Xəbər lenti
Şəhid olmaq istəyirəm...

(“Ali İmran“ surəsi- 169)
“Ölümlər adi və qeyri-adi olur. Mənə elə gəlir ki, mən də adi ölümlə-xəstəlikdən və ya hər hansı bir qəzadan ölsəm, ona ancaq yaxınlarım üzüləcək. Bir ilə qədər yad ediləcəm. İlim çıxandan sonra soyuq torpağa çevriləcəm, unudulacam. Mən şəhid olmaq istəyirəm. Onda məni bütün Azərbaycan ağlayacaq, əbədi yaşadacaq. Şəhid olsam ölməyəcəm. Quranda deyildiyi kimi, cənnətdə olacam. Şəhidlər bütün Azərbaycanın oğlu olur axı. Mən belə bir zirvədə olmaq istəyirəm.”
Bu inşanı şəhid Elvin Həsənov hələ 5-ci sinifdə oxuyanda yazmışdı. Kiçik yaşlarından Vətən sevdalısı olan övladımız böyük ürəyə sahib idi. İnandığı, sevdiyi amala doğru qətiyyətlə addımlayan şəhidimiz Elvin Çingiz oğlu Həsənov 1994-cü ildə aprelin 24-də Sumqayıt şəhərində anadan olmuşdu. M.Müşfiq adına tam orta məktəbin məzunudur. Elvin kiçik yaşlarından həyatın ağırlığını görmüş, atasının xəstəliyindən dolayı ailəsi ilə bərabər çətin günlər keçirmişdi. Atası 2010- cu ildə dünyasını dəyişdikdən sonra Elvin səhərlər məktəbə , günortadan sonra isə işə gedirdi. Müxtəlif yerlərdə çalışaraq anasına və bacısına maddi dəstək olurdu.
2013- cü illin aprel ayında Elvin həqiqi hərbi xidmətə çağırılmışdı. Füzuli rayonunun N hərbi hissəsində hərbi qulluğa başlamışdı. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi davranış və igidliyinə görə Müdafiə Nazirliyi tərəfindən qol saatı ilə təltif olunmuşdu. Evdə, ailədə, qohum və qonşular arasında sevildiyi kimi , əsgəri xidməti zamanı hərbi heyətin etibarını , sevgisini də qazanmışdı.
Düşmən heç vaxt rahat durmayıb. Atəşkəs elan edilsə də,ermənilər tez-tez mövqelərimizi müxtəlif silahlardan atəşə tuturdular. 2014-cü ilin mart ayının 17-də ermənilər Elvinin xidmət etdiyi hərbi hissəyə hücuma keçmişdilər. Düşmənlə aralarında 40 metr məsafə var idi. Elvin öz əsgər yoldaşları ilə birlikdə bu təxribatın qarşısını almışdı. Ermənilər çox böyük itki verərək geri çəkilməyə məcbur edilmişdi. Bu ağır döyüşdə Həsənov Elvin haqqa şahid olaraq şəhid düşmüşdü. Həsənov Elvin ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Müdafiə Nazirliyinin sərəncamına əsasən 3-cü dərəcəli medalla təltif olunmuşdu. Bu təltif tabutu ilə bərabər Sumqayıta gətirilmişdi. 20 yaşlı gənc Elvin adını qanı ilə çox arzuladığı şəhidlik zirvəsinə yazdırdı.
Elvin arzusuna çatdı – o bütün Azərbaycanın oğluna çevrildi. Elvinin bu gedişi hər kəsi ağlatdı. İllərdi oğul həsrəti ilə qovrulan ana Mətanət Həsənovanın
yazdıqlarını oxuduqca ürəyim param-parça oldu: ”Anan gözlərinə qurban, illərdi gözüm yolarda qalıb. Elə darıxıram sənin üçün, ay oğul. Lap burnumun ucu göynəyir. Mənim nəfəsim, gözümün nuru, balam. Nə qədər soyuq məzarınla dərdləşim? Sən məni heç belə görmək istəməzdim. Elvinim, yaşın az, ürəyin böyük idi, ürəkli balam. Hər dərdimi sənə deyirdim. Hər şeyi özünlə bu soyuq məzara apardın. Sənə qovuşacağım günü gözləyirəm. Səni qucaqlayıb ayrılmaq istəmirəm. Sənsiz yaşamaqdan utanıram, nur üzlü balam.”
Elvinin bacısı Nərminlə söhbət edəndə belə ifadə işlətdi ,” Qardaşım Elvin, kaş yaşayardın və torpaqlarımızın azad olunduğunun şahidi olardın.”
Əzizim Nərmin, Elvinin və bütün şəhidlərimizin ruhu artıq çox rahatdır. 44 günlük savaşda ordumuz bütün dünyaya Türkün gücünü göstərdi. Şəhidlərimizin intiqamı alındı. Əsir ellərimiz düşmən tapdağından azad oldu. Şəhid qanı ilə suvarılan azadlıq ağacı indi daha çox bar verəcəkdir.
Vətən sağ olsun!
Mənsurə Eldar Xələfbəyli




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar