Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident İlham Əliyev: Bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər

Tarix: 05-10-2021 13:53     Baxış: 3246 A- / A+
Prezident İlham Əliyev: Bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər

Bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı bildirib:

"Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik.

Qayıdıram o sözlərə - əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Sadəcə olaraq, Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib. Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi. Əgər xalq dəstəkləsəydi, əlbəttə, buna nail ola bilərdilər. Görün postsovet məkanında zor tətbiq etməklə nə qədər çevriliş baş verib. Buna indi inqilab deyirlər, çevriliş deyirlər, təkamül deyirlər. Amma fakt odur ki, hakimiyyət dəyişikliyidir. Elə götürün bu Ermənistanı. Əvvəlki Ermənistan rəhbərliyinə erməni xalqı o qədər nifrət edirdi ki, hətta müharibəni uduzmuş insana yenə də səs verdi, təki onlar qayıtmasınlar. Ona görə xalq dəstəkləmədi. Çünki xalq bilirdi, görürdü ki, bizim işimiz haqq işidir, biz ölkəmizi gücləndiririk.

Bizə edilən təzyiqlərin və təxribatların təməlində də bax, Qarabağ amili idi. Çünki prezidentlik dövründə, - mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, - amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə. O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni, bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam. Yəni, sözüm odur, bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək. Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu - hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu. Mən o vaxt demişdim, bəli, o dəyişiklikdə bizim əlimiz olub, əlbəttə ki, birbaşa yox. Biz yalan danışmamalıyıq. Bizim birbaşa yox, amma dolayısı ilə. Əgər Ermənistan inkişaf edən ölkə olsaydı, xalq ayağa qalxardı? Əlbəttə ki, yox. Ona görə, bu hakimiyyət dəyişikliyində bizim rolumuz kifayət qədər böyük idi. Mən deyirdim ki, bizim hədəfimiz nəyin bahasına olursa-olsun, torpaqların azad edilməsidir və biz ölüm savaşına çıxdıq, bunu hər kəs bilir. Çünki kim deyə bilərdi ki, hansı ölkə necə hərəkət edəcək. Mən bu qarantiyanı verə bilməzdim. Biz faktiki olaraq ölüm-dirim savaşına çıxmışdıq, yəni, ya ölüm, ya olum, vəssalam, qurtardı. Daha səbrimiz tükənmişdi.

Yenə də deyirəm, müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstündə ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar