Xəbər lenti
Mehman Əliyev: “Lavrova sual verən muzdlu jurnalistdir”
“Heç bir ağıllı adam ona deyə bilməzdi ki, bu sualı ver....”
Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən qovulması hələ də gündəmin əsas müzakirə mövzularından sayılır. A.Həsənov özü mediaya geniş açıqlama vermədiyi üçün bu mövzudakı sualların da sayı artır. Xatırladaq ki, A.Həsənovun işini itirməsinə səbəb kimi onun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual göstərilir.
Yanvarın 17-də Rusiya XİN rəhbərinin keçirdiyi mətbuat konfransında həmkarımızın bu sualı ona ünvanlayıb: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə, Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Lavrovun məhz bu suala cavabı son günlərdə Azərbaycanda təkcə rəsmi deyil, ictimaiyyət səviyyəsində ciddi etiraz doğurub. XİN rəhbərinin Lider TV-nin müxbirinin sualına cavabını bir daha xatırladırıq: “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.
Amma hazırda sual doğuran məqamlardan biri də jurnalistin kimliyi, onun Lider TV-də nə zamandan çalışması və eləcə də digər məqamlardır. Minval.az saytının əməkdaşı Roman Ağayev öz yazısında bir çoxlarının tanımadığı A.Həsənov barədə aşağıdakıları yazıb: “Gözəl jurnalist Anar Həsənovun işdən çıxarılması xəbərini eşidəndə dərin təəssüf hissi keçirdim. Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin məzunu, peşəkar, öz işinin mahir bilicisi, Azərbaycan və Rusiya vətənpərvəri, səmimi, həqiqi biridir. Onun heç 35 yaşı yoxdur. Amma elmlər namizədi adını alıb, öz parlaq fəaliyyəti ilə çoxsaylı eksklüziv müsahibələrə, aktual reportajlara müəllif filmləri və maraqlı materiallara imza atıb. Onun hazırladığı ”növbətçi" material yox, gerçəkdən tamaşaçı, dinləyici diqqətini cəlb edirdi. Belə insanla nəinki Azərbaycan, eyni zamanda Rusiyadakı Azərbaycan ictimaiyyəti də fəxr etməlidir".
ATV-də yayımlanan “Həftə sonu” verilişində Rusiyanın xarici işlər naziri Sergey Lavrov kəskin tənqid edilib. “İmperiya nostaljisi, imperialist bəyanat” adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o, bu cür sərsəm bəyanat verməli deyildi.
Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.
Süjetdə həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.
Mövzu ilə bağlı bir maraqlı detalı isə ATV-də Rusiyanın və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinə dair mövqeyini kəskin tənqid edən süjetdən sonra sözügedən kanalın təzyiqə məruz qalmasıdır. Kanalın Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu təzyiqlər barədə deyilənlər həqiqəti əks etdirmir. Müsahibimizin sözlərinə görə, müəllif verilişi olan “Həftə sonu”nda mövzu ilə bağlı şəxsi fikirlərini səsləndirib: “Hər bir televiziyanın xəbər siyasəti və xəbərlərə yanaşması var. Hər televiziyanın da öz mövqeyi var. Sadəcə olaraq, ”Həftə sonu" müəllif proqramıdır, orda səslənənlər isə mənim öz fikirlərim. Xəbərdə gedən digər süjet xəbərin proseslərə yanaşmasıdır. Mən öz proqramımda da vurğuladım ki, jurnalistin verdiyi sual məntiqlidir. Nəsə anlaşılmazlıq olubsa, bu, başqa müzakirə mövzusudur".
Müsahibimiz bu süjetə görə ona təzyiq olunmadığını dedi: “Nə təzyiq ola bilər? Bu, Azərbaycanın milli maraqlarıdır. Fikrimi demişəm. Bundan sonra da milli maraqlara, dövlətçiliyimizə qarşı hər hansı fikirlər səsləndirilsə, yenə də jurnalist mövqeyimizdən çıxış edəcəyik”.
“Turan” agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, əgər Lider TV konkret bir jurnalisti hansısa sual verdiyinə görə işdən çıxarırsa, bunun adını nə qoymaları sual doğurur. Müsahibimiz dedi ki, media peşə-əxlaq davranış qaydalarından bəhrələnməlidir: “Media eyni zamanda dövlətçilik və siyasi missiyasını rəhbər tutmamalıdır. O ki qaldı sualın verilməsinə, sualın özünün qoyuluşu qeyri-professional idi, provokasion idi. Sən sualı qoyanda hansı cavabı almaq istədiyini bilirsən. Onun verdiyi suala Lavrov məhz o cür cavab verməliydi. Birinci, o deyir ki, Azərbaycan işğal edilmiş torpaqları özü azad etsə, Moskva göz yumacaqmı? Moskva həmsədrdir. Bəyəm Moskva uşaqdır? Sualın ikinci hissəsində isə deyir ki, Rusiya Azərbaycanın daxili işinə qarışacaqmı? Əvvəl Qarabağ konflikti yarananda Moskva idarə edirdi. Biz Moskvaya müraciət edirdik. Konfliktin Minsk Qrupu tərəfindən çözülməsi üçün cəhd etdik. Bu da var. Bu məsələ beynəlxalqdır. Məsələni BMT səviyyəsinə qaldırdıq. Yəni ki, bu, o vaxtdan beynəlxalq konfliktdir. Hüquqi baxımdan da Azərbaycanın daxili işi deyil. Aydındır ki, belədir. Moskva bitərəf kimi BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi bu prosesin içindədir. Bu cür suala Lavrovun cavabı da düzdür. Jurnalist bilmir bunu?”
M.Əliyev hesab edir ki, A.Həsənovun o cür sual verməsi öz təşəbbüsü olub: “Heç bir ağıllı adam ona deyə bilməzdi ki, bu sualı ver. Bu sualı verməklə nəyi əldə etmək istəyirsən? Əgər Lavrov hansısa kəskin bəyanat versəydi, mən də deyərdim ki, bu sualı Azərbaycan tərəfi ona verdirib. Əksinə, indiki məqamda Azərbaycan çox yumşaq mövqe yaratmışdı. Bu sualla Azərbaycan tərəfini alçaltmaq lazım idi? Təəssüf ki, dəfələrlə görmüşəm, bizim jurnalistlər bu cür mətbuat konfransına hazırlıqsız gəlirlər. Sual vermək naminə sual verirlər”.
Müsahibimiz dedi ki, “Turan”ın əməkdaşı belə bir sual versə, onu işdən çıxarmaz, sadəcə, danlayardı: “Lider telekanalı Azərbaycan hakimiyyətinin birbaşa nəzarətindədir. Onlar göstərirlər ki, tapşırıq yuxarıdan gəlir ki, bunda bizim əlimiz yoxdur. Hakimiyyətin öz problemidir. Anar Həsənov da muzdlu jurnalistdir. Kimdən vəsait alıbsa, bilib. Kimin sifarişi ilə orda olduğunun da fərqindədir”.
Lider TV-nin Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, ilk gündən A.Həsənovun bu suala görə işdən çıxarılmadığını bildirib: “Nəyə görə çıxarılması isə kanalın daxili işidir. Jurnalist kanal rəhbərliyindən xəbərsiz nəsə edəndə də işdən çıxarıla bilər. Mətbuat yazdı ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tapşırığı ilə çıxarılıb. Amma bu, belə deyil. Anar Həsənov həmin sualı məsləhətləşmədən vermiş ola bilər. Siyasi, iqtisadi bir tədbirdə sual verəndə redaksiyada məsləhətləşir”.
Müsahibimiz dedi ki, həmin tədbir yanvarın 17-də olub, A.Həsənov isə həmin tarixdə çıxarılmayıb. A.Şükürov bildirdi ki, ümumiyyətlə, əməkdaşlarını verdikləri suala görə işdən çıxarmırlar: “İcazəsiz nəsə edirsə, bu məsələyə görə işdən çıxarılır. Amma Anar Həsənovun işdən çıxarılma əmrində nə yazılması, səbəb olaraq nə göstərilməsi telekanalın daxili işidir”.
A.Şükürov dedi ki, 17 ildir ki, “Lider”də çalışır və A.Həsənovun da jurnalistika fəaliyyətinə bu kanaldan başlaması, işə başladığı gündən jurnalistin də bu kanalda işləməsi barədə məlumatı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar