Xəbər lenti
Elxan Salahov:"Ən böyük təşəkkürlər cənab Prezidentə düşür"
BMT-nin Başlıbel faciəsi ilə bağlı yaydığı sənəd Kəlbəcər şəhidlərinin də ruhuna sakitlik gətirəcək
"Faciəni törədənlərin şəxsiyyətinin müəyyənləşdirilərək cəzalandırılmasına ölkəmiz nail olmalıdır"
Başlıbel faciəsi BMT-nin sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
C.Bayramovun məktubunda Azərbaycanın azad edilmiş ərazilərində ölkəmizə qarşı Ermənistan tərəfindən 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə dair hazırda, münaqişə sonrası dövrdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının əlavə məlumatlar əldə etdiyi barədə məlumat verir.
Bu xüsusda Baş katibin diqqətinə çatdırılır ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilir. Belə ki, 3 aprel 1993-cü il tarixində Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etdiyi və tamamilə yandırdığı, kəndi tərk edə bilməyən 62 nəfərin təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığındığı qeyd edilib. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri aşkar edərək, köməksiz vəziyyətdə qalmış mülki şəxsləri qətlə yetirdiyi və aralarında 1 uşaq və 1 yeniyetmə olmaqla 12 nəfəri qəsdən öldürdüyü barədə məlumat verilir.
Başlıbel faciəsinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilir və ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanır.
Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumat ictimaiyyətdə müsbət reaksiya doğurub. Başlıbel faciəsinin ağrılarını, ağır yükünü 30 ildə sinəsində gəzdirən, onu unutdurmağa qoymayanlar bu hadisəni Azərbaycan diplomatiyasının, ümumilikdə dövlətimizin böyük uğuru hesab edirlər.
Başlıbel kənd sakini, həmin faciədən bəhs edən "Qanlı kaha" kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov məlum sənədin BMT tərəfindən qəbul olunmasının Başlıbelin timsalında təkcə Kəlbəcər şəhidlərinin deyil, bütün şəhidlərimizin narahat ruhlarına sakitlik, hüzur gətirəcəyinə əmindir.
Sözügedən sənədin BMT tərəfindən qəbul edilməsində “Qanlı kaha” kitabının əhəmiyyəti də böyük olub.
Manevr.az bildirir ki, Elxan Salahov isə “Şərq”ə açıqlamasında qeyd edib ki, bu iş bütünlüklə Ali Baş Komandanın şəxsi nəzarəti altındadır və ən böyük təşəkkürlər cənab Prezidentə düşür:
- Mən sadəcə vasitəçi oldum, Başlıbel qətliamını incəliklərinə qədər özündə əks etdirən "Qanlı kaha" kitabı ilə, təqdimatlar, görüşlər və yazışmalarla. Qarşıda bizi daha bir neçə xoş xəbərlər gözləyir, mərhələ-mərhələ, addım-addım davam edirik.
Allah dövlətimizə yar və yardımçı olsun!
E.Salahov bildirib ki, Başlıbel faciəsi ilə bağlı BMT-nin internet səhifəsində məlumat yayılması müsbət addımdır:
- İllərlə bu faciəni tanıtdırmaq, tarixi həqiqətlərin təbliği üçün dayanmadan çalışdıq. Xüsusilə "Qanlı kaha" kitabı çap olunduqdan sonra Bakıda, Sumqayıtda, Ağcabədidə təqdimat mərasimləri, hərbi hissələrdə görüşlər keçirdik. Lakin biz bununla kifayətlənməməliyik. Faciəni törədənlərin şəxsiyyətinin müəyyənləşdirilərək cəzalandırılmasına ölkəmiz nail olmalıdır. Biz dayanmadan üzərimizə düşən və bacardığımız işi gördük və bu istiqamətdə çalışmaqda davam edirik.
Xatırladaq ki, Başlıbel faciəsi zamanı bu ucqar dağ kəndində 18 nəfər qətlə yetirilib, 14 nəfər girov götürülüb, 1 nəfər isə itkin düşüb. Hazırda həmin hadisələrdən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında sənədli-bədii filmin çəkilişlərinə hazırlıq gedir. Bu, Başlıbel faciəsinin daha geniş auditoriyalarda tanıdılmasına böyük töhfə olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar