Xəbər lenti
Milli Məclis bəyanat yaydı - Beynəlxalq qurumlara ünvanlanıb
Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, ötən il Ermənistan silahlı birləşmələri Azərbaycan dövlət sərhədini pozaraq təxribat törətmək cəhdlərini artırmaqla yanaşı, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının tələblərini pozmaqda və əsassız iddialar irəli sürməkdə davam etdirir:
“25 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir. 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırmışlar. Onlar bu məsələdə beynəlxalq hüquq normalarının əsas götürülməsinin zəruriliyini bildirərək, ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan tərəfinin haqlı tələbini tam dəstəklədiklərini qeyd etmişlər. Lakin edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Qarabağ döyüşlərində istifadə etdiyi praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaqla Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir.
Hesab edirik ki, beynəlxalq hüquq normalarını, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və digər beynəlxalq aktların tələblərinə etinasızlıq göstərən Ermənistanın qeyri-humanist hərəkətlərinə beynəlxalq birlik qəti və aydın münasibətini bildirməklə yanaşı problemin həllinə nail olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi müvafiq beynəlxalq təşkilatları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır.”
Milli Məclisin İnsan hüquqları komitəsinin bu bəyanatı bütün aidiyyəti beynəlxalq qurumlara, o cümlədən ATƏT-ə, Avropa Şurasına, Qızıl Xaç Komitəsinə göndərilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar