Xəbər lenti
"Könlüm kimi viran olan, talanan, yer üzündə görən neçə şəhər var?" -Elçin ŞİRİNOV (şeirlər)
Elçin Şirinov "mən şair deyiləm", deyir. Bu, onun fikridi. E.Şirinovun bir neçə şeirini Manevr.az təqdim edir. Bu barədə oxucularımız nə düşünür, bu maraqlıdı....
İnanarsanmı...
Düşüncəmə sarmaşıqtək sarışan,
Düşündükcə göz yaşıma qarışan,
Öz ətriylə çiçəklərlə yarışan,
Bir sevgim var desəm, inanarsanmı?
Vüqarıyla uca dağa bənzəyən,
Saflığıyla buz bulağa bənzəyən,
Ağlamağı kür uşağa bənzəyən,
Bir sevgim var desəm, inanarsanmı?
Şəlalətək, bir uçrumdan hay salan,
Qartal kimi qayalara qıy salan,
Ürəyimə od-alovdan pay salan,
Bir sevgim var desəm, inanarsanmı?
Arzuları qönçə tutmuş gül kimi,
Çılğınlığı coşub, daşan sel kimi,
Həzinliyi sazda "Sarıtel" kimi,
Bir sevgim var desəm, inanarsanmı?
Gəlmisən
Bacadan süzülən ay işiğıtək,
Süzülüb ruhuma qonaq gəlmisən.
Əvvəllər həsrətin öncə gələrdi,
Bu gün həsrətindən qabaq gəlmisən.
Özün dəlisosan, xəyalın kövrək,
Niyə belə pərişansan de görək?
Gözüm nuru, otur azca dərdləşək.
Niyə bir ayağı qaçaq gəlmisən?
Sən dönük çıxalı verdiyin sözə
Sevdamız ömürlük dərd oldu bizə.
O sönmüş ocağa, səngimiş közə,
Can verə bilmərik, nahaq gəlmisən.
Əzəldən tərs düşdük qismət sarıdan,
Sevdiksə də yarıtmadı yarıdan.
Artıq ömür çoxdan keçib yarıdan
Yenə uşaq kimi qorxaq gəlmisən.
Var
Yaddaşımda şirin sevgi nağılı,
Qismətimdə bir ömürlük kədər var.
Ağlamağı öyrətməyə çalışma,
Öz içimdə dəryalarcan qəhər var.
Varmı məntək dərdi-dərdə calanan?
Nakam eşqə düşüb oda qalanan,
Könlüm kimi viran olan, talanan,
Yer üzündə görən neçə şəhər var?
Sən ömrümdə həm sevincim, həm qəmim,
Dərd ortağım, sirr böldüyüm həmdəmim.
Ta inanma sevgi yaza qələmim,
Sözlərimdə bal bükülü zəhər var
Yalan
Yalandan yaranıb yalançı dünya,
Xəmiri, ədvası, mayası yalan.
Yalan, yalan doğdu, yalan böyütdü,
Bələyi, beşiyi, laylası yalan.
Yalançı ilmənin yalan naxışı,
Məkirli ürəyin yalan baxışı,
Yalançı dillərin yalan alxışı,
Yalançı möminin duası yalan.
Yalan var qırmızı, yalan var ağdı,
Yalan var yekədi, elə bil dağdı.
Yalnçı adamlar ölükən sağdı,
Aldığı nəfəsi, havası yalan.
Kişilər görmüşəm, yalana nökər,
Yalan, yalançının dilində şəkər.
Yalançı qadınlar yalan yaş tökər,
Qəlbinin duyğusu, sevdası yalan.
Oğulsan baş saxla yalan içində
Yalanlar görsənir doğru biçimdə.
Yazıq Elçin aldanmısan seçimdə,
Fikrinin doğruluq xülyası yalan.
Elə gözəldi ki...
Xəyalınla yaşayıram,
Güman elə gözəldi ki..
Ürəyimə məhəbbəti
Daman, elə gözəldi ki...
Gözəllərin küsgünündən,
İncimişəm küs günündən.
Qaçma eşqin çisginindən
Duman elə gözəldi ki...
Dedim üzüb elə getmə.
Halım bilə-bilə getmə...
Qəvvassansa gölə getmə
Ümman elə gözəldi ki...
Gənclik geçdi bax havayı.
Nə tapdım qəmdən savayı.
Bu yaşımdan sevgi payı
Uman, elə gözəldi ki...
Eşqi var
Minlərlə rəng verər gülə-çiçəyə
Qoca təbiətin bahar eşqi var.
Yüz illər sevgisi yanında bitən,
Qoşa palıd eşqi, çinar eşqi var.
Sərsəm ağıl Məcnun eşqin yozammaz,
Lal barmaqlar sevgi notu yazammaz.
Milyon dəfə zər atsa da qazanmaz,
İnsanın fələklə qumar eşqi var.
Eşq var ki, bihuşluq piyaləsidi.
Nakam eşq, ürəyin ah naləsidi.
Eşq də var, ömürlük qəm şələsidi,
Biçarə Elçinin bimar eşqi var.
Ağac
Bu dünya ağacla doludur qardaş.
İydə agacı var ,Nar ağacı var...
Çinar öz boyuyla çox öyünməsin,
Çünki çırtdan boylu bar ağacı var...
Adam var ağacla yola çəkilir,
Adam var qəbrində ağac əkilir.
Adam var ağacda dara çəkilir,
Mənim də ruhumun dar ağacı var....
Qoltuq ağacı var, əlillər üçün.
Görmə ağacı var, zəlillər üçün.
Ümannlarda üzən gəmilər üçün,
Yelkəni saxlayan dor ağacı var.
Ağac var, kəsilir, tirə çevrilir
Ağac var, müqəddəs pirə çevrilir.
Sevənlər görüşən yerə çevrilir,
Duyğulu qəlblərin yar ağacı var.
***
İstərəm ömürlük həmdəmin olum,
Sevməsən ötəri qonaq eləmə.
Ürəyin yetirsə gəl sevgilim ol,
Məni yad sevgiyə ortaq eləmə...
Mənə nə kim səni necə sevibdir?
Kimi xəyal, kimi güman kimidir
Ucuz sevgilərə tay tutma məni
Mənim duyğularım ümman kimidir.
Mən çətin adamam, dəli duyğulu...
Asan sevgiliyə yar olmaram ki.
Demə: "Bezəcəksən günün birində"
Ömrümcə sevgindən yorulmaram ki..
Sənsizlik
Mənə badə vermisən,
Eşq adlı meynən dolu.
Sənə məktub yazmışam,
Sözlər gileynən dolu.
Güllərə oxşarın var,
Bənövşəsən, süsənsən.
Məktubu göndərmədim
Tez inciyib küsənsən.
Sevdan zindan kimidi,
Həsrətin ondan ağır...
Bir çətir göndər gülüm
Göydən sənsizlik yağır.
Elçin ŞİRİNOV
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar