Xəbər lenti
Ulu Qəbələmiz də sevindi, Bakı ondan keçirdi, qısa məsafəli vüsal sürət ilə... - Namiq Dəlidağlı
Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ilə bağlı rəsmi məlumat verilib. Bakı ilə Qəbələ arasında birbaşa dəmir yolu bağlantısını təmin edən bu yolun ölkə iqtisadiyyatına, insanlara faydasından da danışılıb. Yolun mədəniyyət oluğunu da bilirik. Bu gün ölkəmizin bir neçə bölgəsinə müasir elektrik qatarlarının işlədiyindən də xəbərdarıq. Buna misal olaraq Bakı-Gəncə, Bakı-Sumqayıt, indi isə yeni açılan Bakı-Qəbələ sürət qatarının adını çəkə bilərəm. Yol təkcə insanların bir bölgədən digərinə sərnişin kimi getməsi ilə bitmir. Yol həmin bölgənin hərtərəfli inkişafına xidmət edir. Bu gün çəkilən rahat, geniş avtomobil yolları, qatar yolları şübhəsiz ki, buna hesablanıb. Müasir dünyamızda tələblər də dünənki kimi deyil. İnkişaf həm də insanlarımızın mədəniyyətində, səyahətində özünü göstərir. Odur ki, yeni yol infrastrukturları, avadanlıqları, nəqliyyat vasitələri də günün tələblərinə uyğun olmaqla, istifadiçilərin komfortunu təmin etməlidir.
Bu baxımdan, 2 gün öncə ilk sərnişini olduğumuz Bakı-Qəbələ sürət qatarı yenilik, müasirlik tələblərinə tam cavab verir və yuxarıdakı fikirlərimi təsdiqləyir.
Haqq üçünə qeyd edim ki, bu qatar çox rahatdır və insanda yol yorğunluğu yaratmır. Səfərimiz zamanı həmişə adət etdiyimiz, yaddaşımızda yaxşı mənada haray çəkən "tak-tarak" səsini də eşitmədik. Və bəzən adama elə gəlir ki, bu qatar relslər üzərində hərəkət etmir, havada uçur və yaxud dayanıb. Dünənin nostalji hissi ilə yaşayan orta nəslin nümayəndələri hələ də "tak-tarak" havasında olsa da, müasir sərnişin sözsüz ki, yeni standartlara üstünlük verir. Bu günün tələblərini tam qəbul etməklə inkişaf yolunu dəstəklədiyini və yeniliklərin ona xoş olduğunu bildirir.
Məlumat üçün deyim ki, Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun tikintisinə 2018- ci ildən başlanılıb. Dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyindən torpaq yatağı yüksək qazma və tökmələrdən keçir. Bakıdan Qəbələyədək dəmir yolu xəti 311 kilometr, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Bakı- Qəbələ dəmir yolunun açılışı regional turizm üçün də mühüm hadisə kimi dəyərləndirilir. Qeyd olunur ki, Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir.
Onu da vurğulayım ki, yeni xəttin açılışı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən jurnalistlər üçün mediatur təşkil olundu və mətbuat nümayəndəlri Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu ilə tanış oldular. Əllidən artıq jurnalistin dəvət olunduğu açılışda həmçinin, təşkilatçı qurumun Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova, Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov, Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev iştirak edirdi.
Bütün hallarda yol, üstəlik relslər üzərindən hərəkət insanın düşüncələrinə, duyğularına təsir edir. İllərdir digər nəqliyyat vasitələri ilə getdiyin məkana, bu dəfə qatarla, həm də ilk sərnişin olaraq təşrif buyurursan. İçini bürüyən maraq qarışıq hislərinə ad verməkdə çətinlik çəkirsən. İnkişafa aparan yollarda müasirlik rəngini gördükcə sevinməyə bilmirsən və ixtiyarsız dilinə alqış sədası gəlir.
Uzaq səfər, vağzaldan-vağzala yol qət etmək yaradıcı insanlar üçün daha fərqli olur, onların duyğularına bir ayrı cür təsir edir və yeni mətnlərin yazılmasına vəsilə olur. Qatarlarla bağlı qələmə alınan kifayət qədər yadda qalan, samballı əsərlər var. Bakı-Qəbələ qatarı ilə yol gedənlərin əksəriyyəti qələm əhli, yaradıcı adamlar idi. Bu səfər kameraların yaddaşına köçməklə bərabər, yəqin ki, yaradıcı adamların könül və göz yaddaşına da çəkildi. Bir vaqon altında yol başladığımız, təbiətin gözəlliyinə gözəllik qatan ədəbi söhbətimiz həm də bir "qatar əhvalatı" oldu. Gənclik dostum şair Vasif Süleyman, uşaqlıq illərimin bir çox məqamını bölüşdüyüm jurnalist Elxan Salahov, dəyərli həmkarım Azad Adıgözəlli ilə çox maraqlı, yaddaqalan keçdi vaxtımız. Qonşu vaqonun o başından bu başına hay vurub gələn gənc jurnalist Xələf Xələflinin müzakirələrimizə qoşulması da kiçik tədbirimizə ayrı bir rəng qatdı.
Qatarda bir şeir məclisi keçirdik. Yazın bu xoş çağında, insana hüzur, sevgi əxz edən may ayında qədim və gözəl Qəbələmizi görmək çox xoş oldu. Sevinmək duyğusunu coşduran təbiətin varını əsirgəmədiyi ulu Qəbələmiz də sevindi, Bakı ondan keçirdi, qısa məsafəli vüsal sürət ilə...
Ölkəmizin hərtərəfli inkişafı, bütün bölgələr üzrə müsairləşmə, quruculuq siyasətinin həyata keçirilməsi könlümü xoş edir, bir vətəndaş kimi çox sevinirəm. Ancaq bir məqam var. Bir məqam var ki, onu vurğulamadan nöqtə qoya bilməyəcəm yazıma, içimdə baş qaldıran hislər yaz, arzula, istə, ümid et və inan deyir. Yerliçiliklə aram olmasa da, ürəyimdən keçən bu hissi dilə gətirməkdən çəkinməyəcəm: kaş belə qatarla bir gün Kəlbəcərə də gedəydik. Əslində, gələcəkdə belə bir hadisənin baş verəcəyinə inanıram. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri, Kəlbəcər həsrətlisi Cavid Qurbanovun da eyni arzu ilə yaşadığı aylar əvvəl mediaya verdiyi açıqlamada öz əksini tapmışdı. Qurum rəhbəri olaraq bu arzunu həm də gələcək plan kimi gerçəkləşdirmək, həyata keçirmək imkanlarının olduğunu nəzərə alsaq, niyə də inanmayaq?!!
Namiq Dəlidağlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar