Xəbər lenti
"AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb"
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov deyir ki, AZAL prezidenti Cahangir Əsgərovun göstərişiylə onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm hazırlanıb. Onun sözlərinə görə, səbəb isə 2017-ci ildə Cahangir Əsgərov tərəfindən mal-mülkünün əlindən alınmasına susmamasıdır.
Manevr.az xəbər verir ki, İlqar İsmayılov bu barədə dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib. Haqqında ittiham hökmü çıxarılmasına dair əmrin artıq qəbul edildiyini vurğulayan İlqar İsmayılov onun işinə bu məhkəmədə baxılmasına etiraz edib.Məhkəmə iclasında əvvəlcə iş adamı və onun vəkilləri AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevanın, eləcə də 2011-ci ildə “İdeal Kompani”yə şərik olandan sonra şirkətdə onu təmsil etmiş nümayəndəsi Fuad Əliyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib.
Öncə Fuad Əliyevin dindirilməsi haqda vəsatəti əsaslandıran vəkil İlhamə Həsənova bildirib ki, İlqar İsmayılov AZAL prezidentinin xanımıyla şəriklikdən sonra təsisçilərin ümumi yığıncağının iclaslarını keçirmədən, şirkətin kassasında özbaşına pulları (ümumilikdə 680 min manat) götürüb xərcləməkdə ittiham olunur. İlqar İsmayılov isə bu ittihamı qəbul etmir. O deyir ki, “İdeal Kompani” gəlirlə işləyən şirkət olub və gəlirlər də şəriklikdən sonra həmişə Zərifə Həmzəyeva ilə bölünüb.
Vəkil vurğulayıb ki, məhkəmədə dindirilən şahidlər Samirə Quliyeva, Həbib Qarayev də digər təsisçiyə - Zərifə Həmzəyevaya pul çatdırıldığını təsdiqlədi: “Hətta Həbib Qarayev məhkəmədə dedi ki, şəxsən onun özü Zərifə Həmzəyevanın şirkətdəki nümayəndəsi Fuad Əliyevə gəlirləri çatdırıb. Çatdırdığı məbləğlər də 500 mindən aşağı olmayıb. İş materiallarında yazılıb ki, guya İlqar İsmayılov şirkətin direktoru kimi, vəzifəsindən sui-istifadə edib. Amma məhkəmə araşdırmaları da göstərdi, onların öz aralarındakı yazışmalardan da görünür ki, faktiki rəhbərlik Zərifə Həmzəyevada olub. Hətta şirkətə süpürgə alınmasından da onun xəbəri olub. Ona görə də mütləq Fuad Əliyev dindirilməlidir ki, bir çox suallara cavab tapılsın”.
Məhkəmə bu vəsatəti təmin etməyib. Belə olan halda, vəkillər Zərifə Həmzəyevanın özünün məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil Gülnar Quluzadə bildirib ki, bu cinayət işində bütün məsələlər gəlib Zərifə Həmzəyevaya dirənir. Buna baxmayaraq, onu nə istintaqda dindiriblər, nə də məhkəmədə.
“İlqar İsmayılova mənimsəmə ittihamı verilib. Mənimsəmə də başqasının əmlakının ələ keçirilməsi deməkdir. İlqar İsmayılov özü o şirkəti yaradıb, uzun müddət təkbaşına rəhbərlik edib. Sonradan Zərifə Həmzəyeva ilə şərik olub. Əgər mənimsəmə varsa, deməli, başqasına aid əmlakdan, konkret halda, Zərifə Həmzəyevaya aid əmlakdan söhbət gedir. Gəlsin, görək ki, nə mənimsənilib, necə mənimsənilib”, - bunu isə vəkil Rəşad Əliyev bildirib.
İlqar İsmayılov bu vəsatətə münasibət bildirərkən vurğulayıb ki, 1999-cu ildə təkbaşına yaratdığı şirkətdən onu hətta təhvil-təslim aktı belə imzalamadan uzaqlaşdırıblar. Hakimlər Zərifə Həmzəyevanın dindirilməsi barədə vəsatəti də rədd edib.
İş materiallarında iddia olunur ki, İlqar İsmayılov şirkətin xəzinəsindən 280 min götürüb, “Şəhər bağları”ndan özü üçün ev alıb. Materiallara 280 min manatla bağlı qəbz də əlavə olunub. Vəkillər bildirib ki, iş materiallarındakı qəbzlər mötəbər sübut sayıla bilməz. Çünki onlar sənədin əsli yox, kserosurətdir. Həm də qəbzlərin bir çoxunda İlqar İsmayılovun imzası və möhür də yoxdur. Bu səbəbdən vəkil Rəşad Əliyev 280 min manatlıq qəbzin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.
Hakimlər bu vəsatəti də təmin etməyib.
Hakim Əli Məmmədov məhkəmə istintaqının yekunlaşması barədə tərəflərin fikrini soruşanda müdafiə tərəfi etiraz edib. İlqar İsmayılov nəinki bu hakimlər kollegiyasına, ümumiyyətlə, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətli hökm çıxarılacağına inanmadığını deyib. O bildirib ki, bu səbəbdən işinə bu məhkəmədə baxılmasına etiraz edir.
İş adamı deyir ki, aylardır davam edən məhkəmə prosesində onun təqsirsizliyi sübuta yetirilsə də, 8 il azadlıqdan məhrum ediləcəyi barədə məlumat alıb: “Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. O zaman da gücü məndən qat-qat çox olan Cahangir Əsgərov məni həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına razılıq sənədlərinə imza atdırıldı. Bundan sonra həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli cubuğunu qaldırıb, məni həbs etdirdi”.
O xatırladıb ki, qanunvericilik şəxsin eyni ittihamla iki dəfə cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir: “Görünür, şəxsin pulu və nüfuzu çox olanda, onun əmri qanundan üstün olur. 8 aydır ki, heç bir günahım olmadan həbsdəyəm. Məhkəmə boyunca təqsirsiz olduğum sübuta yetirilsə də, haqqında 8 il həbs hökmünün artıq hazır olması barədə məlumat almışam”.
İlqar İsmayılov məhkəməyə yazılı şəkildə etiraz verib ki, onun işi ümumiyyətlə, bu məhkəmədən alınsın. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir hakimin obyektiv qərar verəcəyinə inanmır: “Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır. Onun əmrinin icra olunacağına zərrə qədər şübhəm yoxdur”.
İş adamı etirazının baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini istəyib.
Məhkəmənin bu etirazla bağlı qərarı dekabrın 13-də keçiriləcək növbəti məhkəmə iclasında məlum olacaq.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov bu ilin aprelində həbs olunmamışdan bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar