Xəbər lenti
Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olan Kamal Akimoviç Akimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimovun ifadə verib, o, ittiham üzrə özünü təqsirli bilməyib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsrtintaqın qənaətinə görə Kamal Akimov Azər Əsgərovdan hədə-qorxu ilə pul tələb edib.
“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollarla razılaşıblar.
Amma Kamal Akimov özünü qətiyyən təqsirli bilmir. Əksinə, şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, hələ 10 il öncə – 2012-ci ildə Azər Əsgərovun rəhbərlik etdiyi “Azimport” şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.
Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Kamal Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb: “Bu pulun da 500 minini 2 il ərzində hissə-hissə ödədi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?”Kamal Akimovun vəkili deyir ki, müvəkkili əmlakına görə qalan pulunu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü barəsində cinayət işi başlayıb. Vəkil deyib ki, bu nəinki Azərbaycan, dünya hüquq tarixində belə şey olmayıb. Vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş barəsində cinayət işi başlayır!
Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Kamal Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyir:
“2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”. Azər Əsgərov iddia edir ki, Kamal Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər belədirsə, o zaman niyə bu illər ərzində Kamal Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Cavabında o “ürəyim belə istəyib, belə də eləmişəm” deyib.Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.
Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodunu da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub. “Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtı ilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib. Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda – Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub. Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kamal Akimoviç Akimov barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.Musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar