Xəbər lenti
Oğlu yaşında əsgər onu zorladı, qonşusu gözünün qarşısında… – DƏHŞƏTLİ GECƏNİN ANBAAN TƏSVİRİ
Müharibənin (xüsusilə qadınlar üçün) necə dəhşətli olduğunu anlamaq üçün ukraynalı Viktoriya Martsinyukun yaşadıqlarını dinləmək kifayətdir. Əslində, Martsinyuk başına gələnləri danışmağa o qədər də həvəsli deyil. Çox vaxt baş verənlər barədə düşünmək belə istəmir. O, yalnız gildən heykəllər düzəldəndə olanları yadına salır.
The Telegraph" qəzetində müharibənin ən dəhşətli üzündən bəhs edən yazı dərc olunub.
Viktoriya təcavüzdən 1 ay sonra…
Yazıda qeyd olunub ki, 42 yaşlı Viktoriyanın iki övladı var. O, fevralın son həftəsinə – Rusiyanın hücumuna qədər Kiyevdən 60 kilometr kənarda yerləşən Borodyanka kəndində sadə həyat sürüb.
Mart gecəsi onun həyatı kədərli şəkildə dəyişib.
Həmin gecə 19 yaşlı rus əsgəri Viktoriyanı zorlayıb. Ancaq bu onun yaşadığı yeganə travma deyil. Viktoriya Martsinyukun bir qonşusu da rus əsgərləri tərəfindən cinsi təcavüzə məruz qalıb və əsgərlər həmin qadının ərini Martsinyukun gözləri qarşısında yaxın məsafədən atəş açaraq öldürüblər.
Viktoriyanın yaşadığı dəhşətli hadisələrdən sonra aldığı müalicənin bütün xərcləri Ukrayna hökuməti tərəfindən qarşılanır.
"Müharibədən bir gün əvvəl terapiyaya gedəcəyimi desəydilər, gülərdim. Müalicə sayəsində özümü bir az yaxşı hiss edirəm. Ukrayna qalib gələndə özümü daha da yaxşı hiss edəcəm" – qadın "The Telegraph"a deyib.
"DEDİLƏR, ARVADIN BİZİMLƏ GƏLƏCƏK…"
Viktoriya Martsinyuk bildirib ki, martın 8-dən 9-na keçən gecə elektrik kəsildiyi üçün hava soyuq və qaranlıq olub. Evin yeganə isti yeri olan mətbəxdə əri Vitalinin yanında yerə uzanıb yuxuya getmək istəyəndə qapı döyülüb. Qapını açan qadın qarşısında üç rus əsgəri görüb – komandir Saşa və gənc sıravi əsgərlər Oleq və Danya. Onlar evə daxil olub, mobil telefonları və noutbukları müsadirə ediblər.
Əsgərlər Viktoriyaya: "Sən gəlib başqa qadınları tapmaqda bizə kömək edəcəksən. Əks halda, ərini Rusiya qərargahına aparacağıq" – deyiblər.
"Əsgərlərin spirtli içki qəbul etdiyi aydın görünündü. Bu, vəziyyəti daha da qorxulu edirdi" – Viktoriya qəzetə bildirib.
Onlar qadını ev-ev gəzdirib, hər qapını döyüb içəridə kim olduğunu soruşublar. Qapılardan birini bir kişi açıb.
Rus əsgərlər kişiyə: "Arvadın bizimlə gələcək" – deyiblər. Lakin öz aralarında bir az söhbət etdikdən sonra qorxmuş qadını buraxmaq qərarına gəliblər.
Əsgərlərin ən kiçiyi olan Danya Viktoriyanı paltosundan tutub sürüyərək evlərin qapısına tərəf çəkməyə davam edib. Qadın qorxudan özünü iflic olmuş kimi hiss edib.
Bir vaxt əsgərlər öz aralarında mübahisə etməyə başlayıblar, sonra komandir gedib və Viktoriya gənclərlə tək qalıb. Dəhşətli hadisə bundan sonra başlayıb…
Onlar qapıları döyməyə davam ediblər.
"Nəhayət, bir kişi qapını açdı. Əsgərlər kişiyə dedilər ki, geri dur, qadınını alacağıq. O etiraz edəndə kişini gözlərimin önündə güllələyib öldürdülər və arvadını götürdülər", – Viktoriya dəhşətli hadisəni təsvir edib.
"SƏNİN YAŞINDA OĞLUM VAR…"
Əsgərlər qadınları tərk edilmiş bir evə aparıb və sındırılmış pəncərədən içəri girməyə məcbur ediblər. Viktoriya içəri girməkdən imtina etdikdə Danya onu itələməyə və söyməyə başlayıb.
Oleq adlı əsgər o biri qadını ikinci mərtəbəyə qaldırıb. Viktoriya Danya ilə tək qalıb və ona yalvarıb ki, təcavüz etməsin. Yaşının neçə olduğunu soruşub, "19" cavabını alanda "mən sənin anan yaşındayam. Mənim də sənin yaşında bir oğlum var" deyib.
Danya Viktoriyanı zorladıqdan sonra onu hədələyib: "Əgər dediklərimi etməsən, səni qərargaha aparacam və sən orada bütün əsgərlərə xidmət göstərəcəksən".
Sonra Danya Oleqi axtarmaq üçün otaqdan çıxdıqda Viktoriya şansını sınamaq qərarına gəlib və var gücünü toplayaraq evdən qaçıb. O, küçələrdə dəli kimi qaçıb, ərinin adını qışqırıb.
Sonra bir qonşunun qapısını döyüb. Qapını açan qadın Viktoriyanı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Yenidən küçəyə çıxan və rusların onu öldürəcəyindən qorxan Viktoriya evinə gəlib çıxa bilib.
Qapıdan içəri girəndə əri Vitalinin pıçıldayaraq onu çağırdığını və evin damında gizləndiyini görüb, gedib ərinin yanına sığınıb. Qorxu içində olan ər-arvad ertəsi gün günəş çıxana qədər paslı dəmir barmaqlıqların üstündə uzanıb rus əsgərlərinin geri qayıtmasını gözləyiblər.
"PİS YUXU KİMİ İDİ…"
Viktoriya aldığı müalicələrdən sonra…
O dəhşətli gecənin üzərindən 5 aya yaxın vaxt keçib. Bu müddət ərzində həyat davam edib. Rus işğalından sağ çıxan Viktoriya, onun ailəsi və Borodyankada yaşayan hər kəs yavaş-yavaş toparlanmağa başlayıb.
Viktoriyanın yaxşılaşması saç düzümündən tutmuş çəkdiyi dırnaq boyasına, geyindiyi paltara qədər hər şeydə özünü göstərir.
"Baş verənlər pis yuxu kimi idi" deyən Viktoriya Martsinyuk rus əsgərlərinin törətdiyi hərbi cinayətləri qeydə alan Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları ilə görüşüb. Viktoriya qeyd edib ki, qonşu kişinin gözləri önündə öldürülməsi onun travmasını artırıb.
O, ifadə verməkdə çətinlik çəkdiyini bildirib:
"Mənə təcavüz edən şəxsin üzünü xatırlamıram. Hava qaranlıq idi. Sadəcə bilirəm ki, o, məndən bir az hündür idi".
"Heykəl düzəltməyi sevirəm. Bu məni sakitləşdirir, mənə yaxşı təsir edir", – deyən qadın heykəltaraşlıqla məşğul olmaqla yanaşı, toyuq və ördək saxladığını, kartof, kök və qarğıdalı yetişdirdiyini bildirib.
Müharibədən əvvəl çalışdığı dəyirman Rusiyanın hava hücumları nəticəsində dağıdıldığı üçün indi işləyə bilmir, lakin yaxşı maaşlı iş tapmaq istəyir.
Viktoriya sonda terapiyanın onun üçün faydalarından danışıb:
"Mən qorxunu dəf etdim. Amma yaxınlıqda partlayış olanda, raket düşəndə, ordu minanı təmizləyəndə qorxuram. Mən bir çox cəhətdən dəyişmişəm. Müharibədən əvvəl kimsə mənə qarşı kobudluq etsəydi, susardım. İndi kimsə kobud söz deyəndə cavabını verirəm. Ən önəmlisi isə keçmişi düşünməməyə çalışıram. Gələcək haqqında düşünmək və bu anı yaşamaq istəyirəm. Özümü daha güclü hiss edirəm. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar