməklə üzlərdən gülüşü silən müdhiş qətliamın kədərli havasını qəlbinin simlərində yanğılı şəkildə çalaraq bizə çatdırmağa çalışır. 
Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı,
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara qardaş.


30 il doğulduğu torpaqlara həsrət qalaraq, səs-küylü, asfalt küçələrində maşınlar şütüyən şəhərdə yaşamaq məcburiyyəti yurduna dönə bilməyən şairi anasının qarşısında da “üzüqara” edir. O, “Səni Kəlbəcərə aparammıram” şeirində:
Nə umub küsürsən, qurbanın olum, 
bağlanıb bənd, bərə aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram,
- deyərək anasına etiraf  edir.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı, 
unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə aparammıram,
- demək doğrudan da çox ağrılı və əzab vericidir. Bunu vətən həsrəti çəkənlər daha yaxşı anlayar, daha yaxşı dərk edər.

Vətən isə yiyəsiz deyil. Vətən uğrunda can verən, qızıl qanı ilə vətən torpağını şərəfləndirən döyüşçü, mərd oğullarımız düşmənlə hər an üz-üzə gəlməyə hazırdır. 
Vətən yolunda öz canından keçən, doğmalarını vətənə əmanət edib düşmən üzərinə yürüyən aprel şəhidlərimizin əziz xatirəsinə:
Bu il torpaq bətnindən
yazin ölü doğuldu,
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu, 
aprel səhərlərində…,
-deyir.

Sevdiyi, canından əziz bilib qoruduğu, uğrunda canını fəda etdiyi torpağa şəhid düşən, qanı tökülən igid, qəhrəman oğulları yad edərək:
…Əsgər məktublarını
kol dibində nərgizlər, 
bənövşələr oxudu, 
kəlmələr qan qoxudu.  
Gözlərini qan tutmuş 
qəlpələr dəydi sənə,  
gözü çıxsın yağının…
ağı deyən şair təsəllini qələbədə görür:

Ancaq ağrıma belə…,
itirdiyin torpaqdan 
canına can calandı, 
canına qurban Vətən…
…Sənin sağalmağının 
bir yolu, bir çəmi var,
sənin yaralarının 
bircəcə məlhəmi var:
onun adı SAVAŞdı –
onun adı QƏLƏBƏ…

Zaman keçdikcə acı üstünə acı, ağrı üstünə ağrı, ayrılıq üstünə ayrılıq yaşamaq, ayrılıq havasına köklənib ah çəkən şairin ayrılıq qibləsi olan qəlbi artıq ağrılar qarşısında acizdir:
Son duamı 
oxudum
ayrılıqlar üzünə.
Ayrılıqlar qibləsinə
dayanıb.
Bütün ayrılıqların
səmti birdi,
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
 bu aylı
gecənin səssiz
xatirəsinə...
Ayrılıq duaları
dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların
qibləsi 
eynidi:ağrısı
soldan başlanır.


Payızda doğulmaq belədir, şair. Payızda doğulmaq, bir gözün gülüb, bir gözün ağlaması, yayın istisinə "əlvida" deyib soyuq qışı qarşılamaq, havanın nəmini canına çəkib parlayan günəşə baxıb sevinmək, gülənlə gülüb, ağlayanla ağlamaq, payızın ruhunu özündə daşımaq, “Payız adam”ı olmaq deməkdir:
Payız adam!
Bu fəsil əynində köhnəldi sənin.
Ürəyinə qabqardığın 
heydən düşmüş arzularınla 
can üstə olan xatirələrinə
yol gedirsən.

Bu yol – gecələr ağ yuxularda, ağ arzularla işıqlanmış yolda yürüyən ağ karvana qoşulan şair ruhunu üzü Qərbə -Kəlbəcərə aparan ağ yola çevrilir: ağ ümidli, ağ gümanlı karvanın yoluna: 
Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular 
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi 
ağ günlərin işığına
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq 
bu ağ karvan.


Şeirinin son misralarında :
...Bu bir ağ nağılıydı, 
bu nağılda ağ elədim, 
buna heç kim inanmaz
-deyən Namiq Dəlidağlının ağ yuxaları uzun ayrılıqdan sonra çin oldu. O, əlçatmaz arzu kimi sayıb isindiyi
...xatirələrim
bağımızdakı alma ağaclarının 
budaqlarından, 
alça ağaclarının çiçəklərindən
asılı qaldı.
Bir də atamın məzarına 
qısılı qaldı,
- desə də, ağ ümidlərini itirmir, xatirələrini yığmaq üçün bir gün geri dönəcəyinə inanır, bu inamla:
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının 
budaqlarından,
alça ağaclarının çiçəklərindən...


Sən yuxularında ağ etməmişdin, şair. Viran qalmış, dağılmış yurduna, ata ocağına çatanda da bilmədin sevinəsən, yoxsa ağlayasan, Payız adam. 
Sevinclə yasın həyəcanını daşıyan qəlbin yorulmasın, çünki atanın ocağı səninlə təsəlli tapır...çünki Sən o evin sütunusan.















Afət Şahid

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar