Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

11 yaşımda atamı, 23 yaşımda isə atam qoynunda uyuduğu torpağı itirdim... - Namiq Dəlidağlı (Video)

Tarix: 25-12-2021 16:21     Baxış: 2985 A- / A+


Atasızlığın ağrı-acısını 11 yaşımda, soyuq dekabr günü daddım. O vaxtdan ürəyim üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı, ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm... Bunu çəkənlər bilir, heç kimə vaxtsız ata itkisi diləmirəm... 
O gündən ürəyim qorxdu, çöl-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi uşaqlıq şıltaqlığının, nadincliyinin həzzini ala bilmədim... Ən çox da bir-birimizlə dalaşanda, sözümüz düz gəlməyəndə, ata söyüşündən qorxurdum. Bu qorxular bütün vücuduma hakim kəsildi. Yetimlər çiyni çəkik böyüyür. Boyum tay-tuşlarımın boyuna çatmadı... Hər xırda çatışmamazlıqda atamın yoxluğunu hiss etdim. Yaşımdan artıq iş tapşırılanda, yaşıdlarım yanımda bax, “bunu atam alıb” deyəndə də sızıldadı ürəyim. Və sonra həyatımda nə çatışmamazlıqlar oldu, atamı düşündüm... 

11 yaşıma kimi bu gidi dünyayla hələ elə qovğam olmadığı üçün bu mənə daha ağır gəlirdi. Sonra bütün olacaqları “həzm” etmək zorunda qaldım. Ancaq  bu “razılaşmalara” baxmayaraq atamın itkisini qəbul etmədim. Bu zalım fələyə və gidi dünyaya kin-küdurətim azalmadı. “Qara torpağın üzü soyuqdu” kimi təsəlli sözləri mənim uşaq dünyamda özünü doğrultmadı. Həmişə ağrıdım, həmişə göynədim.
...Sonralar o qədər şeylər oldu...Kənd yolunun daşını təmizlədim ki velosipedim olacaq, alınmadı, saz, maqintafon istəyim də arzu kimi qaldı... Rəhmətlik anam qoçaq və çox qayğıkeş idi, dolanışığımız yaxşı oldu. Ancaq alınmayan və əldə edə bilmədiklərimi atam edəcəkdi... Bir sözlə, atasızlıq həyatımın kəm-kəsir yerlərində öz acı və dəhşətli təsirini göstərdi. Və bu “yoxlar” indiyə kimi özünü göstərməkdədi. Atamı qarlı-çovğunlu bir qış günü – 25 dekabr 1981-ci ildə itirdim. Sonralar nə vaxtsa bu misra dilimə düşdü: ”Atamı qış günü dəfn eləmişdik, o vaxtdan ürəyim elə üşüyür” . Və bu üşüməyə səbəb olan ağrının üstündən 40 il keçsə də, bədənimdə, ən çox da ürəyimdə bu üşütmə davam edir. Yəqin yaşadığım bütün illərdə də belə olacaq. Zaman-zaman atamla bağlı  qələmə aldığım bəzi qeydlərin, pıçıldadığım misraların itdiyini yaddaşımın və gün-güzəranımın boynuna atıram. 
 ***   
    Kəlbəcərli günlərin birində, 1991-ci ildə “Bu gecə atamın ruhu qonağım” təsəllisi ilə də özümü ovutdum. Bu şeirdə də atasızlığın yaman üzünü göstərməyə çalışdım. Ancaq bu bir təsəlli, şeir ovqatı olaraq heç nəyi dəyişmədi: 

Bu gecə atamın ruhu qonağım, 
bu gecə ən əziz qonağım gəlib. 
Bütün qonağımın şahı qonağım, 
mənim arxam gəlib, dayağım gəlib. 

Ay ata, qoy sənə doyunca baxım, 
mən ona bu sözü söyləyəmmədim. 
Sənə qulluq edim, atam-qonağım, 
atama mən qulluq eyləyəmmədim. 

Doyunca ay ata, sözü demədim, 
ata nəfəsinə isinməmişdim. 
Ay ata, həyatı belə bilmədim, 
belə fikirləşib, düşünməmişdim. 

Daha fikirləşmək, düşünmək meylim, 
özümə təsəlli tapammasam da. 
Ata, böyümüşəm mən indi xeyli- 
boyda tay-tuşlara çatammasam da. 

Atalı günümün düşüb söhbəti, 
məni ovunduran göz yaşım olub... 
Ata dərdi, intizarı, həsrəti 
mənimlə doğulub, yaşdaşım olub.

İndiki oxucular səbirsiz olduğuna görə fikirlərimi, ürəyimdən keçənləri bir az “qol-budaq” edəcəm, yəni qısaldacam. Atam 50 il  Kəlbəcərin Alaqaya, Comərd, Almalıq, Qaraxançallı, Çovdar kəndlərində müəllimlik edib. Cəmiyyətdə özlərinə layiqli yer tutan onlarla şagirdə dərs deyib. Ucqar kəndlərdə ibtidai təhsil alan uşaqlar sonradan paytaxtda və digər ölkələrdə müxtəlif ali təhsilə yiyələniblər. Mənim də ilk müəllimim atam olub, məni müəllim görmək istəyirdi. Mən də onun kimi yaxşı müəllim olmaq istəyirdim. Hər ikimizin arzusu puç oldu... Kəndimizin məktəbinin tikilməsinin təşəbbüskarı və ilk müəllimi olub atam. Necə müəllm olduğunu isə tanıyanlar hələ də yaxşı xatırlayır və sağ olsunlar, unutmurlar.
Məlum hadisəylə bağlı 1993-cü ilin aprel ayının 1-də doğulduğum kəndi tərk elədim. Buralara gec qayıdacağım sanki ürəyimə dammışdı. Kəndimizin arxa tərəfində sıralanan qayanın üstünə çıxanda dönüb kənd qəbristanlığına tərəf baxdım. Qulağıma səslər gəldi: bizi qoyub hara gedirsiniz, hara? Bu səslərin içində atamın səsini lap aydınca eşitdim...

Beləcə, 11 yaşımda atamı, 23 yaşımda isə atam qoynunda uyuduğu torpağı itirdim...

Ata, məzarını qoyub gəlmişəm, 
bu dərd yandıracaq, yaxacaq məni. 
Səni itirmişdik bu ağır bir dərd 
indi də dağladı bu dərd sinəmi. 

Məzarına baş çəkirdim elə hey... 
həsrət, hicran ürəyimi sıxanda. 
Atalı duyurdum özümü, ata, 
hər çevrilib baş daşına baxanda. 

İndi təsəllim yox, ümid yerim yox, 
indi əsl yetim olmuşam, ata. 
Bilmirəm yaşayım, bilmirəm ölüm, 
beləcə biçarə qalmışam, ata. 

Bu dərdi fil belə daşıya bilməz, 
bu dərdi ürəkdə daşımaq çətin. 
Bu necə faciə, bu necə itki 
buna dözmək çətin, yaşamaq çətin.  

Ata, dözəmmərəm mən bu itkiyə, 
köksümdə bir qəbir qazdıracağam. 
Yonub ürəyimin bir parçasını, 
baş daşın əvəzi basdıracağam. 

Ata, məzarını qoyub gəlmişəm, 
köksümdən qırılb qəlbimin tağı. 
Səni itirmişdik bu ağır bir dərd, 
indi də itirdik ana torpağı... 
(aprel 1993 )

28 il sonra kəndə döndüm. Atamın məzarını ziyarət etmək qismətim oldu. Və 1993-cü ildə yazdığım "Ata, məzarını qoyub gəlmişəm"adlı şeiri atamın yarıdağılmış məzarı başında söylədim:


avqust 2021

 28 ildən sonra ata-oğul görüşü-hansı hisslər keçirdiyimi istəsəm də tam izah edə bilməyəcəm. Yağı düşmənin murdar nəfəsi atamın da məzarına toxunub. Alçaq əməlləri ilə xüsusi fərqlənən bu toplum bütün qəbirləri vəhşicəsinə dağıdıblar. Atamın da başdaşını söküb aparıblar. Ancaq cəhd etsələr də məzarı ürəkləri istədiyi kimi dağıda bilməyiblər.

İllər sonra bir oğul xəcalətini, acizliyini ifadə edən aşağıda verilən şeir yazdım. Ancaq üzümə üz tutub ziyarət edə bildim:

 ...xatirələrim 
bağımızdakı alma ağaclarının 
budaqlarından, 
alça ağaclarının çiçəklərində 
asılı qaldı. 
Bir də atamın məzarına 
qısılı qaldı. 
Bir gün geri dönəcəm 
xatirələrimi yığmaq üçün- 
alma ağaclarının 
budaqlarından, 
alça ağaclarının 
çiçəklərindən. 
Ancaq atamın məzarından 
xatirələrimi götürməyə 
üzüm qalmayıb. 
Bilirəm ki, atam 
xatirələri nifrətə çevirib 
tüpürəcək üzümə...     

Atamın məzarını ziyarət edən günə qədər özümü ikiqat yetim sayırdım. 28 il ata məzarına, doğulduğum yurda əlim üzalı qaldı. Şükür, artıq Kəlbəcər də, digər doğma yurdlarımız da azaddı. Düşmənlə savaşda minlərlə Şəhidimiz canından keçdi. Nə qədər övladlarımız ata nəfəsinə həsrət qaldı. Onların ataları ən müqəddəs amal uğrunda canlarından keçsələr də, atasızlığın heç bir təsəllisi yoxdu. Ağır və ağrılı dərddi. Hər bir Şəhid övladını bağrıma basıb öpürəm. Dərdinizə, ağrınıza şərikəm, deyirəm. Bu gün on minlərlə məni kimi vətəndaşlarımızın öz ulularının məzarını ziyarət etmək, doğma yurd yerlərimizə dönmək imkanını Şəhidlərimiz, igidlərimiz verdi bizə. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə can sağlığı diləyirəm. Azərbaycan əsgəriylə qürur duyuram. 30 ilə yaxın düşmən girovluğunda qalan, "yuxusu dağılmış" ölülərimiz indi rahat uyuyur, atam da...

                                                              Namiq Dəlidağlı 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar