Xəbər lenti
"Əl çəkmirdi, elə bil əcəli çatmışdı" - Dostların içki məclisi qətllə yekunlaşdı - TƏFƏRRÜAT
Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İmran Bədirov ifadə verib. O, deyib ki, qətlə yetirdiyi Əzizulla Məmmədovu Qusar şəhərində tanıyıb.
"Hadisə təsadüfən baş verib”
Qusar şəhərində pinəçiliklə məşğul olduğunu söyləyən İmran Bədirov əlavə edib ki, mərhumla şəxsi düşmənçiliyi olmayıb: “Əzizulla tez-tez pinəçilik etdiyim yerə gəlib-gedib. Mənim ona qarşı düşmənçiliyim, onu öldürmək niyyətim olmayıb. Əgər belə bir niyyətim olsaydı, orada elə çəkiclə başında vuraraq öldürərdim. Hadisə təsadüfən baş verib”.
Təqsirləndirilən şəxs hadisə baş verən gün Əzizullanın onun pinəçilik etdiyi sexə gəldiyini deyib: “Gəlib dedi ki, kafeyə gedək, yeyək-içək. Mən də ondan qorxurdum, nə deyirdi, onu da yerinə yetiridim. Çünki Əzizulla idmançı bədənli və fiziki cəhətdən də məndən güclü idi. O, həmişə məndən pul tələb edirdi. Pul verməyəndə məni vururdu. Onun sözü ilə kafeyə getdik. Qusar rayonunun mərkəzi bazarında yerləşən “Sürücü” kafesində Sadiq və Əzizulla ilə birlikdə yeyib-içdik. Əzizulla bundan qabaq da haradasa yeyib-içmişdi, ona görə də daha çox sərxoş idi”.
Öldürmək məcburiyyəti...
İmran Bədirov qeyd edib ki, “Sürücü” kafesində yeyib-içəndən sonra birlikdə “Çoban dərəsi” adlanan ərazidəki “Şimal” kafesinə gəliblər: "Çay içməyə başladıq. Bu zaman Əzizulla stolları dağıtdı, səs-küy salmağa başladı. Daha sonra mən Sadiqlə biçinə lazım olduğu üçün kombayn dalınca getmək üçün kafedən çıxdıq. Bu zaman Əzizulla da bizim arxamızca çıxdı. Kombayn gətirmək üçün 12 kilometr məsafə getməli idik. Buna görə də orada olan taksiyə əyləşdik. Sadiq maşının qabaq, mən isə arxa oturacağında əyləşdik. Bu zaman Əzizullada maşına mindi. Maşın hərəkətdə olan zaman Əzizulla səs-küy salırdı, təhqiredici ifadələr işlədirdi. 2-3 kilometr getmişdik ki, maşından düşdük. Daha maşınla getmək istəməyidiyimizi bildirdik. Bu vaxt Əzizulla da maşından düşdü. Bizimlə birlikdə maşına əyləşmiş Fərrux adlı şəxs isə aşağı düşmədi, taksi sürücüsü onu apardı. Biz aşağı düşəndən sonra Əzizulla yenə də söyüş söyməyə başladı. Sonra biz kombayn axtarmaq məqsədilə Samur-Dəvəçi kanalının yanına gəldik. Orada da Əzizulla söyüş söyməkdə, bizi təhqir etməkdə davam edirdi. Pinəçi olduğum üçün cibimdə həmişə ip olurdu. Cibimdə olan ipi çıxararaq onun boğazına doladım və özümə tərəf sıxmağa başladım. Bu zaman Əzizulla özünü itirərək yerə yıxıldı. Sərxoş idim, özümdə olmamışam. Sonra Sadiqlə birlikdə yola çıxdıq. Yolda maşın olmadığı üçün 2 kilometr piyada getdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün Əzizullanın öldüyünü eşidib. O, istintaqa verdiyi ifadəsinin bəzi hissələrini təsdiq etməyib. Səbəb olaraq bildirib ki, cinayəti törətmək üçün əvvəlcədən Sadiq Əmiraslanovla plan qurmayıblar: “Buna görə də istintaqa verdiyim ifadəmin bir çox hissəsi ilə razı deyiləm. Müstəntiq nə deyib, ona da imza atmışam. İstintaqa verdiyim ifadəmi oxumadan imzalamışam”.
"Əzizulla 3 ildir hər gün məndən pul tələb edirdi"
Daha sonra İmran Bədirov dövlət ittihamçısının suallarını cavablandırıb. O, deyib ki, Əzizulla Məmmədovu 20 ildir, Sadiq Əmiraslanovu isə 5 ildir, tanıyır: “Həmişə bir yerdə içki məcilsində olmuşuq. İçki məcilsinin pulunu ya mən, ya da Sadiq verirdi. Əzizulla bir yerdə işləmirdi, ona görə də pulu olmurdu. Əzizulla 3 il idi ki, hər gün məndən pul tələb edirdi. Ona pul verməyəndə məni döyürdü. Bu barədə onun qardaşına da demişdim. Bu səbəbdən 2-3 dəfə ona iş də tapmışam ki, məndən əl çəksin. Amma işləmirdi, məndən də əl çəkmirdi. Buna görə də sahə müvəkkilinə şikayət etmişdim. Amma sahə müvəkkili də bu barədə bir tədbir görmədi. Əzizulla tüfeyli həyat tərzi keçirirdi, ona-buna sataşırdı. Bir gün kimsə onu vuracaqdı, bu da bizim başımızda çatladı”.
"Bizdən əl çəkmirdi, elə bil əcəli çatmışdı"
İmran Bədirov suallara cavab verən zaman əlavə edib ki, Əzizulla Məmmədovu öldürmək niyyəti olmayıb: “Həmişə ondan uzaq dayanırdım. Amma Əzizulla bizdən əl çəkmirdi, elə bil əcəli çatmışdı. Biz hara gedirdik, o da ora gəlirdi. Hadisə baş verən gün də bizdən əl çəkmədi, deyirdi ki, araq içək. Biz az içirdik, o isə çox içirdi. Çox sərxoş olmuşdu, ağzının danışığını bilmirdi”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Eynulla Məmmədov bildirib ki, mərhum Əzizulla onun qardaşı olub. Qardaşının əvvəllər ayrı-ayrı vaxtlarda 3 dəfə məhkumluq həyatı olduğunu deyən Eynulla Məmmədov bildirib ki, sonuncu dəfə qardaşı 4,6 ay həbsxana həyatı yaşayıb.
O, qardaşının tərif ediləcək insan olmadığını söyləyib: “Qardaşım o qədər də tərifli insan deyildi. Yaxşı və pis cəhətləri var idi. İçməyəndə yaxşı olurdu, içəndə üzünü görmək olmurdu. İçki içəndə özünü apara bilmirdi. İçki onun ailəsini dağıtdı. Qardaşımın ailəsi Rusiyaya köçdü”.
Eynulla Məmmədov qeyd edib ki, baş verən qətl hadisəsini şahidi olmayıb: “Hadisə baş verən gün polislər gəldilər, bildirdilər ki, Əzizullanı öldürüblər. Hadisədən sonra bildim ki, İmran və Sadiq qardaşımı öldürüb. Hadisədən 2-3 ay əvvəl İmran yanıma gəlmişdi, deyirdi ki, Əzizulla onu incidir. Mən qardaşıma bir söz deyə bilməzdim. Bu şəxslərin də ailələri ilə hər hansı bir düşmənçiliyimiz yoxdur. Təqsirləndirilən şəxslərdən də şikayətçi deyiləm. Qanunla nəzərdə tutulmuş qaydada cəzalarını almasını istəyirəm”.
Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.
Qeyd edək ki, hadisə bu il iyunun 23-də Qusar rayonunun Kuzunqışlaq kəndində baş verib. Əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.(musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar