Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasi kursuna əsaslanır

Tarix: 05-10-2021 12:14     Baxış: 4311 A- / A+
Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasi kursuna əsaslanır

1993-cü ildə xalqın mütləq iradəsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinn dönməzliyini və əbədiliyini təmin etdi 1991-ci ilin oktyabrın 18-də "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması ilə öz müstəqilliyini elan etmiş Azərbaycan dövləti bir əsrə yaxın həsrətini çəkdiyi azadlığına qovuşsa da, dövlət müstəqilliyimizin qorunub saxlanılması dahi rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı.
Səbəb isə 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladan durumdan irəli gəlirdi. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Səriştəsiz və qeyri-peşəkar insanların dövlət idarəçiliiynin rəhbərliyinə təyinat almaları ölkənin suveren mövcudluğuna təhdid yaradan amil kimi çıxış etməyə başladı. Hadisələri düzgün qiymətləndirə bilməyən, primitiv problemlərin belə həllinə nail olmaq iqtidarında olmayan belələri - həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş verənlərdən düzgün nəticə çıxara bilmirdi. Baş verənlərdən səbr kasası dolan xalqımız isə artıq çıxış yolunu tapmışdı: Azərbaycan dövlətinin, xalqının nicatı və xilası yalnız Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyevin siyasi çəkisindən qorxan, əllərindəki hərbi birləşmələrdən siyasi təzyiq vasitəsi kimi istifadə edən, nəticədə isə ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənən, bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı da nəticədə özü xilas üçün Heydər Əliyevdən imdad istədi. Həmin dövrdə hər kəs anlayırdı ki, xalqımızı, gənc dövlətimizi xilas etmək missiyası yalnız bir şəxsiyyətin imkanı daxilindədir: Azərbaycanı böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi, məhz Onun ən çətin şəraitdə düzgün qərar qəbul etmə bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqilliyini qoruyub saxlaya bilərdi.

Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasi kursuna əsaslanır


Vurğulanmalıdır ki, hələ 1992-ci ilin oktyabrında Azərbaycanın "91-lər" adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gələn, ölkədəki vətəndaş qarşıdurmasının dayandırmaq kimi tarixi bir missiyanı üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Bəli, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövr Azərbaycanın taleyinin həll olunduğu zaman idi. Ümumilli Lider 1993-cü ildə ölkədə vüsət almış vətəndaş müharibəsinin, separatizmin ölkəni parçalamaq cəhdlərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər gördü. Qısa zamanda Azərbaycanın bütövlüyü təmin edildi və günahkarlar qanun qarşısında cavab verdilər. Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti və iradəsi həm ölkəni məhv olmaqdan qoruya bildi, buna paralel olaraq müstəqil dövlət quruculuğu kursunun davamlılığını təmin etdi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Böyük Xilaskarımızın Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün oldu: millət və dövlət dəhşətli bəladan qurtuldu. 1993-cü ilin oktyabrın 3-də xalqın qəti iradəsi müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi Vurğulamaq lazımdır ki, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsinə çevrildi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin edən Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Məhz bu seçimlə müasir, qüdrətli Azərbaycan dövlətinin təməlini qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdi ki, "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". 2021-ci ilin rakursundan boylanıb yaxın keçmişə, Azərbaycanın müstəqilliyinin əldə olunduğu 30 ilə boylandıqda bir həqiqətin şahidi olmamaq mümkün deyil: Azərbaycanın nicatı, inkişafı Heydər Əliyev ideyalarındadır. Müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətlər bunu bir daha təsdiqləyir. Şəxsi maraq qurbanları, korporativ mənafe güdənlər, hakimiyyəti yalnız qazanc mənbəyi kimi görənlər, ən nəhayət, dövlət idarəçiliyi ilə talançılığı eyniləşdirən bəziləri o dövrdə xalqın çağırışlarına, sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi Respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri yaşamaz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ulu Öndər Heydər Əliyev zaman və məkan amilini Azərbaycanın lehinə inkişaf etdirdi Ulu Öndər Heydər Əliyevin siyasi portretini yaratmaq bəlkə də, ən məsuliyyətli və çətin bir vəzifədir. Qlobal düşüncəli, geniş dünyagörüşlü, dünyanın ən peşəkar siyasətçilərindən biri, bəlkə də birincisi olan Heydər Əliyev hadisələrə praqmatik yanaşması ilə, tarixi şəraiti düzgün qiymətləndirir, ölkənin taleyi ilə bağlı qərarlar qəbul edən zaman yaxın gələcəyi deyil, daha uzaq perspektiv üçün əsaslı imkanlar yaradacaq addımlar atırdı. Qısa zamanda tarazlaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanı dünya ölkələrinin və beynəlxalq təşkilatların yaxın tərəfdaşına çevirən Ulu Öndər zaman və məkan amilinin Azərbaycanın lehinə inkişaf etməsini təmin edirdi. Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi Onu dinləyənləri məftun edirdi. Ulu Öndərin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Dahi Öndərin BMT tribunasından Azərbaycanın haqlı mövqeyini bir müəllim ustalığı ilə dünyanın aparıcı ölkələrinin dövlət başçılarından ibarət auditoriyaya izah etməsi, ən xırda detallara qədər xalqının, ölkəsinin mənafeyini qoruması bu gün də heyranlıqla xatırlanır. Heydər Əliyevin ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi. Təsadüfi deyil ki, dünyanın böyük dövlətlərinin rəhbərləri belə Heydər Əliyev haqqında danışanda ilk növbədə onun fenomenal siyasi dühasını hörmətlə xatırlayırlar. Məsələn, Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş Heydər Əliyevin Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmasını etiraf edirdi. Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə bildirirdi ki, Heydər Əliyev görkəmli dövlət xadimi, Vətəninə sadiq əsl patriotdur və Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı və böyük təşkilatçılıq məharəti ona həmvətənləri arasında və ölkə hüdudlarından kənarda yüksək nüfuz qazandırıb. Fransa Respublikasının eks-prezidenti JakŞirak Heydər Əliyevi qeyri-adi şəxsiyyət adlandıraraq Onun Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxardığını deyirdi. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə Heydər Əliyev Azərbaycanın böyük lideri adlandırır, Onun böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdiyini bildirir, Azərbaycan xalqının Onun qoyduğu irs ilə fəxr edə biləcəyini vurğulayırdı. Bu siyahını onlarla, yüzlərlə böyük siyasəitçilərin adı ilə davam etdirmək olar. Nəticə etibarı ilə hər kəs Heydər Əliyevi öz xalqının böyük oğlu, dahi siyasətçi, fenomenal dövlət adamı kimi xarakterizə etməkdədir. Bəli, Heydər Əliyevin uğurlu xarici siyasət kursu Azərbaycanı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirildi.
Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsi dövlətimizin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi Ulu Öndər Heydər Əliyev siyasi irsini, siyasi kursunu uğurla inkişaf etməsi müasir Azərbaycanımızın dünyada şöhrətinin artmasına, geniş bir coğrafiyada tanınmasına işıqlı bir yol oldu. Öz xalqını tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyası ətrafında birləşdirən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının vahid amal – xalqın, dövlətin inkişafı, maraqları ətrafında səfərbər etməyi bacardı. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi. Ulu Öndər Heydər Əliyev siyasi idarəetmədə peşəkarlıq nümunəsidir. Onun təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Ən əsası Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi. Onun həyata keçirdiyi siyasi kursun təməlində bir amal dayanırdı-xalqının və dövlətinin milli maraqları. Məhz milli maraqlara söykənən siyasət kursu bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəflərin düzgün müəyyənləşdirilməsini təmin etmiş oldu. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü iqtisadiyyat modeli idi. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır", - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik nümayiş etdirmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə çevrilməsinə nail olmuşdu. Bunun nəticəsidir ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Hüquqi dövlət quruculuğu yolu uğurla davam və inkişaf etdirilir. Dövlətçiliyin əsas ana təməlləri sayılan Konstitusiyası, milli ideologiya, davamlı islahatlar kursu demokratik inkişafımızın sürətlənməsi yolunda mayaka çevrildi. Demokratik ənənələrə sadiqlik, mənəvə dəyərlərə hörmət Heydər Əliyevin hüquqi dövlət quruculuğu yolunda əsas prinsipilərinə çevrildi. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini demokratik ənənələrə sadiqlik, mənəvə dəyərlərə hörmət, milli mənafenin prioritetliyi üzərində bərqərar etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadimi Heydər Əliyev üçün bütün məsələlər hüquqi dövlət anlayışının davamı idi. Bu mənada işlək siyasi sistemin, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrinin inkişafına xidmət edən təşəbbüslərə çevrildi desək, yanılmarıq. Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitutsiya dünyada insan hüquq və azadlıqlarının ən çox təmin olduğu Konstitusiyalardan sayılır. Ölkədə söz azadlığının təmini, Kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi Heydər Əliyev siyasi yolunun əsas prioriteti kimi çıxış edir. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar isə dövlətçiliyin yeni siyasi situasiyada inkişafını təmin etmiş oldu. Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Vurğulandığı kimi, Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda "qanunun aliliyi" prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü, ölkə inkişaf yoluna sabit və hüquqi prinsiplər əsasında qədəm qoydu. Heydər Əliyev siyasi kursu Azərbaycanın iqtisadi-sosial inkişafını təmin etmək, beynəlxalq imicini artırmaqla yanaşı ölkəmizin dünyada tolerantlıq ənənələrini yaşadan, gender bərabəryliyipnə hörmət göstərən dövlət kimi şöhrət tapmasında əsaslı rol oynadı. Birmənalı şəkildə vurğulanmalıdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul verir, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini bildirirdi. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi oldu. Onun qadınlarla ictimai-siyasi həyatda fəallığının artırılması ilə bağlı məsələlərin həlli üçün imzaladığı mühüm Fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardandır. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyası Azərbaycanın iqtisadi inkişafının əsas lokomotivi rolunda Heydər Əliyev Azərybaycanın yeraltı və yerüstü sərvətlərini ölkənin uğurlu inkişafının əsas lokomotinə çevirdi. Azərbaycanın qlobal dünyaya açılması uğrunda qətiyyət nümayiş etdirən Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə siyasi iradə göstərdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipər oldu. 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə – "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın milli inkişaf yolunun ilk konsepsiyasına çevrildi. Bu müqavilənin imzalanması ölkəyə investisiya axınını təmin etməklə yanaşı, xarici sərmayənin çoxşaxəliliyini şərtləndirdi. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasi kurs Azərbaycanın investisiya üçün münbit bir ölkə olmasını, təhlükəsizliyin və tolerantlığın hökm sürdüyü dövlətimizin sərmayə yatırmağa can atan ölkə və şirkətlərə bütün imkanları yaratdığını təbliğ etdi. Beləliklə bu müqavilə Azərbaycan iqtisadiyyatının qısa zaman kəsiyində dirçəlməsini, ölkəmizin qarşısında duran prioritetləri həll etməsini şərtləndirdi. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli Lider daim vurğulayırdı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, "Yeni İpək Yolu" layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Tək bir faktı qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsi öz ardından Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi regionun inkişafında xüsusi yerə malik olan layihələrin ərsəyə gəlməsinə vəsilə oldu. Sadalananlar bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi Azərbaycanımızın dünyaya iqtisadi təqdimatına çevrildi. Azərbaycanın Qarabağ zəfəri Ulu Öndər siyasətinin böyük təntənəsidir. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas xəttini təşkil edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ulu Öndərimz deyirdi: "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir". Ümummilli Lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli Lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur. Məhz Ulu Öndərimizin səyi nəticəsində dünyanın aparıcı təşkilatları Ermənistanın təcavüzkar siyasətini pisləmiş, Azərbaycanın ərazi bütövlyünü dəstəkləmişdir. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki tarixi çıxışında Heydər Əliyev demişdi: "İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai - siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam". Heydər Əliyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində həlli üçün səylərini bir an da olsa əsirgəmirdi. Heydər Əliyevin iradəsi, münaqişənin nizamlanması ətrafında keçirdiyi danışıqlarda gətirdiyi məntiq və möhkəm arqumentlər Azərbaycanın milli maraqlarının qorunmasını özündə ehtiva edirdi. Heydər Əliyev hər zaman bəyan edirdi ki, münaqişənin tənzimlənməsi Azərbaycanın ərazi bütövlüyü çərçivəisndə həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyünə əsaslanmayan heç bir təklif və layihə müzakirə obyekti belə ola bilməz. Heydər Əliyev ümummilli problemimizin həlli üçün göstərdiyi səylər tək diplomatiya ilə məhdudlaşmırdı. Danışıqların aparılması ilə yanaşı, Ulu Öndər Azərbaycan ordusunun formalaşması və gücləndirilməsinə də xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycan milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandalığa tabe olan nizami ordu formalaşdı.

Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasi kursuna əsaslanır


Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Bu həmin ordudur ki, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbəprliyi ilə 44 gün ərzində Qarabağa zəfər bayrağını taxdı. Bəli, Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamçısı Preziden İlham Əliyevin 2020-ci ilin sentyabrın 27-də erməni təxribatlarına qarşı əks-hücum əməliyyatlarına start verilməsi ilə bağlı qərarı cəmisi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə nəticələndi. Ard-arda rayonlarımız, şəhərlərimiz düşməndən təmizləndi, ölkəmiz yenidən bütövləşdi. Həmin 44 gün ərzində istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə fenomenal zəfərlər qazanan Ali Baş Komandanımız bütün dünyaya xalq-hakimiyyət-ordu birliyinin bütün uğurların əsas təminatçısı olduğunu əməli fəaliyyətlə nümayiş etdirmiş oldu. 44 gün ərzində dünyanın aparıcı media strukturlarına müsahibələr verən Prezident İlham Əliyev Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırdı. Dünya ictimaiyyətinin diqqətini ölkəmizin haqq savaşına yönəltdi. Prezidentimizin illərlə apardığı uğurlu xarici siyasət kursu Azərbaycanın beynəxalq dəstəyini təmin etdi. Nəticədə isə "Qarabağ Azərbaycandır!" şüarını özünün vahid amalına çevirən xalqımız qalib Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə ən böyük qələbəsinə-Qarabağ qələbəsinə imza atmış oldu!!! Bəli, Ulu öndər Heydər Əlyiev yolunun davamçısı, Azərbaycanı qələbəyə çatdırmış, Zəfər qazanmış Prezident, Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin arzularını yerinə yetirir-Azərbaycanı bütövləşdirir, onu uğura daşıyır, yüksəldir, inkişaf etdirir. Bu isə təsadüfi deyil. Azərbaycanın mövcudluğu tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahınn yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyöndü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində deyirdi: «Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək». Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının müdriklik, mərdlik və cəsarət simvolu Heydər Əliyev kursunun layiqli davamçısı olmaqla, respublikamızın siyasi hakimiyyətinə rəhbər seçilməyi ilə xalqı gələcəyə inamlı etdi; müstəqilliyimizin əbədiliyinin, dövlətçiliyimizin inkişaf səviyyəsinin və beynəlxalq nüfuzunun daim artmasının, xalqın rifah halının durmadan yaxşılaşmasının təminatlarını daha da möhkəmləndirdi, ərazi bütövlyümüzü təmin etdi, son 200 ildə ilk dəfə olaraq itirilmiş torpaqlarımızı bizə qazandırdı. Xalqımıza bir daha bəlli oldu ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin təminatı etibarlı əllərdədir. Bu gün xalqımız Ulu öndər Heydər Əliyevin siyasi varisi – praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət, qalib Sərkərdə kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Prezident İlham Əliyev isə hər zaman xalqının dəstəyini, gücünü yanında hiss edib: "Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir".

Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasi kursuna əsaslanır

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar