Xəbər lenti
Kəlbəcərin iki kəndinin sakinləri Prezident İlham Əliyevə müraciət etdi - SƏBƏB
Kəlbəcər rayonunun Çovdar və Şahkərəm kəndlərinin sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etdi!
Onlar birləşdiriləcək kəndlərin siyahısına sakini olduqları kəndlərin də adının salınmasını istəmirlər və fikirlərini aşağıdakı müraciətdə dövlət başçısının nəzərinə çatdırırlar.
Manevr.az sözügedən müraciəti təqdim edir:
“Möhtərəm cənab Prezident!
Ali Baş Komandan olaraq Sizin birbaşa rəhbərliyiniz altında şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfər harada yaşamağından, sosial mənşəyindən, yaşından asılı olmayaraq özünü azərbaycanlı sayan hər bir şəxsin, eləcə də bizə qardaş və dost olan digər ölkələrin vətəndaşlarının qəlbini böyük fərəh hissi ilə doldurdu. 30 ilə yaxın müddətdə Ermənistanın apardığı təcavüzkarlıq siyasətinə son qoydu, tarixi yurd yerlərimiz işğaldan azad edildi.
Bizə məlumdur ki, işğal dövründə ermənilərin həyata keçirdiyi görünməmiş vəhşilik, talançılıq nəticəsində həmin ərazilərin flora və faunası ciddi zərər görüb, tarixi abidələr vandallığa məruz qalıb. Vaxtilə zəhmətkeş insanlarımızın min bir əziyyətlə qurub- yaratdlqları ev-eşik, təsərrüfat obyektləri yağmalanıb, yerlə yeksan edilib. Buna görə də hazırda dövlətimiz və xalqımız qarşısında uzun və zəhmətli bərpa prosesi durur. Şübhə etmirik ki, Sizin başçılığınız altında dövlətimiz bütün sahələrdə olduğu kimi, bu işlərin də öhdəsindən layiqincə gələcəkdir. Azad edilmiş ərazilərimizdə aparılan geniş quruculuq və bərpa işləri bunu bir daha təsdiq edir. Mənfur düşmənin xarabalığa çevirdiyi, dağıtdığı şəhər və qəsəbələrimiz, kəndlərimiz bu gün böyük tikinti meydançasına çevrilib. Həmin yerlərdə yeni və müasir yol-nəqliyyat infrasrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa olunur, yeni yarımstansiyalar inşa olunur. Çətin dağ relyefinə malik Kəlbəcər rayonuna Murovdağ silsiləsindən keçməklə Cənubi Qafqazda ən uzun tunel xətti ilə geniş zolaqlı yol çəkilir. Bütün bunlar bizi sevindirir və ən qısa müddətdə doğma yurda qayıda biləcəyimizə olan ümidlərimizi artırır. Bildiyimiz kimi, bütün bu işlər işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzrə infrastrukturların yenidən qurulmasına dair layihələr çərçivəsində aparılır.
Qeyd olunan layihə ilə tanış olduqdan sonra onun bizim kəndlərlə bağlı hissəsinə dair təklif və qeydlərimizi Sizə çatdırmaqla, onları mümkün qədər nəzərə almağınızı xahiş edirik. Belə ki, ilkin layihəyə əsasən, Kəlbəcər rayonunun kiçik kəndlərinin birləşdirilməsi nəzərdə tutulur. Rayonumuzun yalnız 58 yaşayış məntəqəsinin, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kəndinin yenidən qurulması, 68 kiçik kəndin isə digər iri yaşayış məntəqələrinə birləşdirilməsi planlaşdırılır. Bu layihəyə əsasən, bizim ata-baba yurdumuz olan Şahkərəm və Çovdar kəndlərinin qonşu Xallanlı kəndi ilə birləşdirilməsi nəzərdə tutulur. Xallanlı kəndinin yerləşdiyi əraziyə yaxşı bələd olan adamlar kimi qeyd edirik ki, 3-4 kəndin sözügedən Xallanlıya birləşdirilməsini uğurlu qərar hesab etmirik. Çünki həmin kəndin ərazisi kiçik, otlaq və biçin yerləri əlverişsiz, əkinə yararlı torpağı isə çox azdır. Geri dönmək istəyən insanlarımız ənənəvi olaraq maldarlıqla, əkin-biçinlə, bir sözlə kənd təsərrüfatı ilə məşğul olmaq arzusundadırlar. Bu isə qeyd olunan ərazidə olduqca əlverişsiz, hətta qeyri-mümkündür. Məsələ bundadır ki, Çovdar və Şahkərəm kəndlərinin əlverişli təbii-coğrafi şəraiti, bol sulu bulaqları, çayı, meşələri, geniş yaylaqları, gözəl iqlimi və münbit torpaqları var. O cümlədən, bu kəndlərin geniş otlaq və biçin sahələri mövcuddur. Orada həmçinin sıx çökə ağacları ilə əhatə olunmuş meşə sahələri var və bu da arıçılıq üçün çox münasibdir. Elə buna görə vaxtilə bizim kəndlərin cökə balı dillər əzbəri idi. Başqa sözlə, əvvəlki yerində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün daha geniş imkanlar olduğu halda, kəndlərimizin daha uyğunsuz yerə birləşdirilməsini məqsədəuyğun hesab etmirik.
Cənab Prezident!
Qeyd olunanlardan əlavə, kəndlərimizin əvvəlki yerində bərpasını zəruri edən ciddi mənəvi əsaslar da az deyil. Bir-birinə çox yaxın yerləşən və eyni el-oba sayılan bu iki kənddə qeydiyyatda olan sakinlər və əslən oradan olan və indi həmin yerlərə qayıtmaq arsuzu ilə yaşayan şəxslərin hamısı bir-birilə qohum olan insanlardır və həmin yerlərin bütün mənəvi irsi onların hamısı üçün eyni dərəcədə əhəmiyyət kəsb edir. Bizim ata-babalarımızın, qohum-qardaşlarımızın qəbirlərinin bir qismi dağıdılsa da, onların uyuduğu yerlər hamımız üçün müqəddəsdir. Bizi o yerlərə çəkən, orada yaşayıb- yaratmağa ruhlandıran yalnız o torpaqların maddi potensialı deyil, həmin yerlərə olan mənəvi bağlılıq, qədim yurd yerlərimizi yenidən dirçəldərək tarixi şəcərəmizdən gələn bağları davam etdirmək istəyidir. Odur ki, bütün bu insanların ən böyük arzusu kəndlərinin məhz əvvəlki yerində bərpa olunmasıdır. Onu da qeyd edək ki, vaxtı ilə bu kəndlərdən respublikanın müxtəlif yerlərinə köçmüş, eləcə də xaricdə yaşayan onlarla həmkəndlilərimiz geri dönmək, öz vəsaitləri hesabına şərait qurub orada yaşamaq istəyirlər.
Bunları nəzərə alaraq, bizim kəndlərin əvvəlki yerlərində bərpa edilməsi üçün köməklik göstərməyinizi Sizdən xahiş edirik”-deyə, kənd sakinləri vurğulayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar