Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elşən Vəliyev: "Diplomatik uğurlar mükəmməl siyasətin nəticəsidir"

Tarix: 21-04-2020 20:54     Baxış: 2788 A- / A+
Elşən Vəliyev: "Diplomatik uğurlar mükəmməl siyasətin nəticəsidir"


"Dövlət başçısının mahir diplomatiyası sayəsində beynəlxalq aləmə təsir imkanları getdikcə artan Azərbaycan bütün dünya tərəfindən sülhün, mədəniyyətin, tərəqqinin, əməkdaşlığın mərkəzi, beynəlxalq tədbirlərin keçirilməsi üçün ən münasib məkanlardan biri kimi qəbul olunur və bu tədricən daha qabarıq sezilir. Son illər müxtəlif səpkili mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Respublikamızın, xüsusilə paytaxt Bakı şəhərinin seçilməsi dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəltmişdir. Azərbaycanın gündən-günə artan qüdrətinin və ona olan inamın nəticəsidir ki, ölkəmiz hər il bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir".

Manevr.az xəbər verir ki, bu sözləri hüquqşünas, Ukraynadakı "Azərbaycan Ticarət Evi"nin təsisçisi Elşən Vəliyev "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edib. Həmin məqaləni təqdim edirik:
Xalqımızın ümummilli lideri Heydər Əliyevin alternativi olmayan müdrik siyasətini yeni müstəvidə və müasir tələblərə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəngin elmi biliklərinin, sarsılmaz qətiyyətinin, mükəmməl rəhbərlik qabiliyyətinin və yorulmaz fəaliyyətinin, eləcə də, millətimizin əzmkarlığının və xalqla iqtidar arasında olan sıx bağlılığın sayəsində durmadan qüdrətlənən ölkəmiz dünya birliyinə sürətli inteqrasiya edərək güclü dövlətlər sırasında özünəməxsus yerini tutmaqla, beynəlxalq aləmdə böyük nüfuz və söz sahibinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimiz misli görünməmiş uğurlar əldə edərək sürətlə inkişaf etmiş, əhalinin rifah halı daha da yaxşılaşmışdır. Daxildə iqtisadi tərəqqi və hərtərəfli islahatlar, davamlı ictimai-siyasi sabitlik, qanunun aliliyinin hökm sürdüyü və insan hüquqlarının etibarlı müdafiə edildiyi mühit olmadan xarici siyasətdə nailiyyət əldə etməyin qeyri-mümkünlüyünü hər zaman xüsusi vurğulayan ölkə başçısı cənab İlham Əliyevin ilk növbədə sözügedən məsələləri diqqət mərkəzində saxlaması dövlətimizin hərtərəfli qüdrətlənməsini şərtləndirmişdir ki, bu da diplomatik uğurlarımıza rəvac vermişdir.

