Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhidlik kürsüsünün kandarından edilən zəng

Tarix: 24-03-2022 10:58     Baxış: 3537 A- / A+
(Etibar Nəcəfovun qəhrəmanlıq dastanı)

Mehman kişi isti ocağından didərgin düşəndə ömrünün çal-çağırlı vaxtı idi. Doğulub boya-başa çatdığı Şeylanlının gur meşələrində, eniş-yoxuşlu dağ yollarında o qədər at yormuşdu ki...
Buz bulaqlar başında ov quşlarından kabab çəkmiş, yoldan keçənləri dəfələrlə qonaq eləmişdi. Amma amansız zaman gülməmişdi üzünə. Düşmənin məkri, hiyləsi hər kəs kimi onu da didərgin salmışdı isti ocağından. Beləcə, pənah gətirmişdi Ağcabədiyə... 
Nəcəfovlar ailəsi Ağcabədiyə pənah gətirəndən bir qədər sonra  - 1998-ci ildə Etibar Ağcabədinin Aran kəndində dünyaya göz açdı. Orta təhsilini də doğulduğu kənddə başa vurdu. Hələ uşaqlıqdan idmana böyük marağı olan Etibar karate və kinqboks üzrə dəfələrlə yarışların qalibi oldu.
2015-ci ildə həqiqi hərbi xidmətə çağrılan Etibar Gədəbəyin qarlı aşırımlarında əsgəri borcunu yerinə yetirməklə yanaşı, kəşfiyyatın sirlərinə yiyələnmiş və göstərdiyi nümunəvi xidmətə görə dəfələrlə Fəxri Fərmanla təltif olunmuşdu.
Etibar 27 sentyabr 2020-ci tarixində başlayan antiterror əməliyyatlarında iştirak etmək üçün dəfələrlə səfərbərlik idarəsinə müraciət eləsə də, cavab onu qane etməmişdi. Amma yenə də qətiyyət və israrla döyüşə hazır olduğunu bildirmiş, hətta dizlərini yerə qoyub uca Rəbbinə yalvarmışdı. Nəhayət,  oktyabrın 1-də döyüşə yollanan Laçın oğulları arasında Şahgündüz, Samurat, Arzuman və Etibar da vardı. Sanki toya-bayrama gedirdilər. 
-Olduqca çox çətin günlər idi. Amma dövlətimizin bütövlüyü, xalqımızın birliyi uğrunda savaş gedirsə, hər kəs bir nəfər kimi hazır olmalıdır - həm öldürməyə, həm də ölməyə. O gün biz müqəddəs bir amal uğrunda yola çıxdıq, çünki 30 ilə yaxın bir müddətdə torpaqlarımız düşmən tapdağında idi. Bir qarış torpağı düşmənə verə bilməzdik, həm də ona görə ki, bu torpaq baba yadigarımız – ulularımızın bizə mirasıdır. Mirası ən azından olduğu kimi gələcək nəsillərə ötürməliyik, - dedi Arzuman. 
Müharibənin ən pis tərəfi odur ki, həm də insan itkisi ilə nəticələnir. Tanıdığın, yaxud tanımadığın neçə-neçə cəngavər oğulları itirirsən, neçə-neçə əli xınalı qızların, qardaş yolu gözləyən bacıların, oğul həsrəti ilə çırpınan ata və anaların ümidləri sönür. Arxa-dayaq sandığın ər igidlərin itkisi insanın ruhunu silkələyir. Az öncə düşmənə qan udduran azman oğul bir an içində həyatla vidalaşmalı olur. Elə bil güllələr də amansızlaşır, doğma, yaxın, dost, tanış demədən qarşısına çıxanı yaxalamaq üçün fürsət, məqam gözləyir. 
Arzuman amansız savaşın silinməz səhifələrini vərəqləmək üçün yaddaşına söykəndi. Amma güvəndiyi yaddaş ona bələdçilik edəcəkdimi, tərəddüd elədi Arzuman. Çünki döyüşlərdə aldığı zədələr hələ də onu narahat edirdi.  
İlk günə – Etibarı tanıdığım günə dönmək istəyirəm. O gün Laçının səfərbərlik idarəsinə yığışmışdıq. Hər kəs könüllü gəlmişdi. Siyahıya yazılmaq üçün hamı önə atılırdı. Təsadüfən Etibarla yanbayan idik. İnsanı tanımaq çətin olsa da, baxışlardakı mənanı oxumaq qismən mümkündür. Səmimi söhbətimizdən onun kim və nəyə qadir olduğunu anlamışdım. 
Oktyabrın birində üç avtobusla Ağcabədiyə yola düşdük. Baxmayaraq ki, heç bir döyüşdə iştirak etməmişdik. Amma hər kəs böyük ruh yüksəkliyi ilə döyüşə can atırdı. Lazımi silah-sursatla təmin olunduqdan bir gün sonra Füzuli istiqamətində irəlilədik. O zaman ağır döyüşlər davam edirdi. Fikirləşirdik ki, əlimizi, ayağımızı, gözümüzü, yaxud bədənimizin bir parçasını itirə bilərik, bəlkə də tam tərsinə, şəhid ola bilərik. Bütün bunlara baxmayaraq, içimizdəki inam bizi daha da cəsarətləndirir, irəli səsləyirdi.
İnsanın söykəndiyi, tapındığı, sığındığı İlahi bir güc var. İnamı və imanı olan hər kəs o güclə silahlanır. O silah isə insanı ölümsüz edir, həm də düşmənə nifrət və torpağa sevgi ilə qidalanır o güc. O gün döyüşə yollanan oğullar da o gücdən ilhamlanaraq kabus kimi çökəcəkdilər düşmənin üzərinə.

Arzuman Vəliyev, Samurat İbrahimov və Etibar Nəcəfov döyüşə başladığı gündən bir-birinə elə bağlanmışdı ki, hər əməliyyata birgə gedər, bir-birindən ayrılmazdılar. Hər kəs onları adı ilə yox “Laçınlı” deyə çağırardı. Bir gün Samurat komandirinə yaxınlaşıb rica etdi. “Komandir, döyüş neçə-neçə canlara qıyır. Ölü sayı artdıqca ola bilər ki, kimdəsə ruh düşkünlüyü yaratsın.” İbrahimov sözünü bitirməmiş komandir dilləndi:
-Nə demək istəyirsən, Laçınlı, deyəsən gözünü qorxudub düşmən artilleriyası?
-Əsla, mümkün deyil, komandir! 
-Bəs fikrin nədir?
-Komandir, düşünürəm ki, müharibənin xofu kimisə... 
Komadir yenə də İbrahimovun sözünü kəsdi.
-İbrahimov, döyüşə hələ yenicə başlayırıq, sən xofdan danışırsan.
-Komandir, imkan verin sözümü tamamlayım, onda nə demək istədiyimi hər kəs biləcək.
-Buyur!
-Komandir, elə döyüşə yenicə başladığımız üçün ola bilər ki, kiminsə içində xof, vahimə olsun. Bu da təbii haldır. Həm də içimizdə evli olanlar var (baxmayaraq ki, özü də evli idi). Bütün bunları nəzərə alıb əməliyyatlara, çətin tapşırıqlara öncə bzi - biz üçümüzü göndərin! İnanın ki, ümidlərinizi doğruldacağıq! 
Komandir gülümsündü.
-Sizin zamanınız gələcək. Odur ki, səbirli olun!
İbrahimov israr etdi.
Komandir tövrünü pozmadan: 
-Oldu, anladım sizi, siz önə getmək istəyirsiniz, mən də göndərirəm, ancaq önə deyil, arxaya – evinizə. 
İbrahimov susmağı üstün tutdu.

***
Füzuli uğrunda amansız döyüş gedirdi. Düşmən illərdən bəri qurub-yaratdığı “Ohanyan xətti”nə sığınıb hədəflərimizi vurmağa çalışır, ordumuz isə var gücü ilə düşmənin üzərinə yeriyirdi. Hər iki tərəfdən xeyli sayda itki olsa da, kimsə geri çəkilmirdi. Amma dostların da daxil olduğu bölük Cəbrayıl istiqamətində irəliləməyə cəhd edən silahlıların qarşısına sipər çəkməyi bacardı. O gün düşmənin itkilərini saymaq mümkün deyildi. Ərazidə baramaqla sayılmayacaq qədər də ağır texnika qalmışdı.
Əslində, düşmən təsəvvürünə gətirə bilmirdi ki, Azərbaycan ordusu bu qədər silah-sursata və peşəkar orduya malikdir. Bəlkə də hələ 1993-cü illərin ordusu ilə müqayisə edirdilər ordumuzu.
***
...Yerlə bir edilmiş Cəbrayıl şəhəri... Bu isə yayın cırhacırında, günəşin başçatladan vaxtında bir qurtum üçün hər kəsin üz tutduğu “Dostlar bulağı”... Yaxşı ki dağıtmayıblar erməni vandalları. Bəlkə də istifadə etdikləri üçün toxunmayıblar bərəkət qaynağına. 
Əsgərlər əllərini yuyub ovuc-ovuc su içdilər acgözlüklə. Axı neçə illər idi ki, dağlar, dərələr, çəmənlər, daşlar, qayalar, meşələr, bulaqlar həsrət idi doğma balasına. Balalar da ana sandığı Vətən torpağına qovuşmaq üçün bu günü gözləyirdi  illərdən bəri. Sanki yar yarına qovuşduğu gün idi o gün. Gözlərdəki gülüş, dodaqlardakı təbəssüm ətir kimi çilənirdi hər tərəfə. Sanki torpaq da sevinirdi ayaqlar altda.
 “Bu sudan Qələbə tamı gəlir”, yarızarafat, yarıgerçək kimsə dilləndi. “Görürsən ki, qələbəyə doğru gedirik, əlbəttə ki, suyun da, havanın da, torpağın da qoxusunda qələbəni dadacağıq, hətta quşların çikkiltisi, bulaqların zümzüməsi də qələbə marşıdır”- cavabsız qalmadı Etibar.
Artıq bölük strateji bir nöqtədə - düşmənlə əhatə olunan bir yüksəklikdə mövqelənmişdi. Yüksəkliyə gedən yeganə yol isə düşmənin hədəfində idi. Ona görə də nə ərzaq, nə də sursat təminatı mümkün deyildi. Bütün bu çətinliklərə baxmayaraq, düşmənin mövqeyini təyin edən cəngavərlər canlı qüvvəni bir-bir sıradan çıxarır, irəliləməyə imkan vermirdi. Yüngül çaplı silahlarla silahlanmış bölük neçə-neçə ağır texnikanın məhv edilməsində əsl qəhrəmanlıq göstərdi. Etibar Nəcəfovun igidliyi bu dəfə də komandanlığın diqqətini çəkdi.
 Qorxubilməz oğul idi Etibar. Təpədən-dırnağadək düşmənə nifrətlə silahlanmışdı. Yalnız öldürmək, məhv etmək, aman verməmək, bir sözlə, qisas hissi ilə yoğrulmuşdu mayası. Çünki illər öncə mənfur düşmən onun ailəsini də didərgin salmışdı isti ocağından. Min bir əziyyətlə həddi-büluğa çatsa da, yurda sevgi, torpağa məhəbbətlə böyümüşdü. Ona görə də döyüşlərdə yalnız irəli atılır, daha çox yaraqlını öldürməyə çalışırdı. Biz həm öldürməyə, həm də ölməyə gəlmişik, - deyirdi Etibar.
Cəbrayılda itki verən düşmən geri çəkilməyə məcbur oldu. Digər toqquşmalarda olduğu kimi yenə də saysız-hesabsız itki vermişdilər. Hətta ağır texnikaları atıb qaçırdılar. Etibar mövqe seçdiyi ağaca söykənib qaçanları bir-bir “dənləyirdi”. Üzünə təbəssüm qonmuşdu. Keyfi yerində idi deyəsən. Onun bu halı Samuratın nəzərindən qaçmadı. 
-Nə olub, Etibar, yanağında güllər açıb?!
-Əlimdə güllələr açılanda, yanağımda da güllər açacaq da. Görmürsən o qaçanları?
-Görürəm, bu alçaqları bundan da betər qovmaq lazımdır, özü də birdəfəlik.
-Bu sürətlə qaçsalar, İrəvanda da dayana bilməyəcəklər. Amma məni düşündürən odur ki, niyə piyada qaçırlar. Ora bax (barmağı ilə işarə edir), tank, ZTR, yük maşını, mikroavtobus, o biri tərəfdə də eyni ilə... Güllə səsi eşidən kimi hamısı maşından düşüb qaçır, axı maşınla qaçsalar daha tez çatarlar, elə deyilmi?! Mən ona görə gülürəm bayaqdan.
-Qorxu güclü silahdır, onunla davranmağı bacarmayan ya təslim olmalı, ya da qaçıb qurtarmalıdır o qaçanlar kimi. Samurat qolunu Etibarın boynuna saldı. “Az qalıb, qardaş, Laçına yaxınlaşırıq” demək istəyirdi ki, yaxınlıqda mərmi partladı. Yoxsa xəyal qanadlarında Laçını qarış-qarış gəzəcəkdilər.
Maraqlı idi ki, cəsur oğullar yaralıları və şəhidləri çiyinlərinə alıb düşmənin üzərinə yeriyirdi. Yeni azad olunan torpaqlara şəhidlər əsgərlərlə bərabər ayaq basırdı. Düşmən isə nəinki ölülərini, hətta yaralılarını atıb qaçmaqda idi. 
Cəbrayılın kəndləri uğrunda döyş xeyli şiddətlənmişdi Ağır texnika hədəfləri darmadağın edib irəlilədikcə, üç dostun da daxil olduğu bölük pərakəndə düşən silahlılarını təmizləməklə məşğul idi.
Arzuman canı qədər sevdiyi, etibar elədiyi, güvəndiyi Etibarlı günlərə dönməyə çalışdı:
-Cəbrayılda “Vışka” deyilən bir yüksəklik vardı. Oranı azad etmək üçün xüsusi əməliyyat hazırlanmışdı. Fərqli cinahlardan hücuma keçib düşməni mühasirəyə salacaqdıq. Döyüş yenicə başlamışdı ki, düşmənin qırıcıları havaya qalxdı. Təəssüf ki, onu vura biləcək silahımız yox idi. Etibar avtomatını götürüb qırıcıları atəşə tutdu. Amma nə fayda, hər tərəfi bombalayan qırıcılar bir anda gözdən itdilər. 
Komandir: “dəli olmusan, avtomatla neyləyə bilərsən, niyə özünü ölümün qucağına atırsan?!” əsəbləşdi. 
-Qoy deməsinlər ki, qorxub gizləndilər, görsünlər ki, təyyarənin qabağına avtomatla çıxan oğullar var – Etibar zarafata saldı. 
İki gün çəkən şiddətli döyüşdən sonra “Vışka” yüksəkliyini ələ keçirə bildik. O gün leş-leşə söykənmişdi, cəsədlərin bolluğundan bəzi yerlərdə addım atmaq mümkün olmurdu. Xeyli silah-sursat qənimət olaraq ələ keçirmişdik. Hətta qənimət silahlarla düşmənin özünü vururduq. Bu minvalla yüksəklikdə mövqe qurduq. Artıq hər tərəf apaydın, ovuc içi kimi görünürdü. Buradan o tərəfə Qubadlıya yol salmalı idik, çünki yüksəkliyin təmizlənməsi ilə bütün Cəbrayıl ərazisi azadlığa qovuşurdu.
Ordu birləşmələri Hadrut (Ağoğlan) istiqamətində irəliləməkdə idi. Çünki Şuşaya gedən yol məhz oradan keçirdi. Hər zaman quldur yuvası kimi fəaliyyət göstərən qəsəbənin erməni sakinləri 1992-94-cü illərdə də silahsız kənd camaatına divan tutmuş, qonşu kəndlərin oda qalanmasında əsl “qəhrəmanlıq” göstərmişdilər. Odur ki, həmin quldur yuvasını darmadağın etmək üçün ordu birlikləri Hadrutu mühasirəyə aldı. Arzumanın, Samuratın və Etibarın da daxil olduğu bölük isə qəsəbənin ətrafındakı kəndlərin təmizlənməsi ilə məşğul oldu. Qısa zamanda ərazini silahlılardan azad eləyən bölük Qubadlı ərazisinə daxil oldu. Artıq nöbəti hədəf Laçın idi. O da məlum idi ki, düşmən məhz Laçında güclü dirəniş göstərəcək, çünki oradan o tərəfə qaçacaqları yer yox idi.
Arzuman Vəliyev Qubadlıda baş verənləri danışmağa cəhd etsə də, xəyalı onu uzaqlara – Laçına apardı. Qəhərə bələnən kəlmələr boğazına tıxandı. Nitqi quruduğu üçün yanağı da allandı, sanki Laçın havası vurmuşdu. Handan-hana dillənsə də, söhbətə haradan başlayacağını da unutdu. Həm də ona görə ki, danışacağı hadisə ruhuna toxunurdu.
-Əmr gəldi ki, Qubadlı şəhəri azad olmalıdır. O gün yer-göy lərzəyə gəldi. Tankların, topların gurultusundan qulaq tutulurdu, pulemyot kəklik kimi qaqqıldayırdı, şahinlərimiz havadan od yağdırırdı düşmənin başına. Bütün növ silahlar işə düşmşdü o gün. Düşmən yağan mərmilərdən baş götürüb qaçmaq üçün fürsət axtarırdı. Amma bütün yollar əvvəlcədən bağlandığı üçün qaçanlara da aman verilmirdi. Hətta Gorus-Qafan istiqamətində geri çəkilənlər də ağır texnikanı meydanda buraxmağa məcbur olurdu. 
Oktyabrın 19-u idi. Ermənilərdən qənimət götürülən tank PDM, ZTR və digər iri çaplı silahlar özlərinə qənim kəsilmişdi.
Arzuman az öncə yarımçıq qalmş fikrini tamamlamağa çalışdı:
-Qənimət götürdüyümüz PDM-lə Həkəri çayını keçirdik. Başda Etibar, sonra Samurat, qapının ağzında isə mən əyləşmişdim. PDM köhnə olduğu üçün qapı yaxşı işləmirdi. Həm də atdığımız mərmilərin təsirindən dəlmə-deşik olmuş, həm də əyilmişdi. Gərək bir neçə dəfə təkan verməli idik ki, qapı açılsın. Qarşıdakı dağları keçəndən sonra artıq düzənlik başlayırdı. Elə yenicə düzənliyə çıxmışdıq ki, qarşıda partlayış baş verdi. Deməli, hədəfdə idik. Artıq irəliləyə bilməzdik. Ona görə də komandanlıq əmr etdi ki, yüksəkliyə piyada çıxaq. Bir yandan da erməni qırıcıları havadan mərmi yağdırır, toz dumanı hər yanı bürüdüyü üçün göz-gözü görmür. Bəlkə də dağların dili olsaydı, nalə çəkərdi. O dərəcədə dəhşətli idi. Bir yandan da qapı açılmır ki, açılmır. Handan-hana birtəhər təpikləyib açdıq qapını. Zirvəyə çıxmaq üçün dolama yollarla irəliləməli olduq. Qarşıdakı təpədə - düşmənin 100-150 metrliyində mövqe seçdik. Döyüş getdikcə şiddətlənirdi. 
Günorta radləri idi. Qatı duman çökmüşdü hər tərəfə. Necə deyərlər, göz-gözü görmürdü. Atılan güllələr də pərakəndə halda səpələnirdi.  Elə bu an qarşı tərəfdən maşın səsi eşidildi. Hər kəs eyni anda həmin istiqaməti atəşə tutdu. Yalnız duman çəkiləndən sonra məlum oldu ki, düşmənin sursat dolu maşını hədəfə tuş gəlib, sürücü əsgər və digər silahdaşı da məhv edilib.
Döyüş davam edirdi. İstiqaməti təyin etmək üçün duman mane olsa da, təxmini hədəflərin əksəriyyəti gülləyə tuş gəlirdi. İndi o günləri düşünəndə adamın vücudu gizildəyir. Çünki dəfələrlə qulağımın dibində güllə vıyıltısını hiss etmişəm. Amma əksəriyyəti məndən, eləcə də silahdaşlarımdan yan keçib. Yəqin ki, qoruyucu mələyimiz bizi bu ana torpağa, yaxud da valideynlərimizə bağışlayıb. Təəssüf ki, o güllələrdən qurtula bilməyənlər də az deyildi.
Samuratla Etibar yanbayan uzanmışdı. Ətrafa səpilən mərmilərin atış trayektoriyasını təxmini də olsa təyin edib atəşə tuturdular. 
-Bir az aralı dur, silahdan çıxan gilizlər mənə dəyir, - Etibar üzünü Samurata tutdu.
-Pahatonnan, o boyda düşmən mərmisindən qorxmayan oğul, boş gilizlə narahat olur. Bir az da səbirli ol, indi hücuma keçirik, - Samurat zarafatından qalmadı.
Yenə də saysız cəsədlər qalmışdı döyüş meydanında. Silah-sursat və ağır texnika da az deyildi. 
19 oktyabr 2020-ci il. Telefon zəng çaldı. Ana hövlank ayağa qalxıb dəstəyi götürdü, bilirdi ki, oğlu zəng edəcək. Bəli o idi - Etibar. Halallıq almaq üçün zəng eləmişdi. Bilirdi ki, amansız savaşın dönüşü olmaya bilər, ona görə də hər kəsdən halallıq istəmişdi o gün. Ana özünü toxtaq tutaraq, “Ay oğul, qarşıda hələ neçə-neçə toyumuz var, hələ sənin üçün bir qapıya elçi düşməmişik, hələ qulluğumda gəlin durmayıb” demək istəsə də, bacarmadı. Amma ürək dolusu halallıq verdi oğluna. Hər kəsin güvəndiyi, etibar etdiyi Etibar bir gün sonra o ali məqama ucaldı. Qəhrəmanlıq tarixi yaza-yaza...

O gün oktyabrın 20-si idi. Ən dəhşətli və amansız bir gün... O gün həm də ona görə dəhşətli idi ki, düşmən mərmisi Etibar kimi cəsur, qorxmaz, mərd, azman bir oğulu əlimizdən almış, Samurat isə ağır yaralanaraq ölümlə əlbəyaxa olmuşdu. Amma vaxt tamam deyilmiş, ölümə can vermədi Samurat. Yaralandığı gün həm də övladı göz açmışdı dünyaya, bəlkə də uca Rəbbimiz onu övladına bağışlamışdı.   
Beləcə, sədaqəti və etibarı ilə silahdaşları arasında böyük hörmət qazanan Etibar Mehman oğlu Nəcəfov göstərdiyi rəşadətə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olundu.

Ötətxan ELTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar