Xəbər lenti
Üç ölkə vətəndaşı olan Lapşinə görə Kreml qərəzi və saxtakarlığı
RF vətəndaşı olan Dilqəm Əsgərova və həyat yoldaşı Rusiya vətəndaşı olan Şahbaz Quliyevə görə narahatlıq keçirməyən rəsmi Moskva separatçı bloggerlə bağlı Azərbaycanın üzərinə hücumlar etməklə ermənipərəstliyini bir daha göstərir
Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozan, dəfələrlə Dağlıq Qarabağa qanunsuz səfərlər edən, dövlətimizə qarşı kampaniya aparan separatçı blogger Aleksandr Lapşinin həbs edilərək, Belarusdan Azərbaycana ekstradisiya olunması zərurətdən doğan, dövlətçilik prinsipləri üçün atılan bir addım kimi qiymətləndirilir. Burada de-yure bütün əsaslar mövcuddur və Azərbaycan bu məsələdə tam haqlıdır. Obyektiv beynəlxalq təşkilatlar bununla bağlı hansısa bir etirazlar səsləndirməyin mümkün və əsaslı olmadığının fərqindədirlər.
Bu baxımdan, “Amnesty İnternational” təşkilatının Azərbaycanı Lapşini azad etməyə çağırması açıq şəkildə qərəzli bir mövqedir. Bu və digər beynəlxalq təşkilatlar fərqinə varmır ki, burada söhbət siyasi məsələdən deyil, sırf hüquqi bir müstəvidə həyata keçirilən prosesdən gedir. Hüquqa, dövlətlərə, onların qanunlarına və özünə hörmət edən təşkilat maksimum Lapşinin mühakiməsinin qanunlar çərçivəsində həyata keçirilməsini tövsiyə edə bilər, buna isə zərurət yoxdur. Çünki Azərbaycan dövləti bu məsələyə bütün dünyanın diqqətinin yönəlməsinin fərqindədir və buna görə də Lapşinin işi üzrə bütün prosedur qaydalara əməl edilir. Bunu Azərbaycanın müstəqil, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquq müdafiəçiləri də bəyan ediblər.
Söhbət ondan gedir ki, Lapşin bloqçuluqla deyil, faktiki olaraq Azərbaycana qarşı təxribatlar törətməklə, dövlətimiz əleyhinə çağırışlar etməklə, separatçılıqla məşğul idi. Azərbaycanın tələblərinə baxmayaraq o, bu missiyasından uzun illər ərzində əl çəkmədi və nəhayət, həbs olunmağa haqq etdi.
Lapşin kifayət qədər qaranlıq fəaliyyəti olan bir bloggerdir; o mənada ki, hazırda üç ölkənin - İsrail, Ukrayna və Rusiyanın vətəndaşı olan blogger bütün imkanlarını məhz Azərbaycana qarşı səfərbər etmişdi. Ekspertlər istisna etmir ki, o, blogger adı altında agent kimi çalışıb və Azərbaycana qarşı törətdiyi cinayətlər sifarişli bir kampaniyadır. Əgər o, blogçuluqla məşğul idisə və boynundakı missiya yalnız Azərbaycana qarşı təxribatlar törətməkdən ibarət deyildisə, dünyada mövcud olan digər münaqişə ocaqlarından da yaza və çağırışlar edə bilərdi. Məsələn, hazırda onun üçün canfəşanlıq edən və vətəndaşı olduğu Rusiya Lapşinin vətəndaşı olduğu digər ölkədə - Ukraynada separatçılıqla məşğuldur, Krımı özünə zorla ilhaq edib, digər Ukrayna ərazilərində də qanı su yerinə axıdır. Lapşin niyə bunlardan danışmırdı? Nədən o, yalnız Dağlıq Qarabağ münaqişəsi üzərindən Azərbaycana qarşı fəaliyyət göstərib, Ermənistanın maraqlarına xidmət edib?!
Lapşin həbs olunduqdan sonra Rusiyanın bu məsələdə tutduğu - Azərbaycanın üzərinə gəlinməsi, Lapşinin azad edilməsi tələbi kimi absurd mövqe bir çox mətləblərə aydınlıq gətirmiş oldu, eyni zamanda bilindi ki, Lapşin kimin sifarişçisi imiş. Ən əsası, bir daha bəlli oldu ki, Rusiya Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqeyində israrlıdır və onu Azərbaycanın ərazi bütövlüyü, hüquqları, dövlət maraqları ilgiləndirmir. Xüsusilə aydınlaşdı ki, Rusiyanın Lapşinin simasında “vətəndaş davası”na çıxması da saxtakarlıq, ikili yanaşmadır. Buna dair təkcə bir faktı qeyd etmək kifayətdir: Doğulduğu və bu gün erməni işğalında olan Kəlbəcərə Azərbaycan ərazisindən keçib gedərək, anasının qərbini ziyarət edən Dilqəm Əsgərov 2014-cü ildə ermənilər tərəfindən girov götürüləndə Rusiya vətəndaşı olub və bu gün də Rusiya vətəndaşıdır. Həmçinin Dilqəm Əsgərovla birlikdə girov götürülən Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşıdır!
Dilqəm Əsgərovun ailəsi və xanım Veselova erməni girovluğunda saxlanılan soydaşlarımızla bağlı Rusiya prezidenti Vladimir Putinə, RF-nin Azərbaycandakı səfirliyinə hələ 2014-cü ildə rəsmi müraciətlər ediblər.
Lakin Rusiya bu iki vətəndaşı ilə heç maraqlanmadı, səsini çıxarmadı, Ermənistan qarşısında tələb qoymadı ki, onun vətəndaşını girovluqdan azad etsin. Hansı ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir beynəlxalq qanunu da pozmayıblar, əksinə, ermənilər onları qanunsuz olaraq girov götürüb. Lapşin isə beynəlxalq miqyaslı bir cinayət işləyib, buna görə də hüquqa əsaslanan formada Belarusda həbs edilib, rəsmi qaydada və hüquq çərçivəsində ölkəmizə ekstradisiya olunub. Onun mühakiməsi də Azərbaycan Respublikası adından hökm verən məhkəmə tərəfindən həyata keçiriləcək. Yuridik baxımdan tam doğru olan bu addımların qarşılığında Azərbaycanın üzərinə hücumlar edən Rusiya hansı səbəbdən öz vətəndaşı olan Dilgəm Əsgərovun girov saxlanılmasına, qondarma bir rejimin “məhkəməsi” tərəfindən mühakimə olunmasına təpki göstərmədi? Vətəndaşlarına qarşı ayrı-seçkilik göstərməklə, yəni Dilqəm Əsgərovu “unudub” Lapşinin müdafiəsinə qalxmaqla Kreml simasını, saxtakarlığını da ortaya qoymuş oldu...
Eyni zamanda Rusiya bununla büruzə vermiş oldu ki, Lapşin onun missioneridir.
Bütün bu ayıblarının qarşılığında isə Rusiya açıq şəkildə Azərbaycanın üzərinə gəlir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Lapşin məsələsi ilə bağlı açıqlamaları, həmçinin Rusiya iqtidarının nəzarətində olan telekanalların, saytların Azərbaycana qarşı çıxmaları Kremlin mövqeyi kimi başa düşülür. Axı bu telekanallar və saytlar Dilqəm Əsgərov məsələsində səslərini çıxarmayıblar! İndi niyə bu şəkildə vətəndaş canfəşanlığı edirlər? Deməli, onlar da məhz Kremldən gələn tapşırıqları icra edirlər...
Rusiya hələ Lapşin ötən ilin dekabrında Belarusda saxlanılarkən onun Azərbaycana verilməsinə qarşı çıxdı. Lakin Moskvanın çabalarına baxmayaraq, Belarus təxribatçını Azərbaycana təhvil verdi. Bundan sonra Rusiya faktiki olaraq Azərbaycanla Lapşin davasına çıxıb. Kreml belə fon yaratmaq istəyir ki, guya onların davası A.Lapşinin RF vətəndaşı olması ilə bağlıdır. Amma Lapşin formal olaraq Rusiya vətəndaşıdır: o, milliyyətcə yəhudidir, İsrail və paralel olaraq da Ukrayna vətəndaşıdır. Yəhudi əsilli bloggerin qanunsuz fəaliyyətinə görə həbs olunmasına vətəndaşı olduğu İsrail qanunlar çərçivəsində yanaşır və məhkəmənin verəcəyi qərarı gözləyir. Eyni zamanda vətəndaş məsələsində kifayət qədər həssas olan Ukrayna da Rusiyadan fərqli olaraq Azərbaycan qarşısında qabacasına tələblər qoymur. Çünki burada söhbət Lapşinin cinayət törətməsindən gedir və o, sözsüz ki, buna görə cavab verməlidir. Dilqəm Əsgərov məsələsində vətəndaş məsələsinin onun üçün önəmli olmadığını nümayiş etdirmiş Rusiyanın indi Lapşinə görə davaya çıxması Rusiyanın başqa maraqları olduğunun göstəricisidir. Kreml, sadəcə, bundan, yəni vətəndaş amilindən sui-istifadə edərək, həm özünü Cənubi Qafqazda hegemon kimi təqdim etməyə çalışır, həm də bir növ öz casusunun davasını aparması təəssüratını yaradır.
Məsələ ondadır ki, ABŞ-da keçirilən son prezident seçkilərindən sonra Rusiya Trampın ətrafında cərəyan edən proseslərdən dolayı Amerikanın başının özünə qarışmasından istifadə edərək, eyni zamanda Birləşmiş Ştatların yeni prezidentinin özünün bu regionla bağlı maraqsız görünməsi kimi illüziyalara qapılaraq Cənubi Qafqazda möhkəmlənmək, “burada ancaq mənəm” görüntüsünü yaratmaq üçün cəhdlər edir. Lapşin məsələsi də Kremlə bu arzusunun həyata keçirilməsi üçün sanki bir fürsət verib.
Ancaq bütün bunlar heç də o demək deyil ki, Rusiyanın saxtakar mövqeyini ifşa etmək mümkünsüzdür. Və qətiyyən mümkün deyil ki, Tramp ABŞ-ın dövlət maraqlarının əksinə gedərək, Cənubi Qafqazı Rusiyanın ixtiyarına buraxacaq. Sadəcə, Rusiya hələlik kəmfürsətlik edərək, belə demək mümkündürsə, “bir qarış önə getmək” cəhdləri edir. Bunun isə zərbəsini sonda özü alacağı şübhəsizdir. Çünki ABŞ ona heç Krımın işğalçılığını bağışlamır və buna görə dirəniş göstərir. Belə bir məqamda Rusiyanın Cənubi Qafqazda söz sahibinə çevrilməsinə imkan veriləcəyi sadəcə xülyadır. Bu illüziyasına tapınaraq Rusiyanın Lapşindən “vətəndaş” kimi yapışması isə suda boğulanın saman çöpündən yapışmağına bənzəyir...
Elşad Məmmədli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar