Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nərminin anası Aynurə İsmayılova məhkəmədə deyib ki, yanmış meyit tapılmamışdan 2-3 gün öncə polis rəisi onlara gəlib. Soruşub ki, uşağınız tanınmaz halda tapılsa, onu siz nəyindən tanıya bilərsiz?
Aynurə İsmayılova ifadə verəndə deyib ki, ki, meyit tapıldığı gün o, iki dəfə polis rəisi ilə görüşüb. Həm səhər saatlarında özü Tovuz rayon polis şöbəsinə gedib, həm də bundan bir neçə saat sonra Şirzad Əsgərov onlara gəlib.
Aynurə İsmayılova deyib ki, səhər şöbəyə gedib, itkin övladından xəbər olub-olmadığını polis rəisindən soruşub. Günorta Şirzad Əsgərov onlara gəlib, yenə də Nərmin, onun əynindəki geyimlər haqda soruşub.
Vəkillər ona suallar veriblər ki, uşağın itməsindən 47 gün keçmişdi, izahatlar alınmışdı, hansı paltarda və nə vaxt getməsi soruşulmuşdu, üstəlik, həmin gün səhər də polis rəisi ilə görüşmüşdülər. Bir neçə saat sonra Şirzad Əsgərovun təkrar onlara gəlməsinə nə ehtiyac vardı?
O dövrdə Tovuz rayon polis şöbəsinin əməkdaşı olmuş Murad Süleymanov bu işlə bağlı məhkəmədə dindirilərkən yanmış meyit tapıldığı gün səhər şöbədə Aynurə İsmayılovanı gördüyünü deyib.
Prosesdə sabiq polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov ifadə verib. Murad Süleymanov özü də Dondar Quşçu kəndində yaşayır.
Murad Süleymanov qeyd edib ki, yanvarın 6-da şöbənin qarşısında “razvod” bitib və içəri keçəndə Aynurə İsmayılovanı orada görüb: “Dedi ki, rəisdən pul almağa gəlmişəm. Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovu nəzərdə tuturdu”.
O bildirib ki, uşaq itkin olduğu vaxt axtarışlarda iştirak edən polislərə Nərminin fotosu göstərilib. Meyit yanarkən onu gördüyünü deyən Süleymanovun sözlərinə görə, daha çox qurşaq, qarın nahiyəsi yandırılıb: “Dizdən aşağı demək olar ki, yanmırdı. Üzündə də alov gördüyümü xatırlamıram. Amma üzü artıq tanınmaz halda idi. Mən şəxsən tanımadım ki, Nərmindir, yoxsa yox. Meyit yanması haqda polis rəisinə xəbər verəndən təxminən 15 dəqiqə sonra rəis müavini Şahlar Cəfərovla gəldilər, ardınca başqa polislər gəldi. Rəis çatan kimi Şahlar Cəfərova dedi ki, odur – Nərmindir...”
Murad Süleymanov deyib ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Şahlar Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub. Yanğın yerinə gələn polis rəisi və müavinin əmri ilə heç bir aydınlaşdırma aparılmadan İlkinin saxlandığını deyən Murad Süleymanov deyib ki, əmisi oğlunun həbsindən sonra onun özünə qarşı da təzyiqlər başlayıb. O iddia edib ki, polis rəisi Nərmin mövzusunda söhbət düşən hər yerdə qatilin məhz İlkin olmasını deməyi ondan tələb edib. O isə etiraz etdiyinə görə artıq aralarında münasibət gərginləşib: “Hətta rəis bir gün polis vəsiqəmi aldı, ertəsi gün qaytardı...”
Murad Süleymanovun sözlərinə görə, İlkin yanvarın 23-də apellyasiya məhkəməsində işgəncəyə məruz qaldığını, törətmədiyi cinayətin onun üzərinə atıldığını deyəndən sonra o, yanvarın 29-da internet televiziyalarından birinə müsahibə verib. Həmin müsahibədə o, yanvarın 9-dan 10-na keçən gecə İlkin Süleymanovu rəis və digər polislərin evlərinə gətirdiklərini, onun ailə üzvlərini aldadaraq və zorla evdən çıxardıqlarını, eləcə də bu işlə bağlı başqa məsələləri danışıb.
Bundan sonra rəisin daha da aqressivləşdirini deyən Murad Süleymanov Daxili İşlər nazirinə raport göndərib ki, özünə və yaxınlarına qarşı təzyiqlərlə əlaqədar işdən çıxmaq istəyir. Bu teleqramdan az sonra onu təcili şəkildə nazir müavini Seyfulla Əzimovun yanına aparıblar. Həmin vaxt o, təzyiqlərə görə artıq kənddə qalmırmış.
“Axşam saatlarında gəlib evdən məni Seyfulla müəllimin yanına apardılar. Soruşdu ki, işdən çıxmaq istəməyinin səbəbi nədir? Dedi ki, cənab nazir bu məsələni araşdırmaq göstərişi verib. Ona rəisin elədiyi haqsızlıqları danışdım. Dedi ki, Şirzad Əsgərov kimdir sənə bunları desin. Oradan çıxanda məni general Sahib Mirzəyevin otağına apardılar. O da dedi ki, get, işini işlə. Bilirdim ki, Şirzad Əsgərov məni rahat buraxmayacaq, xəbərdarlıq eləmişdilər. Ona görə iki gün sonra yenə nazirə teleqram vurub, işdən çıxdım”, - Murad Süleymanov qeyd edib.
Azyaşlının valideynləri dəfələrlə Murad Süleymanovu da cinayətdə ittiham ediblər. Onlar iddia edir ki, İlkin bu cinayəti təkbaşına törətməyib, əmisi oğlu da ona kömək edib. Hətta Muradın polis olmasından istifadə edərək, özünün və İlkinin yaşadığı evdə axtarış aparmağa imkan vermədiyini deyirdilər.
Murad Süleymanov isə məhkəmədə bildirib ki, bu barədə səslənən fikirlər yalandır. Onun sözlərinə görə, meyit tapılana qədər nəinki onların, ümumiyyətlə, kənddəki qonşulardan heç kimin evində axtarış aparılmayıb. Yalnız Nərmingilin özünün və əmisigilin evlərində axtarış aparılıb: “Mən kim idim ki, axtarış aparanlara imkan verməyim, adi serjant idim. Məni prokurorluqda Aynurə İsmayılova ilə üzləşdirmişdilər. Böhtan atmışdı ki, guya ona pul təklif eləmişəm. Araşdıranlar da gördü ki, yalandır, bu məsələnin üstünə getmədilər”.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.