Xəbər lenti
"Hələ mən görməmişdim belə zəfər paradı..." - Rafiq Yusifoğlu
Manevr.az Rafiq Yusifoğlunun şeirlərini təqdim edir:
ZƏFƏR PARADI
Araşdırdım tarixi, çox axtardım, aradım,
Hələ mən görməmişdim belə zəfər paradı...
Şütüyür tanklar, toplar, təyyarələr, dronlar...
Yaşasın haqq işində bizə arxa duranlar!
Xilas etdik yağıdan Kəlbəcəri, Laçını!
Yurd yerləri sevincdən uçum-uçum uçunur...
Sakitcə baxmaq olmur Füzuliyə, Ağdama,
Gərək naxələflərin gözlərinə ağ dama...
Cəbrayıl gedib huşa, Şuşa xəyala dalıb,
Zəngilan inildəyir, Qubadlı viran qalıb...
İgidlər son qoydular illlərin ah-ufuna!
Salam olsun qəhrəman şəhidlərin ruhuna!
Düşməni yurdumuzdan pərən-pərən salmışıq,
Gözün aydın, Xocalı, qısasını almışıq...
Qələbə sevinciylə coşur Araz, Həkəri.
Gözümüz aydın olsun, yandı tale ülkəri...
Xəbər çatdı Bağdada, xəbər çatdı Hələbə,
Gözün aydın, Nəsimi, bizimlədir qələbə...
Koroğlunun, Nəbinin, Cavanşirin ruhu şad...
Nümayişə tələsir Tərtər, Araz, Bərgüşad...
Qələbə sevinciylə gülür ellər, obalar,
İlan ulduz görməsə, ölməz deyib babalar...
Yurd eşqi köksümüzdə bir sönməz ocaq çatıb,
Nə qədər fısıldayan ilanın fısı yatıb...
Baxıb bir cüt bayrağa yana-yana qalan var,
Bərq vuran ulduz görüb fısıldaşır ilanlar.
Bu möhtəşəm qələbə qoy olsun halalımız,
Bədrlənmiş ay olsun qoşa türk hilalımız!
10.12.2020
KƏLBƏCƏRİN DAĞLARINA
YAĞDI QAR
Ana yurdum, daha sənin nə dərdin?
Övladların ağ etdilər üzünü.
Közərtdilər kül altında gizlənən
Ocaqların bizə həsrət közünü...
Bu yerlərdən kəsilmişdi ayağım,
Qan qardaşım oldu mənim dayağım...
Zirvəsində dalğalanır bayrağım,
Ulu Murov xoşbəxt sanır özünü.
Saray olmaz namərdlərin damından,
Hünərin var burun çıxart komandan,
Yumruğunu düyünləyib komandan
Dadınızmı qalxan deşən gürzünü?
Pay umanlar paylarını aldılar,
Zingildəyib hapay-həşir saldılar,
Zəfər çaldıq, yana-yana qaldılar,
Azmanların yerə vurduq dizini.
Ulu Tanrım oldu mənim dayağım,
Çəkil get öz xarabana, a yağı!
Bura dəyməz bir də düşmən ayağı,
Bədxahların kor elədik gözünü...
Qəlbdə sevgi, inam varsa, zəfər var,
Bu gün ulu bir diyara səfər var,
Kəlbəcərin dağlarına yağdı qar,
Silmək üçün yağıların izini...
25.11.2020
ZAVAL YOXDU HEÇ ZAMAN
BU YURDA, BU MİLLƏTƏ
Boş saxlamaq olarmı qan çilənən səngəri?
Qoruyun doğmaları, zaman ayrı zamandır. –
Düşmənin gülləsindən yaralanan əsgəri
Öpüş güllələrinə tuş etməyin, amandır...
Qınamıram heç sizi, əmr eləyən ürəkdir,
Ancaq biz dərd qatmayaq elin dərdi-sərinə.
Qoruyaq igidləri, onlar bizə gərəkdir,
Bir virusdan qurtarıb, baş əyməyək birinə!
Nəmli gözlərimizdə əzab sayrışacaqdır,
Düşmənə daddırmasaq cəhənnəm əzabını.
Bəs kim döyüşəcəkdir, bəs kim soruşacaqdır
Viran qalmış yurdların haqqını, hesabını?
Özgənin yuvasına girən yuvasız qalar,
Özgə atına minən bir gün qalar piyada...
Coşqun çaylar yanında nə karədi sızqalar?
Gərək dərd bizi qəflət yuxusundan oyada...
Gözümdə yaş çağlayır, yenə göynəyir içim,
Hər şeyin hesabı var: “Haqq gec elər, güc elər”.
Elə bil bizı görüb hıçqırır için-için,
Bu viranə şəhərlər, bu viranə küçələr...
Gözümüzdə qalmasın gərək bir arzu, muraz,
Viranəlik yaraşır yurdumun harasına?
Bir uşaq dodağından qopan “Baytı-Şiraz”
Elə bil məlhəm olur Ağdamın yarasına...
Kim batıra bılər ki, bu harayı, bu səsi?
Göydə quş qanad salır, yerdə atlar büdrəyir.
Yeri, göyü əsdirir “Qarabağ şikəstəsi”,
Uçuq-sökük evlərin bünövrəsi titrəyir...
Otuz illık mürgüdən ulu bir yurd oyanır,
Şəhidlərin qəlbinə qalxmaq arzusu gəlir.
Kol-kosdan boynubükük bənövşələr boylanır,
Quruyan bulaqların gözlərinə su gəlir...
Kəmanə haray salır, mizrab od səpir simə,
Çat-çat torpaq güc alır gözlərimin yaşından.
Dinir “Bayatı-Şiraz”, hamı düşüb tilsimə,
O zəngulə yol gəlir, illərin o başından...
Çox şükür ki, qurtardıq ruhların qınağından,
Dinlədikcə o səsi qəlbim gəlir riqqətə.
Ləyaqətlə çıxmışıq illərin sınağından,
Zaval yoxdu heç zaman bu yurda, bu millətə...
29.11.2020
ATA OCAĞI
Murdar haramzadələr nəfslərinə quldular,
Halal-hümmət evləri çapıblar, talayıblar.
Atıb abır-həyanı bu oğrular, quldurlar
Şəhərləri, kəndləri odlara qalayıblar.
Yaralı ürəyimdə nifrət seli çağlayır,
Xəbis ömrü uzunu qılınclayıb kölgəmi.
Baxıram evimizə ürəyim qan ağlayır,
Gör nə günə salıblar topdağıtmaz mülkümü?
Namərd əllər uçurub neçə isti yuvanı,
Cənnəti talayanı cəhənnəmə qovarlar.
Sökülüb daşınsa da, pəncərəsi, tavanı,
Düşmənlərin önündə diz çökməyib divarlar...
Bütün sinə dağları əvvəl axır sağalır,
Nəfəsim dolur evə açıq pəncərələrdən.
Hər daşında atamın əllərinin sığalı,
Uşaqlığım boylanır uçuq pəncərələrdən...
Qan ağlayan gözümdə nifrət selləri daşır,
Köksümdə bir saralmış yarpağa dönür ürək.
Divarlara hörülən hər qara çaylaq daşı
Nəfəsimiz dəyəndə kömür tək közərəcək...
Nələr keçirdiyimi bilər qəlbi incələr,
Çətin ki, geri dönə, o günlərim, o çağım.
Bu həyətə gələndə nəvələr, nəticələr
Yenidən isinəcək mənim ata ocağım...
01.12.2020
BİR DƏQİQƏLİK SÜKUT
Vətən müharibəsndə şəhid olan
bütün əsgərlərimizin ruhuna
Qəlbimiz parçalandı, gözlərimiz nəm oldu,
Ruhlarınız qoşuldu ölməzlər sırasına...
Sizin axan qanınız müqəddəs məlhəm oldu,
Vətənin illər boyu sızlayan yarasına...
Öz şirin canınızı Vətənə qurban dediz,
Müqəddəs bir diyarda kamala dolmusunuz.
Bir vaxt üç minə yaxın anaya oğul idiz,
İndi siz milyonların övladı olmusunuz...
Öz qısa ömrünüzdə şərəfli yol seçdiniz,
Pillələr saldınız ki, zirvəyə qalxa bilək.
Siz vətənin yolunda canınızdan keçdiniz,
Biz sizin borcunuzdan çətin ki, çıxa bilək...
Hamımız səs veririk qəlbimizin səsinə,
Nakam taleyinizə göynəyirik, yanırıq.
Siz qorxmadan qalxdınız şəhadət zirvəsinə,
Bir dəqiqə sükutla indi sizi anırıq...
Günah qara yeldədi, vicdanlar sakit deyil,
Solan körpə güllərin axı nə günahı var?
Minalanmış sahədi, bu adi sükut deyil,
Bu sükutun içində anaların ahı var...
Bu sükut gərək bizim ruhumuzu dəyişə,
Qanınız milyonlara sədəqədir, fitrədir...
Bu sükut min il qabaq el yolunda döyüşən
Nigaran şəhidlərin məzarını titrədir...
Qarşınızda şax duran, ruhunuzdan güc alan
Bir ölkənin yenilməz, müzəffər alayıdı...
Bu adı sükut deyil, bizsiz viranə qalan
Ulu yurd yerlərinin ehtiram harayıdı...
04.12.2020. 12:00
TƏZƏ QUBADLININ
ŞƏHİDLƏR XİYABANI
Vətən uğrunda son gilə
qanlarını verərək
təzə güllər kimi
soldu şəhidlər.
İşğaldan azad edilən
təzə Qubadlının
ilk sakinləri
oldu şəhidlər...
Yolumuzu həsrətlə gözləyən
viranə yurdumu görəndə
təskinlik tapıram ki,
havayı tökülməyib
bu igidlərin qanı...
Qubadlının abadlaşdırılan
ilk məhəlləsi oldu
burdakı Şəhidlər xiyabanı...
Torpağa tapşırdığımız
övladlarımızın şəkillərinə
baxıram:
hamısı gülümsəyir,
hamısının üzü nurludur...
Ziyarətə gələnlər kövrəlsələr,
ağlasalar belə
insanlar qürurludur...
Hamı belə ləyaqətli
oğullar yetişdirən
ata-ananı alqışlayır...
Əslində təzə Qubadlı
Bu təzə
Şəhidlər xiyabanından
başlayır...
23.11.2020
QARABAĞ SAVAŞI
Qarabağ savaşı
Sönmüş ocaqlarımıza
şəhid yarasından,
qazi təbəssümündən
qızıl-qızıl köz ələdi...
Qarabağ savaşı
yaralı xəritəmizi
sağaltdı,
ruhumuzu təzələdi.
Qarabağ savaşı
zəfər bayrağımızı
düşmənlərin
gözünə sanclan
biz elədi...
Qarabağ savaşı
on milyon “mən”i
birləşdirib,
Biz elədi...
05.12.2020
KASIBIN SƏRVƏTİ
Varlının vətəni cibidi,
Hara gəldi gedir,
Harda gəldi yaşayır...
Kasıbın cibi boş olsa da,
çiyinlərində
Vətən qeyrəti daşıyır.
Kasıbın qarnı ac,
Gözü isə həmişə toxdu...
Kasıbın vətəndən başqa
gedəsi yeri yoxdu...
Bilmirəm
insanlar arasındakı
bu fərq nədəndi?
Varlıanın güvəndiyi
puldu, sərmayədi,
Kasıbın
ən böyük sərvəti isə
vatəndi!
Onun ulu yurddan başqa
nəyi var ki?!
Varlının dayağı pul,
Kasıbın dayağı Allahdı...
Kasıbın Vətən boyda
cərvəti var.
Ona kasıb demək
günahdı...
06.12.2020
***
Belə qeyrətli oğulları,
qızları olan Vətənin
Bəxtəvər başına!
İki min yeddi yüz
səksən üç şəhid
İki min yeddi yüz
səksən üç ananın
göz yaşlarıyla yoğrulyb,
Döndülər
yeni Azərbaycanın
təməl daşına!
05.12.202
Rafiq Yusifoğlu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar