Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyev millətimizin qəlbində əbədi yaşayacaqdır...

Tarix: 07-05-2021 13:17     Baxış: 3695 A- / A+
Ümummilli lider Heydər Əliyev millətimizin qəlbində əbədi yaşayacaqdır...


"Respublika" qəzetində Hərbi Prokurorun müavini, ədliyyə general-mayoru Rasim Kazımovun məqaləsi dərc edilib.

Manevr.az sözügedən məqaləni təqdim edir:

Heydər Əliyevin ali və ölməz ideyaları yeni müstəvidə uğurla reallaşdırılır.

“...Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir...”.

HeydərƏliyev
Azərbaycan xalqının Ümummilli Lideri



“...1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur.HeydərƏliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır...”.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Vətənə və xalqa həsr edilən ömür


Haqq dünyasına köçdükdən sonra hafizələrdə qalmaq və xalqın qəlbində əbədi yaşamaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və onu daim qəlbində yaşadır. Bu sevgini isə yalnız Heydər Əliyev kimi millətini və dövlətini sevən vətənpərvər insanlar öz müstəsna xidmətləri ilə qazanır. Hər kəsə məlumdur ki, nəhəng tarixi şəxsiyyət Heydər Əliyev xalqı və vətəni qarşısında misilsiz xidmətləri ilə hələ sağlığında ikən “dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış və bu adı tarixin yaddaşında əbədi həkk etdirmişdir. Buna görə də, ulu öndər Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir və əminik ki, bu ənənə hər zaman davam etdiriləcəkdir.
Ümummilli lider Heydər Əliyev millətimizin qəlbində əbədi yaşayacaqdır...


Gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında qulluq keçən Heydər Əliyevin zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti onun uğurlarının davamlılığını şərtləndirir və müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir, elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, Azərbaycanın, o cümlədən bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik eliyəcəydi. Bundan sonra, vətənpərvər insanın sayəsində repressiyalara məruz qalan azərbaycanlıların reabilitasiyasına şərait yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə olan ögey münasibət aradan qaldırıldı və onlar müvafiq işlərlə təmin olundu. Azərbaycanın milli ziyalıları və dissidentlər imperiyanın növbəti təzyiqlərindən yaxa qurtardı. Göründüyü kimi, təhlükəsizlik orqanlarında işlədiyi dövrdə də ulu öndərin vətən və xalq qarşısındakıxidmətləri müstəsna əhəmiyyət kəsb etmişdir.

14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuş və azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almışdır. Bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətini nəzərə alan müdrik lider Heydər Əliyev Azərbaycan KP MK-nın 20 mart 1970-ci il tarixli plenumundakı çıxışında onların fəaliyyətindən narazılığını ifadə edərək demişdir: "...Bəzən mətbuat, televiziya və radio işçiləri mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar...". Bu kəsərli çıxışdan sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklorunu təbliğ edən materiallar əhəmiyyətli dərəcədə çoxalmış, milli irsi təcəssüm edən verilişlər ərsəyə gətirilmiş, ana dilinin təbliği istiqamətində konkret addımlar atılmışdır.

Bütün həyatını doğma xalqına və Azərbaycanın çiçəklənməsinə həsr etmiş ulu öndər milli maraqlara xidmət edən bir çox misli görünməmiş uğurlara imza atırdı ki, onlardan biri həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycanın Konstitusiyasında təsbit olunması idi.Heydər Əliyev hər zaman deyirdi: “...öz ana dilini bilməyən adamlar şikəst adamlardır...”. Bundan başqa, o dövrdə SSRİ məkanında analoqu olmayan hadisə baş verdi. Məhz Heydər Əliyevin səyi nəticəsində böyük dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə öz vətəninə, Azərbaycana gətirildi. Müdrik strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli həyata keçirilməsi taktikası da milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Dahi lider Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə bərabər,milli düşüncə sahibi olan ziyalıları da qorumuşdur. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, həmçinin azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Qətiyyətli rəhbər Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur.

Təhlil göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması təmin olunmuşdur. O dövrdə Bakıda türkçülüyü tədqiq edən sanballı "Türkologiya" jurnalının nəşrə başlaması da böyük zəhmətin, əzmin, fədakarlığın, türk dönməzliyinin nəticəsi idi. Bu dəyərli jurnala Kreml bir neçə dəfə etiraz etsə də, imperiya rəsmiləri Heydər Əliyevin müdrikliyinin qarşısında aciz qalaraq türk dünyasının birliyinə xidmət edən bu nəşrin dayandırılmasına müvəffəq ola bilməmişdilər.

Millətin birliyində, həmrəyliyində mühüm rola malik, müqəddəs dəyərlərin qorunmasında müstəsna əhəmiyyəti olan dinə hər zaman xüsusi ehtiramla yanaşan Heydər Əliyev, onun siyasi alətə çevrilməsinə, insanların saf inanclarının cəmiyyətdə gedən proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç zaman imkan verməmişdir. Qeyd olunmalıdır ki, ulu öndər ölkədə islam dininin mütərəqqi dəyərlərinin təşviqinə, formalaşmasına və inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin də təşəkkül tapmasına tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasına müyəssər ola bilmişdir.

İstiqlala və firavan istiqbala gedən yol

Ümummilli liderimiz hələ birinci dəfə ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqilgüclü dövlətə çevirməyi qarşısına məqsəd qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”-deyən Heydər Əliyev dərindən dərk edirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də, SSRİ–nin əyalətlərindən biri kimi yanaşıldığından 60–cı illərin sonlarına doğru həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda hakimiyyətə gələn dahi öndərin ilk işlərindən biri, respublikada iqtisadi potensialın dağılmasının, ictimai–siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Heydər Əliyevin gərgin əməyinin, yorulmaz fəailiyyətinin və yüksək idarəçilik qabiliyyətinin sayəsində o illər ictimai və iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına və xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq dövrü təşkil etmişdir. Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi.

Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ–nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət və elm mərkəzinə çevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.

Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş sözsüz ki, bütünsahələrin inkişafına ciddi təkan verdi.

Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin də nüfuzu artırdı. Heydər Əliyevin “Sosialist Əməyi Qəhrəmanı” fəxri adını alması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi xalqımızı nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər məyus edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür-tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin İttifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə – Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi isə ermənilər üçün qorxulu yuxuya çevrildi. Heydər Əliyevin Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi və ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülməsi onlara daha bir ağır zərbə oldu. Ümummilli liderimiz yeni vəzifənin də öhdəsindən layiqincə gəlirdi. Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Bu fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə saldı. Bu prosesə dünyada məşhur olan erməni lobbisi də qoşulmuşdu. Öz əli ilə qurub-yaratdığı Azərbaycanda da bəzi qüvvələrin ona qarşı çıxması Heydər Əliyevi mənən ağrıdırdı. Bu səbəbdən O, 1987-ci ilin oktyabrında vəzifədən istefa verməyə məcbur oldu. Həmin dövrdə ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər baş verirdi. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi və qüdrəti erməni millətçilərini bu kimi çirkin fikirlərdən çəkindirirdi. Təsadüfi deyildir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirmək fikrini ortaya atdı. Bununla əlaqədar Xankəndində və Ermənistanda fasiləsiz mitinqlər başlandı. Əlbəttə, o vaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilməzdi. Beləliklə də, həmin məsələ böyük bir problemə çevrildi və Azərbaycanın ağrılı illəri başladı. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları Azərbaycan üçün böyük problemlər yaradırdı. Onların içində ən ağrılıları isə “Qanlı yanvar” faciəsi və xalqımızın soyqırımı ilə müşayiət olunan torpaqlarımızın işğal olunması idi.

Böyük qayıdış hərtərəfli uğurları şərtləndirdi

Sirr deyil ki, “20 yanvar” faciəsi baş verənədək Heydər Əliyevin fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq ulu öndər bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Onun 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin eyhamı kimi böyük əhəmiyyət kəsb edirdi.

Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kompaniyası geniş vüsət aldı. Həmin kompaniya daxilində hətta onu həbs etmək də istəmişlər. Buna baxmayaraq o, heç nədən və heç kimdən çəkinməyərək Azərbaycana üz tutsa da, ona Bakıda yaşamağa imkan vermədikləri üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı. Naxçıvanda xalq onu, o, isə xalqı müdafiə etdi. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti Naxçıvana da yönəlmişdi, onların planlarında buranın işğalı da nəzərdə tutulmuşdu. Ulu öndər buna imkan verməyərək erməniləri yerində oturtmaqla, Naxçvanı qorudu və bununla da müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olarq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək “Sovet Sosialist” sözlərinin çıxarılması da müstəqilliyə doğru gedən yolda atılan çox ciddi addımlardan biri idi. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol dahi öndərin təşəbbüsü, uzaqgörən təfəkkürü, gərgin əməyi, dərin düşüncəsi, iti zəkası, cəsarəti və qətiyyəti hesabına Naxçıvandan başlamışdır.

Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan mühüm bir hadisə idi. Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, həmçinin bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidli tələb ilə xahiş etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinə şərait yaratdı. Azərbaycanını və xalqını canından çox sevən Ulu Öndərin bu anda başqa seçimi yox idi. O, Bakıya gəldi və həmin anda həll edilməli olan ən ümdə məsələni-vətəndaş müharibəsinin dayandırılmasını həll etdi. Bundan sonra, Azərbaycanda sabitlik yarandı və bu böyük islahatların başlanmasına rəvac verdi.

Hər kəsə məlumdur ki, o illərdə Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş ölkə olduğundan, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Ancaq bütün bunlara baxmayaraq, Ulu Öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin bağlanılmasına nail oldu. O da məlumdur ki, Azərbaycan neftini dünya bazarlarına çıxmasında gərgin əməyi olan Ulu Öndər Heydər Əliyev Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlini öz əlləri ilə qoymuşdur. Bundan sonra, bu gün Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsi reallaşdı.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatların sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına zəmin yarandı. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən Ulu Öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanının əvəzsiz rolu xüsusi vurğulanmalıdır. Bu sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman əsasında hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, xüsusən də,mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edildi. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanını verdi. Məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu ali hüquqi akt ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası isə aparılan humanist siyasətin bariz nümunəsi idi. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.

Azərbaycan etibarlı əllərdədir

Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu daha da təkmilləşdirməklə zənginləşdirən və yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə reallaşdıran Prezident İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğruldaraq hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Möhkəm siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, yüksək erudisiyası, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun etibarlı qarantı olması ölkə liderinə xalqın böyük rəğbətini qazandırmışdır. Onun 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərindəki növbəti parlaq qələbəsi dediklərimizi bir daha təsdiq etmişdir. Möhtərəm Prezident İlham Əliyevin özünü xalqın birinci xidmətçisi kimi bəyan etməsi də məhz Heydər Əliyev ideoloji kursuna, onun siyasi irsinə sədaqətinin göstəricisidir. Xalqına bağlılığını və xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm etdirən belə bir optimist mövqeyin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, bu gün respublikamızın dinamik inkişafını təmin edən fundamental istiqamətlər sürətlə reallaşır. Azərbaycana ulu öndərin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi müdrik bir siyasətçi rəhbərlik edir və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirir. Möhtərəm Prezident İlham Əliyev dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın sürətlə qüdrətlənməsinin təmin edilməsini özünəməxsus peşəkarlıqla bacarmaqla yanaşı, onun davamlılığının yüksək templə inkişafını bu gün də uğurla davam etdirir. Azərbaycanda əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiyalı cəmiyyət formalaşır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycanın həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır. Hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Bu gün Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindəndanışarkən, xalqına və həyat yoldaşına olan sədaqəti, davranışı, elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti və digər bu kimi əsl Azərbaycan xanımına xas müsbət cəhətləri ilə bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna gəlişi hazırkı inkişafımızın daha da sürətlənməsinə və uğurlarımızın davamlılığına, həmçinin milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin inam və etimad var. İnsanların öz dərd-səri ilə dolu olan müraciətlərinin çox böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Bu həm də dövlətimizin ədalət gücünə olan inamdır. Prezidentin sosialyönümlü siyasətinin gerçəkləşməsində də, Mehriban xanımın zəhməti və fəaliyyəti misilsizdir. Təbiidir ki, vaxtilə onun xarici və daxili siyasətdə apardığı və bütün dünyada etiraf olunan fəaliyyəti hazırda yeni statusda daha yüksək səmərəliliklə davam edir, bu da öz növbəsində xalqımızın və dövlətimizin yeni uğurlarını şərtləndirir.

Ölkəmizin uğurlarından bəhs edərkən, bu gün dünyada bir nömrəli problemə çevrilən və planetimizi cənginə alan koronavirus infeksiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni xüsusi vurğulamaq lazımdır. Belə ki, Koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən onun yayılmasının və fəsadlarının qarşısının alınması, xalqımızın bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün dövlət başçımızın çox tədbirli davranmaqla zamanında müdrik qərarlar verməsi, həmçinin qətiyyətli addımlar atmaqla aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər edərək onlara göstərişlər, eyni zamanda dəyərli tövsiyələr verməklə bütün preventiv tədbirlərin görülməsini təmin etməsi ümumbəşəri bəla ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etdi. Bununla da, vaxtında qəbul edilən doğru qərarlar və görülən ciddi tədbirlər nəticəsində koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınır və dövlətimiz bu sınaqdan da uğurla çıxır.

Təcrübə göstərdi ki, dünyanı bürüyən koronavirus infeksiyası xüsusilə yaşlı insanları daha tez yoluxdurur və onların sağlamlıqlarını ciddi təhlükə altına qoyur. Bunu nəzərə alan adil və insanpərvər rəhbər ilk olaraq yaşı 65-dən yuxarı olan insanlara xüsusi həsasslıqla yanaşaraq aidiyyati dövlət qurumları tərəfindən onların sağlamlığının qorunması, zəruri istehlak məhsulları ilə təchiz olunması, onlara evlərində sosial xidmətlər və digər köməklik göstərilməsi üçün lazımi tədbirlərin görülməsini təmin etdi. Azərbaycan Prezidentinin dünyanı bürüyərək insanların həyatını təhdid edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması həm də böyüklərimizə olan diqqət və hörmətin bariz nümunəsi idi.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu insanpərvərlik ənənələrini davam etdirərək ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutan Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan məhkumları da diqqətdən kənarda qoymadı. Dövlət başçısının dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə almaqla və humanizm prinsiplərinə əsaslanaraq 06 aprel 2020-ci il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam humanist siyasətin növbəti bariz nümunəsi idi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ildə 34-cü əvf aktı olan sözügedən sərəncamla çətin günlərdə çoxsaylı ailələri sevindirməsi, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yəni yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etməklə 165 kişi və 11 qadını cəzanın çəkilməmiş hissəsindən azad etməsi insan amilinə verilən yüksək dəyərin göstəricisi idi. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən və hansı zümrəyə aid olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunur. Dövlət başçısının məhkumluq həyatı yaşayan bəzi yaşlı insanları əfv etməsi həm də koronavirusla mübarizəyə töhfə oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın növbəti örnək addımlarından, bir illik əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmələrindən ibrət götürən ölkə ictimaiyyətinin, o cümlədən dövlət orqanları və qurumlarının, özəl təşkilatların, sahibkarların, sadə insanların, bir sözlə maddi imkanı yol verən hər kəsin, eləcə də prokurorluq işçilərinin nəcib təşəbbüsə qoşularaq adıçəklən Fonda könüllü ianələr etməklə bu məsələdə də həmrəylik nümayiş etdirmələri isə xüsusi vurğulanmalıdır. Bu xalq-hakimiyyət birliyinin daha bir əyani sübutu idi.

Möhtəşəm 44 gün-Prezident-xalq birliyinin təntənəsi

Ulu öndərin mükəmməl siyasətinin onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərkən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni xüsusi vurğulamaq lazımdır.Ümummilli lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında növbəti təxribatlara başlayan Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Bütün xalq Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandan və onun rəhbərlik etdiyi qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri şanlı tarix yazmağa müvəffəq oldular. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların sayəsində qısa zamanda ardıcıl uğurlar qazanılmaqla kəndlərimizin, qəsəbələrimizin, yaşayış məntəqələrimizin, eləcə də şəhərlərimizin, o cümlədən Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət Şuşanın işğaldan azad olunması Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Hərbi Prokurorluq işçisi olaraq qeyd olunan dövrlərdə bilavasitə döyüş əməliyyatlarının və əldə olunan ardıcıl zəfərlərin şahidi, eləcə də işğaldan azad olunmuş torpalara ilk ayaq basan şəxslərdən biri kimi xüsusi vurğulamaq istərdim ki, müşahidə etdiyim mənzərələrin unudulmaz təəssüratlarını sözlə ifadə etmək mümkün deyil. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən və şəhid verilmədən işğaldan azad olunması isə hər birimizdə ömür boyu xatırlanacaq xoş ovqat yaratdı.

Yerigəlmişkən qürur hisləri ilə qeyd etmək lazımdır ki, 44 günlük döyüşlər zamanı prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər. İşin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda Hərbi prokuror və onun müavinləri, o cümlədən mən də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş bölgələrinə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurum və şəxslərin qarşısında məsələ qaldırılmasını təmin etmişlər. Eyni zamanda hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə bilavasitə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sadalananlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunmuş hərbi hissə və bölmələrin şəxsi heyəti ilə hərbi prokurorluq əməkdaşları tərəfindən mütəmadi olaraq görüşlər keçirilmiş, hərbi qulluqçuların məişət və xidmət şəraiti ilə maraqlanılmış, hər hansı çatışmazlıq və ya problem aşkar edildikdə, aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti üzrə müraciət olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindən bir neçə gün əvvəl ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevlə Hərbi prokuror cənab Xanlar Vəliyevin cəbhə bölgəsinə birlikdə uğurlu səfərləri baş tutmuşdur. Səfər çərçivəsində hərbi qurumların rəhbərləri və şəxsi heyətlə müvafiq söhbətlər aparılmış və zəruri tövsiyələr verilmişdir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlki illərdə olduğu kimi ötən il də həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin müavini cənab Kərim Vəliyevlə birlikdə isə Müdafiə Nazirliyinin tabeliyində olan cəbhə xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçirmişdir. Hər il olduğu kimi, 2020-ci ildə də, o cümlədən döyüş əməliyyatları gedən zaman da Hərbi Prokurorluğun işçiləri, Respublika Hərbi prokurorunun müavinləri, o cümlədən mən, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları və digər əməkdaşlar aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfər etmişlər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hislərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılmış, verilən suallar ətraflı cavablandırılmış, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılmışdır.

Dərin minnətdarlıq hisləri ilə vurğulanmalıdır ki, prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmiş və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 əməkdaş, o cümlədən Hərbi Prokurorluğun 9 işçisi möhtərəm Prezidentin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə müvafiq olaraq orden və medallarla təltif edilmişlər.

Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində heç bir vaxt belə uğurlu baş tutmamış birlik və həmrəylik yaşandı. Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda siyasi partiya və təşkilatlar, həmçinin ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar xalqın, dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduqlarını bəyan edir, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirdilər. Təbii ki, qazanılan bu möhtəşəm qələbə müdrik və yenilməz sərkərdəsi olan qüdrətli ordu və ona dəstək verən əzmkar xalq birliyinin nəticəsi idi.

Hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması­nın 100 illiyi münasibətilə keçirilən hərbi paradda uzaqgörən lider İlham Əliyev demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaq­lar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, gözlənilən o möhtəşəm gün gəldi. Dekabrın 10-da paytaxtımızın ən böyük meydanı olan “Azadlıq meydanı”nda Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.Paradın keçirildiyi gün təsadüfi seçilməmiş, düşmənin cəfəng “müstəqillik” tarixinin yaddaşlardan silinməsinə hesablanmışdır. Bu münasibətlə keçirilən möhtəşəm parad böyük zəhmətin, eləcə də uzun illər ərzində görülmüş nəhəng işlərin bəhrəsi idi. Azərbaycan xalqı tarixi ədalətin bərpa edilməsini bayram edərək müstəqillik illərində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. 3000 nəfərdən artıq şəxsi heyətin qatıldığı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunduğu Zəfər pa­radında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun məğlub etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də göstərilməsi, hər birimizə fəxarət dolu anlar yaşatdı.

Hər kəsə məlumdur ki, bundan öncə də həmin meydanda bir neçə parad keçirilmişdir. Bu paradın əvvəlki paradlardan fərqi ondan ibarət idi ki, həmin gün, meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordu keçirdi. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssuratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər paradı idi. Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün böyük əhəmiyyətli siyasi bir eyham oldu.

Ümummilli lider Heydər Əliyevin müasir tələblərə uyğun gerçəkləşdirilən ali və ölməz ideyalarının ölkəmizə, eləcə də xalqımıza qazandırdığı sadaladığımız bütün bu uğurlar qəti əminliklə onu deməyə əsas verir ki, bu mütərəqqi ideyaların müəllifi millətimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar