Xəbər lenti
Yalançı alimlər niyə çoxalır? - Qulu Məhərrəmli yazır
Qulu MƏHƏRRƏMLİ
Professor
“Filankəs işini özü yazıb”- indi dissertasiya müdafiəsi zamanı iddiaçının xeyrinə deyilən bu cümləni tez-tez eşidirik.
Niyə? Çünki son illərdə başqasına elmi iş yazdıranların, elm qapısını döyən və bəlli maraq müqabilində himayə edilən savadsızların, “dissertasiya” adı ilə müdafiə şuralarına təqdim olunan cəfəngiyyatların, başqalarının yazdığı saxta dissertasiyalarla “müdafiə” edib elmi ad alanların sayı çoxalıb. İndi bəzi müəssisələrdə ayrıca “dissertasiyayazanlar şəbəkəsi”nin olması, onların istedadsız iddiaçılar üçün himayə zolağı yaratması da sirr deyidir. Bəs bunun günahı kimdədir: Ali Attestasiya Komissiyasında (AAK), yoxsa Müdafiə şuralarında? Uzunillik müşahidələr başqa qənaətlərə gəlməyə əsas verir.
Əlbəttə, bəzi bürokratik davranışlarına görə Prezident yanında Ali Attestasiya Komissiyasının qınanması təbiidir. Bu qurum elmi işlərə tələbləri nə qədər artırsa da, fərasətlilər yenə öz işlərini görə bilirlər.
Mənim qənaətimə görə, yalançı alimlərin, saxta dissertasiyaların artmasınln səbəbi AAK deyildir. Belə vəziyyətin yaranmasının əsas günahı, ilk növbədə layiq olmadığı halda “alim”liyə can atan şəxsin özündə, onu bu işə həvəsləndirənlərdə, məsuliyyətdən yaxasını kənara çəkən elmi rəhbərlərdə, mövzunun “işləndiyi” kafedra və ya şöbələrdədir. Hələ ardı da var. Bir qayda olaraq humanitar sahələrdə aktual elmi problemi əhatə etməyən dissertasiyalar deyilən şöbə və ya kafedralarda çox vaxt formal və başdansovdu müzakirə olunur. Daha sonra dissertasiya işi, əslində yaxşı mexanizm kimi düşünülmüş Elmi seminara çıxarılır. Burada müzakirə formal aparılırsa, dissertasiya oxunmadan “bəh-bəhlə” yola verilirsə, yalan və saxtakarlığın miqyası daha da böyüyür. Sonra iş gəlir Müdafiə Şurasına. Düzdür, bəzən bu şuralarda maraqlı, canlı müdafiələr olur, amma çox vaxt müdafiələr o qədər sönük keçir ki, protokol prosedurlarından başqa heç nə yadda qalmır. Şura üzvləri çox vaxt dissertasiyanı görmür, onun üzünü də açmırlar, heç avtoreferatı da vərəqləmirlər. Bu səbəbdən də müdafiəyə çıxarılan mövzu barədə məlumatsız olurlar. Az-çox bilikli sayılanlar da “pis kişi” olmaq istəmir, sual verib nəyi isə aydınlaşdırmağa çəkinirlər. Bəzən iddiaçının və onun himayəçisinin kim olması, haranı təmsil etməsi də şura üzvlərinin “müdrik” davranışına təsir edir. Belədə ümid qalır rəsmi opponentlərin vicdanına. Elmi vicdan olmayanda onlar da formal rəy yazıb sadəcə, yola verirlər. Bəzən ciddi opponent rəyi, onun iradlarına iddiaçının hansı elmi səviyyədə və necə cavab verməsi, deyəsən heç kim üçün maraqlı olmur.
Beləliklə, “uğurlu” müdafiədən sonra iddiaçı dissertasiyanı və zəruri sənədləri təsdiq üçün AAK-a göndərir. Faktiki olaraq həmin qurum fakt qarşısında qalır və üç mərhələdə (ilkin müdafiə, elmi seminar və müdafiə şurası) müzakirədən keçmiş dissertasiya ilə nə edəcəyini bilmir. Seçmə üsulu ilə dissertasiyaları araşdırmaq, yaxud iddiaçını söhbətə dəvət etmək isə həmişə effektli olmur. Bəzən AAK-ın Ekspert Şuralarının zəif dissertasiyalarla yanaşı, yaxşı mütəxəssislərin də tədqiqatlarına şübhə ilə yanaşması, yəni qurunun oduna yaşın da yandırılması təəssüf doğurur. Bütün hallarda əvvəlki üç mərhələdə dissertasiya işlərinə tələbkarlıq və prinsipiallıqla yanaşılmaması AAK üçün əlavə problemlər yaradır. Geniş elmi ekspertiza əlavə vəsait, proqram təminatı, işçi qüvvəsi, təşkilati iş və zaman tələb edir. Halbuki bu işlərə ilkin müdafiədən başlayaraq vicdanla yanaşılsa, lazımi tələbkarlıq göztərilsə AAK-ın belə dərin performanslarına heç bir ehtiyac qalmaz. Bəs niyə əvvəldən o tələbkarlıq göstərilmir? Bax bu, təkcə elm məsələsi deyil, həm də cəmiyyət, peşəkarlıq, mənəviyyat, vicdan və əxlaq məsələsidir.
P.S. Bəzi xarici ölkələrdə elmi adlar məsələsi 5-7 alimin təmsil etdiyi kafedra şuraları səviyyəsində həll olunur. Heç kim də o alimlərin qərarına şübhə ilə yanaşmır, çünki həmin alimlər həm öz sahələrində böyük nüfuz sahibidirlər, həm də parlaq mənəviyyatları ilə tanınırlar.
Bizdə də, peşəkarlıq, elmi vicdan, əxlaq və mənəviyyat önə keçməsə, inzibatçılıqla heç nəyə nail ola bilməyəcəyik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar