"Son zamanlar Rusiya ordusunun döyüş fəaliyyəti daxili media məkanını qələbə təəssüratı ilə doldurmaq üçün nəzərdə tutulur".Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.
O bildirib ki, Soledara basqın zamanı Rusiya ordusu tərəfindən xeyli sayda insan qətlə yetirildi:
"Rusiya qoşunlarının Donetskin Soledar yaşayış məntəqəsinin mərkəzinə nəzarəti ələ keçirməsi ilə bağlı aşağıdakılara nəzər yetirmək lazımdır:
✔️ İstənilən hücumun məqsədi düşmənin müdafiəsinin sabitliyini pozmaqdır. Birinci Dünya Müharibəsi illərində olduğu kimi, müdafiəni yavaş-yavaş geri "itələmək" ordunun sabitliyini pozmur, sadəcə cəbhə xətti öz konfiqurasiyasını dəyişərək sabit qalır. Elə buna görə də, Birinci Dünya Müharibəsinin mənasız döyüşlərinin təcrübəsi əsasında "dərin sıçrayış" nəzəriyyəsi yaradıldı.
Kritik müdafiə nöqtəsini (Soledar) götürdükdən sonra dərinlikdə sürətli irəliləyiş müdafiə sıçrayışının göstəricisi kimi də qəbul edilə bilər. Əgər yaxın gələcəkdə Rusiya tərəfindən belə bir hücumlar olmasa, onda hər hansı bir sıçrayışdan danışmaq yersizdir.
Eyni zamanda cəbhənin bu sektorunda Rusiya ordusunun sabit əməliyyat planı qarşısında Ukrayna ordusunun aşağı döyüş hazırlığı nümayiş etdirdiyini də vurğulaya bilərik. Bəzi məlumatlara görə, bu da səfərbərlikdən orduya döyüşlərə cəlb edilənlərin sayının çox olması ilə əlaqədardır.
Soledara basqın zamanı Rusiya hərbi qüvvələri tərəfindən nə qədər insan qətlə yetirildi, biz dəqiq rəqəmləri bilmirik, onları heç kim heç bir statistikada dəqiqliklə qeyd edə bilməyib. Cəbhə xəttində mülki atəşkəs olacağı gözlənilsə də, bu dəqiqəyə kimi o da baş tutmayıb, döyüşlər davam edir".