Məlum olduğu kimi, cənab İlham Əliyevin Prezidentliyi dövrü ulu öndərin müəyyən etdiyi Azərbaycanın parlaq gələcəyinə hesablanmış inkişaf strategiyanın dövrə uyğun uğurlu davamı və ardıcıl nailiyyətlərin əldə edilməsi ilə səciyyələnmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri məharətlə həyata keçirilməklə, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 20 sentyabr 2014-cü il tarixdə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuş, yüksək səviyyədə icra edilən adıçəkilən qlobal layihənin 2018-ci ilin may ayının 29-da, onun tərkib hissəsi olan TANAP boru kəmərinin isə iyun ayının 12-də Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş TAP layihəsinin icrası istiqamətində zəruri işlərin görülməsi isə sürətlə davam etdirilmişdir. Yerigəlmişkən qeyd olunmalıdır ki, boru kəmərinin operatoru olan TAPAG şirkətinin fevral ayında verdiyi məlumatda mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla layihə üzrə işlərin 92 faizinin tamamlandığı göstərilmişdir ki, bu da sözügedən layihənin də tezliklə başa çatacağına dəlalət edir. Bundan əlavə, 14 sentyabr 2017-ci il tarixdə Ulu öndərin müdrik siyasətinin, möhkəm iradəsinin və gərgin əməyinin nəticəsi olan, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in- "Əsrin müqaviləsi"-nin müddəti ölkəmiz üçün daha əlverişli yeni şərtlərlə 2050-ci ilə qədər uzadılmışdır ki, bu da Azərbaycanda bundan sonra da uzun müddət neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə təmkinli, düşünülmüş və balanslaşdırılmış siyasət 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə tarixi Aktau Konvensiyasının imzalanmasını şərtləndirmiş, bununla da Xəzərin hüquqi statusu ilə bağlı 1996-cı ildən davam edən 22 illik danışıqlar milli maraqlarımız üçün müsbət sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapmışdır. 2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan–Türkiyə qardaşlığının daha bir təzahürü olaraq birgə reallaşdırılan, hər iki ölkənin iqtisadi tərəqqisinə, bütövlükdə regionun inkişafına böyük töhfə olacaq «STAR» neft emalı zavodunun açılışı da neft strategiyasının növbəti uğuru olmuşdur. Qeyd olunanlarla bərabər, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülmüşdür. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuş, bundan başqa, 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılmışdır.

Təbii ki, bu uğurları şərtləndirən amillər sırasında iqtisadi və siyasi islahatların paralel şəkildə və yüksək peşəkarlıqla aparılması mühüm əhəmiyyət kəsb etmişdir.

Sirr deyil ki, ölkənin beynəlxalq əlaqələrinin daha da möhkəmləndirilməsində və genişləndirilməsində mədəniyyətlərarası dialoqun xüsusi rolunun olduğunu nəzərə alan müdrik rəhbər cənab İlham Əliyevin siyasətində mədəniyyət hər zaman prioritet sahələrdən olmuşdur. Təsadüfi deyil ki, ölkə başçısı 2008-ci ildə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün “Bakı prosesi”nin başladılması təşəbbüsü ilə çıxış etmişdir. Bir müddət sonra, 23 sentyabr 2010-cu il tarixdə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqlayan cənab Prezident İlham Əliyevin bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İSESKO və s. kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir. Bunun nəticəsində də 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

Dövlət başçısının mahir diplomatiyası sayəsində beynəlxalq aləmə təsir imkanları getdikcə artan Azərbaycan bütün dünya tərəfindən sülhün, mədəniyyətin, tərəqqinin, əməkdaşlığın mərkəzi, beynəlxalq tədbirlərin keçirilməsi üçün ən münasib məkanlardan biri kimi qəbul olunur və bu tədricən daha qabarıq sezilir. Son illər müxtəlif səpkili mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Respublikamızın, xüsusilə paytaxt Bakı şəhərinin seçilməsi dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəltmişdir. Azərbaycanın gündən-günə artan qüdrətinin və ona olan inamın nəticəsidir ki, ölkəmiz hər il bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Humanitar tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini hər zaman vurğulayan ölkə başçısı cənab İlham Əliyev bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq, o cümlədən humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaq məqsədi ilə Bakı Beynəlxalq Humanitar Forumunu təsis etdi. Bundan sonra yerli və əcnəbi yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə 2011, 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı Bakı Beynəlxalq Humanitar Formları keçirilmiş və onların açılış mərasimlərində dövlət başçısı şəxsən iştirak etməklə geniş nitq söyləmişdir. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər sırasında beynəlxalq sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayan, üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Nazirlər konfransını, həmçinin “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü xüsusi vurğulamaq lazımdır. Qeyd olunmalıdır ki, Zirvə Görüşü zamanı 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, həmçinin 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışlar. Sevindirici haldır ki, Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. 2019-2022-ci illər ərzində Azərbaycanın bu böyük mötəbər təşkilata sədrlik edəcəyi, həmçinin ölkəmizdə zirvə görüşlərinin keçiriləcəyi həmin təşkilata üzv olan dövlətlərin ölkəmizə olan hörmət, inam və etibarının təzahürüdür. Ötən il vətənimizdə beynəlxalq əhəmiyyətli bir neçə digər tədbirlər də keçirilmişdir ki, onların sırasında 7-ci Bakı Qlobal Forumu, Cənub Qaz dəhlizinin məşvərət şurası, OPEC ölkələrinin görüşü, Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının VII Zirvə Görüşü, idman tədbirlərindən isə Formula 1 Azərbaycan Qran Prisi və UEFA kubokunun final oyunu xüsusi qeyd olunmalıdır. Yerigəlmişkən vurğulamaq lazımdır ki, ölkəmizdə müxtəlif illərdə keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər beynəlxalq idman tədbirləri dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur ki, bu da hərtərəfli inkişafın təzahürüdür. Göründüyü kimi, Respublikamız beynəlxalq miqyaslı siyasi, iqtisadi, humanitar-mədəni forumların, müxtəlif idman tədbirlərinin təşkilində və keçirilməsində fəal iştirak etməklə, sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə sadiqliyini, eləcə də tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini bütün dünyaya sübuta yetirir. Eyni zamanda xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsiz şərait, mükəmməl infrastruktur, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir ki, bu, ölkəmizə valyuta gəlməsi, iqtisadiyyatımızın daha da güclənməsi və bu sahədə minlərlə iş yerinin açılması ilə nəticələnir. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə olan qonaqlar, qısa zaman kəsiyindəki sürətli tərəqqiyə heyrətlərini gizlətməyərək, dövlətimizin inkişafını böyük məmnunluq hisləri ilə qeyd edirlər.

Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın çətin geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Ölkəmiz son illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Bütün bunlar dünya dövlətlərinin ölkəmizə böyük rəğbət bəsləməsi və dövlətimizi dəstəkləməsi ilə nəticələnmişdir ki, bu əldə edilmiş uğurlar və qəbul olunmuş qərarlarla öz təsdiqini tapmışdır. Bunun ən bariz nümunəsi dövlətimizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsi olumuşdur. Bu əlamətdar hadisə müstəqil gənc dövlət üçün çox böyük nailiyyət idi. Hər kəsə məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Qeyd olunmalıdır ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasını özündə əks etdirən çox önəmli qətnamələr qəbul etmişlər. Belə ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı ədalətli olmaqla bizim haqlı mövqeyimizi dəstəkləmişlər. Onu da qeyd etmək zəruridir ki, əvvəlki illərdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT ölkəmizin lehinə ədalətli qətnamələr qəbul etmişdir ki, bu damünaqişənin həlli üçün hüquqi baza yaratmışdır. Təbii ki, bütün bunlar-ötən illərdə BMT Təhlükəsizlik Şurasının və ATƏT-in mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Yekun Bəyannamələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq müddəaların öz əksini tapması, Qoşulmama Hərəkatında birləşən 120 ölkənin, Avropa İttifaqına üzv olan 28 ölkənin, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olmayan türkdilli ölkələrin, bir sözlə beynəlxalq aləmin mütləq əksəriyyətinin dövlətimizi dəstəkləməsi, mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, bizə inanması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın haqlı mövqeyi-ərazi bütövlüyü çərçivəsində görməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun təcəssümüdür.

Göründüyü kimi, həyata keçirilən mükəmməl siyasət sayəsində, müxtəlif ciddi maneələrə, o cümlədən erməni lobbi təşkilatları tərəfindən əlehimizə aparılan kampaniyalara baxmayaraq dövlətimiz sözügedən münaqişəsinin həlli məsələsində beynəlxalq təşkilatların dəstəyini qazana, Ermənistanın işğalçı siyasətini ifşa edə bilmiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqini tapmış, qondarma “Dağlıq Qarabağ”ı heç bir dövlət tanımamış, orada qanunsuz keçirilən “referendum”u qonşu ölkələr və bir neçə beynəlxalq təşkilat pisləmişdir.

Qeyd etmək lazımdır ki, ölkəmizin hərtərəfli inkişafında, qazanılan ardıcıl uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun, daxili və xarici siyasətdə bütün dünyada təqdir olunan fəaliyyəti, ölkəmizdə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında misilsiz xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü böyük işlər, sadalamaqla bitməyən xeyirxah əməlləri dövlətimizin daha da qüdrətlənməsinə və millətimizin rifahına töhfələr verməkdə davam edir. Mehriban xanımın yüksək erudisiyası, dərin düşüncəsi, mükəmməl idarəçilik qabiliyyəti, millətinə, dövlətinə, milli-mənəvi dəyərlərə sadiqliyi, davranışı və səmimiyyəti, eləcə də bütün qadınlara örnək olan digər müsbət keyfiyyətləri ona həm ölkəmizdə, həm də ölkəmizdən kənarda hər kəsin dərin hörmətini və məhəbbətini qazandırmışdır. Təsadüfi deyil ki, bu gün Mehriban xanım Əliyevanın gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir. Mehriban xanımın ölkəmizdə mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Azərbaycanın ən yüksək təltifi-“Heydər Əliyev” ordeni ilə təltif edilməsi onun əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürü olmuşdur. Şöhrəti ölkə hüdudlarından kənara çıxan Mehriban xanımın səriştəli və səmərəli fəaliyyəti digər dövlətlər tərəfindən də yüksək qiymətləndirilmişdir. Onun“Qızıl ürək” beynəlxalq mükafatı, Pakistan Respublikasının “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi” mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransa Respublikasının “Şərəf Legionu”, İtaliya Respublikasının“Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Rusiya Federasiyasının “dostluq” ordenləri və digər dövlətlərin müxtəlif ali mükafatları ilə təltif olunması beynəlxalq səviyyədə gördüyü əhəmiyyətli işlərə verilən böyük dəyərin təcəssümü olmuşdur.

Mehriban xanımın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanla bu beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı xidmətləri xüsusi vurğulanmalıdır. Ötən il “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də bu istiqamətdə gördüyü böyük işlərin bəhrəsi idi. Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritetlərindən olan dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində də xüsusi rolu olan Mehriban xanım Əliyevanın 20-25 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasına rəsmi səfəri Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət etmişdir.

Qeyd etmək zəruridir ki, 2019-cu ilin oktyabr ayında “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında möhtərəm cənab Prezidentin iştirakı və müxtəlif dövlət xadimləri ilə keçirdiyi rəsmi görüşlər dövlət başçısının beynəlxalq səviyyədə qəbul olunan nüfuzlu siyasi lider olmasının növbəti təzahürü idi. Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması və mühüm məsələlərin müzakirələrində fəal iştirak etməsi qlobal xarakterli, o cümlədən sülh və təhlükəsizliklə bağlı diskussiyalarda dövlətimizin mövqeyinin nəzərə alındığının göstəricisidir.

Xüsusi vurğulanmalıdır ki, 15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan diplomatiyasının növbəti təntənəsi, o cümlədən dövlət başçısının tarixi faktlara əsaslanan səlis cümlələrlə əsl həqiqətin nədən ibarət olmasına-bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olması, eləcə də cənab Prezidentin hərtərəfli biliklərinin, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qalması hər birimizi qürurlandırdı.

Göründüyü kimi, dövlətimizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eləcə də ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi və insan resurslarından səmərəli istifadə nəticəsində sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə özünü hərtərəfli təmin edən dövlətlər sırasında qərarlaşmış Azərbaycanın son 16 il ərzində regional və beynəlxalq nüfuzu daha da artmış, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri hərtərəfli möhkəmlənmişdir.

Bütün bunlar, yəni ölkəmizdə hər bir sahədə əldə edilən ardıcıl uğurlar və dövlətimizin beynəlxalq aləmdə qazandığı böyük nailiyyətlər qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməklə, qlobal məsələlərin həllində həlledici rola malik olacaqdır.

Elşən VƏLİYEV,
Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar