Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən sənin ömrünə sülhü gətirən, bəyaz göyərçinin olmaq istədim"

Tarix: 16-03-2021 14:57     Baxış: 3550 A- / A+
"Mən sənin ömrünə sülhü gətirən, bəyaz göyərçinin olmaq istədim"


Manevr.az Fatimə Azadın şeirlərini təqdim edir:


İSTƏDİM

Mən sənin ömrünə sülhü gətirən,
Bəyaz göyərçinin olmaq istədim,
Mən sənin səmanda parlaq günəşin,
Ürəyini yaxan odun, atəşin,
Ömür qatarında ən son sərnişin,
Daha nələr, nələr olmaq istədim...
Mən səninən gözəl arzu ,diləyin,
Göydən yerə enən ağ bir mələyin,
Hər kəsdən daha çox sənin gərəyin,
Bu böyük dünyada yeganə,doğma,
Ən yaxın həmdəmin olmaq istədim...
Sənin həyatında yeni bir səhifən,
Ən böyük hədiyyən,dəyərli töhfən,
Yox! Heç söyləmə ki,qəfildən,səhvən,
Yanlış bir ünvana gəlmək istədim...
De, sən nə etdin bəs?
Kor qoydun,lal etdin,kar etdin məni.
Mən sənin gözündə nurun,çırağın,
Olmaq istəyərkən...
Bir zülmət dünyada tərk etdin məni...
Diriykən məzara yar etdin məni...


Gəl, ruhumun dostu, gəl söhbət edək...

Gəl, ruhumun dostu, gəl söhbət edək,
Dəniz sahilində bu gün səninlə,
Günəşin qürubun birgə seyr edək.
Sənə həyatımdan dastan söyləyim.
Sakit qulaq asma!Hərdən irad tut,
Hərdənbir sual ver.
Hərdən lap atamtək zəhmlə danla.
Amma səbrli ol,məni də anla,
İndi bunlardan çox, bir qardaş kimi,
Bəlkə də ən əziz bir insan kimi,
Sənin xoş sözünə ehtiyacım var.
Bilirsən, dərdim çox yaman üzgünəm,
De mənə harda səhv,harda düzgünəm,
Nəyi tamamlayıb,nöqtəsin qoyub,
Nəyi yarımçıq da qoyub gəlmişəm?
De, çəkinmə, söylə, çoxmu savabım,
Yoxsa günahlarım sonsuzdur mənim,
Bəzən qalmasa da dözümüm tabım,
Çalışıb gözümün yaşın silmişəm,
Qalxıb da yoluma davam etmişəm.
Gəl, ruhumun dostu, gəl söhbət edək,
Bu gün böyüyüm ol, ağsaqqalım ol,
Bəlkə ilk ya sondur bu etirafım.
Çox ürəklər qırdım, çox da səhv etdim,
Suçlunu günahsız bilib əfv etdim,
Açıq qapıları örtüb gedərək,
Mən öz taleyimi,böyük sevgimi,
İçimə gömərək onu məhv etdim.
De,ruhumun dostu,söylə sən mənə,
Həyatmı amansız, mənmi qəddaram?
Amma ömrüm boyu bilmədim haram,
Çalışıb zəhmətlə ruzi qazandım,
Çətinə düşəndə Rəbbimi andım.
Ona xoş günümdə şükr etdim yenə.
...Deyəsən çox yordum bu gün səni mən,
Gəl, ruhumun dostu, gəl sarıl mənə,
Bu böyük dünyada bu gün sən mənə,
Ata ol, qardaş ol, yaxın sirdaş ol,
Uzun yola çıxaq,mənə yoldaş ol.
Yanında saflaşmaq istədim bu gün.
Mənim mənadolu, gözəl nümunəm,
Dəyərli xəzinəm!

...Gəl Ruhumun dostu, gəl sarıl mənə,
O isti ağuşun bəs edər mənə...


Necə sevməyim mən səni

Necə sevməyim mən səni,
Sənsiz bir an üzüm gülmür,
Yüz insan əhatəsində,
Gözlərim tək səndən başqa,
İnan, bir kimsəni görmür.
Bu ürəyimdə odlanan,
Yandırdığın o məşəlin,
Odu, atəşı heç sönmür.
Hərdən incitsən də məni,
Üzüm səndən niyə dönmür?!
Necə sevməyim mən səni,
Ürəyimdəsən sən mənim,
Büsbütün xəyallarımda,
Ən şirin yuxularımda,
Bit tək sənsən yenə mənim,
Bil, ömrüm qalsa yarıda,
Cismən olsam o dünyada,
Gözlərimi qapatmayın!
Onlar səni axtaracaq,
Sərkərdan tək bu dünyada.
Necə sevməyim mən səni,
Gozlərimə həkk etdiyim,
Əksin heç zaman silinməz,
Daddığım hər naz,nemətin,
Ləzzəti, dadı bilinməz,
Günüm keçmir inan sənsiz,
Sən olmasan ürəyimdə,
Bomboş qalan bu dünyanın,
Günəşi olmaz səmanın,
Ayı, ulduzu da sönər,
Fəsillərin ən gözəli,
Gözlərimdə qışa dönər.
Necə sevməyim mən səni,
Ürəyimdəsən sən mənim,
Yanımda olduğun anda ,
Dörd yanımda bahar, yazdır,
Nə desəm, nələr söyləsəm,
Elə bilirəm bu azdır.
Bir saniyəm keçmir sənsiz,
Necə yaşayaram sənsiz,
Dünya tərsinə fırlanar,
Ürəyim od tutub yanar,
Necə sevməyim mən səni?!


Nigaran qalma məndən...

Hələ də çox güclüyəm,
Baxıb halıma gendən,
Nigaran qalma məndən.
Bir gün bu da keçəcək,
Cavabsız qalan sevdam,
Qəlbimdən silinəcək.
Düşünmə ki, yazdığım,
Dediyim hər kəlməylə,
Mən səni sınayırdım.
Vallah, mən səni deyil,
Bu sonu olmayan heç,
Dəli bir sevdam üçün,
Özümü qınayırdım,
Özümü danlayırdım.
Hər kəlməndə bir haqq var,
Mən səni anlayırdım.
Bağışla ki,suları ,
Sakit axan dənizdə,
Tufanlar qoparmışam.
Mayakı gözdən itən,
Xəyallar gəmisinə,
Məhəbbətimlə dolu,
Bir ümid aparmışam.
Bilməzdim ki, bir gün mən,
Arzu edə bildiyim,
Bu heyranlıq hissini,
Məhz səndə taparmışam...
Bağışla ki, hələ də,
Çox üzürəm mən səni,
Olmasan da yanımda.,
Varlığın bu dünyamda,
Bəs edir bu gün mənə...
Bağışla ki,susdura,
Bilmirəm ürəyimi,
Ikimizin dünyası,
Sən demə bizə deyil,
Təkcə mənə məxsusmuş.
Əfsuslar olsun, daha,
İlham pərim də susmuş...
Bağışla, heç bilməzdim,
Bu başlanğıc bir sonmuş.
Amma bir söz de mənə,
Bir gün başqa məkanda,
Ya da başqa zamanda,
Çıxsaydım mən qarşına,
Milyonların içindən,
Sən məni seçərdinmi?!
Yoxsa sərt baxışınla ,
Ötüb də keçərdinmi?
Sən məni sevərdinmi??
İstərdinmi bir ömür,
Mən yanında olaydım,
Qayğına mən qalaydım,
Hər səhər səni işə,
Öpüb yola salaydım...
Eh, həqiqət olmayan ,
Arzular və xəyallar...
Amma sənə ürəkdən,
Bir təşəkkür borcluyam,
Qəlbimdə yaşatdığın,
Bu dəli sevdam üçün,
Hər duamda sən varsan,
Elə yaxşı ki, varsan,
Amma yenə deyirəm,
Hələ də çox güclüyəm,
Baxıb halıma gendən,
Nigaran qalma məndən,
Hər şey yaxşı olacaq,
Hər şey gözəl olacaq....


Bu bahar qəlbimdən silirəm səni…


Bu gün mən səninlə dəli-doluyam,
Vücudum ruhuna əsir düşübdü,
Bir həzin mahnıda anaraq səni,
Əqlim ürəyimdən yaman küsübdü.

Hələ də gözlərim axtarır səni,
Dolu küçələr də mənə boş gəlir,
Dörd yanım sevinib, gülsə də mənə,
İçimdə səssizlik daha xoş gəlir.

Hələ çox suala cavab axtarıb,
Səninlə üz üzə gəlmək istədim,
Bu yaz axşamında adını anıb,
Sənsizlik içində səni səslədim.

Niyə heç unuda bilmirəm səni,
Hər bahar gələndə yaz yağışıyam,
Qəlbimə axıdıb göz yaşlarımı,
Bəlkə gec olsa da, fərq etməz daha ,
Bu bahar qəlbimdən silirəm səni...



Sevgimi təxirə saldığın gün...

Bu gün mənə nə olubdu?
Utanaraq hisslərimdən,
Aynaya baxan gözlərim,
Simamı görməz olubdu.
Peşmanlıqdan süzülərək,
Yanagımdan axan yaşlar,
Sanki qəlbimə dolubdu...
Bu gün,bu an,ürəyimin,
Bağçasında çiçək açan,
Bir dəli sevdam solubdu...
Kimdir o aynadan mənə,
Tənə ilə baxan qadın?
O, mənmiyəm?!
Etiraf edib sevgisin,
Qürurundan,
mənliyindən keçənmiyəm?!
Bu mənmiyəm?!
Öz gücünə, coşğusuna,
Atəşinə güvənməyən?!
Daha aynadan baxan o ,
Əksini heç bəyənməyən...
...Nəyimə gərəkdir indi,
Şərəfinə çox təriflər söylədiyin,
Toxunulmaz gözəlliyim,
Bu mənasız özəlliyim,
Nəyimə lazımdır söylə,
Ağlasığmaz məkanlarda,
Səni axtaran gözlərim,
Sənə ünvanlanan sonsuz,
Məhəbbət və ümid dolu,
Üst üstə yığılıb qalan,
Tamamlanmayan sözlərim.
Məni tanıyırsan axı,
İstəmirəm yalan,şəhvət,
Çirkablarla dolu olan bu dünyanı,
Sənli,sənsiz boşa keçən bu zamanı...
Bir diləyim vardır səndən,
Az qala səcdə etdiyim,
Ömrümə çıraq etdiyim,
Sevgimi mənə çox bilmə,
Dönüb gedərkən qoyduğun,
Ən gözəl xatirələri.
Nə olar qəlbimdən silmə.
...Kimdir o aynadan baxan,
Tanımadığım o qadın,
Bu mənmiyəm?!
Kimsələrə əyilməyən,
Amma dəli sevdasının,
Qarşısında boyun əyən,
Hərdən səsini eşidib,
Qəlbində buzu əridən...
Neyləyim ki, sən sevgimi,
Təxirə saldığın gündən,
Mən sənə həsrət!DƏLİYƏM!...

Fatimə Azad

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar