Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İlahi, sənindəmi dərdin başından aşır?" - Əfsanə Rəvan (Şeirlər)

Tarix: 17-03-2020 21:04     Baxış: 4754 A- / A+
"İlahi, sənindəmi dərdin başından aşır?" - Əfsanə Rəvan (Şeirlər)

Əfsanə Rəvan 1991 -ci ildə Şəki şəhərində anadan olub. Bu yaxınlarda "Amma bağışladım baxışlarına" şeirlər kitabı çapdan çıxıb.

Manevr.az gənc müəllifin şeirlərini təqdim edir:

Oyan, çay dəmləmişəm

Bir soyuq qış gecəsi,
Qar alanda hər yeri.
Qəfil qapı açıla,
Sən girəsən içəri.

Don vurmuş əllərini,
Sıxıb köksümə bərk-bərk.
Sevincimdən ağlayam,
Gecədən, səhərədək.

Sonra sənə danışam,
Sən yoxkən olanları.
Gedişindən yaranan,
Təsəlli yalanları..

Eh ya da ki, nə bilim,
Susub qalam eləcə.
Pozulmaya o sükut,
Bitməyə həmin gecə.

Qollarında məst olub,
Deyəm sənsizləmişəm.
Bir də görəm səhərdi,
Səsləyəsənki məni-
"Oyan, çay dəmləmişəm"


Asıb məni sevgilim

Yer qaçar ayağından,
Göy tökülər başına.
Tuş gələr ömrün elə,
Dəniz gözlü birinin
Küt balıq yaddaşına.

Dünyanın altı-üstü,
Qarışdı bir-birinə.
Səni silib atardı,
Kim olsaydı yerimə.

Gəl, səninçün darıxıb,
Əlinə həsrət saçım.
Gəl, bitirim həsrəti,
Gəl, qanadım ol, uçum.

Təkliyə qorxa-qorxa,
Hürkə -hürkə dözürəm.
Bölünüb, parçalanıb,
Tikə -tikə gəzirəm.

Axı mən də adamam,
Gəlmirsənsə de, bilim.
Həyətdə bir ağac var,
Eşidərsənki bir gün
Asıb məni, sevgilim...

Tanrıya məktub


İlahi, sənindəmi,
Dərdin başından aşır?
Beynində min cür xəyal,
Min cür fikir dolaşır?

Yoxsa niyə sən mənim,
Səsimi duymayasan.
Hər gün qapına gələn,
Sənə ən yaxın olan
Kəsini duymayasan.

Hərdən mənidə eşit,
Oyan yuxudan, oyan.
İzin vermə İlahi,
Dualarıma qıyam.

Mən hər gün əllərimi,
Səmadan asdım Allah.
İntihar günah idi
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım Allah.

Ah çəkirəm göyün də,
Yerin də silkələnir.
Günəşin od içində
Başıma kül ələnir..

Bəlkə də dərdlərimi,
Eşitsən əvəzimə
Bir ömür qəm çəkərsən.
Tanrı, özünü qoru,
Mən bir az gözü sulu
Göylərdə çox uzanma,
Gözümdən nəm çəkərsən...

Darıxmaq dərd deyil

Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədimki.

Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm..

Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.

Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.

Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.

İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..

Qayıt

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Bəlkə görüşdüyümüz,
ilk günün xatirinə.
Bir də başa qayıtdıq,
Bir də getdik filimə.

Bir də əl-ələ tutub,
Gəzdik şəhər boyunca.
Bizi yıxan həsrəti
Atıb ayaq altına,
Əzdik, əzdik doyunca.

Öyrənmə unutmağa,
Ağrı verir sonralar.
Hissizləşər bədənin,
Gözün-könlün qaralar.

Vallah qınayan olmaz,
Keç inadından qayıt.
Yağış damlasında gəl,
Quş qanadında qayıt.

Hələ birinci qışdı,
Hələ ki, yaza çox var.
Yazda isinir hamı.
Qışda qayıt da nolar...

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Darıxmağı qollarıma yar etdim

Ömrüm-günüm, dəyişmədi taleyim,
Saydı elə yerindəcə bəxtim, eh...
Saray tikdim xəyalların içində,
Heç olmadı bircə quru taxtım, eh...

Yollar çəkdim gözlərimin ağından,
Sənsə qaldın küçəmizin tinində.
İndi elə darıxıram səninçün,
Gəlsən, bəlkə, diz çökərəm önündə.

Sən gedəndən, ay gözümün qarası,
Danışmağı, gülməyi də ar etdim.
Tutunmağa tapmayınca bir ətək,
Darıxmağı qollarıma yar etdim.

İndi daha duyğularım keyiyir,
İndi daha dərd sevinclə eynidi.
Mən ömrümü qurban etdim hər kəsə,
Təəssüf ki, heç birinə dəymədi.

Yuxusundan oyadaram yolları,
Küçələrin zülmətini əzərəm.
Bircə qırıq ümid varsa, gözləyim,
Gələcəyin günə qədər dözərəm.

Bilirsınmi, birdənəm...

Bilirsənmi, birdənəm
məni harda itirdin?
- Dən-dən olub tökülən,
Saçının qarasında.
Bir vaxt odlu baxışla,
İsitdiyin qadını
-İtirdin buza dönmüş,
Yadın xarabasında.
Məni ovuclarında,
Duanda itirmisən.
Özgə yataqlarında
- Sabahlayıb, sərsəmcə,
Duranda itirmisən.
ehhh...
-sən məni,
Qırılan ümidində,
Diləyində itirdin.
Hər kəsə açıq olan,
Ürəyində itirdin.
Qanadın bir qadının,
Təzəcə qaysaq tutan
Köhnəlmiş yarasında.
Bir gün eşq nəfəsiylə,
Sevilmək həvəsiylə,
Qayıdıb geri dönsən
Harda taparsan, məni,
Bu ömrün harasında?

Bilirsənmi, birdənəm
məni harda itirdin?
- Dən-dən olub tökülən,
Saçının qarasında.
Bir vaxt odlu baxışla,
İsitdiyin qadını
-İtirdin buza dönmüş,
Yadın xarabasında.


Kiriyir xatirələr

Sükutuna qapanıb vahiməsi, qorxusu,
Kiriyib xatirələr bir qadının dilində.
Sanki ərşə çəkilib gözlərinin yuxusu,
Əsir qalıb ömürlük ayrılığın əlində.

Vədəsiz dən düşübdü sığalsız tellərinə,
Yıxılır yollarının boşluğunda o qadın.
Hər gün lənət yağdırır üşüyən əllərinə,
Bağışlamır qəlbinin daşlığına o qadın.

Gecələr xəyal qurub, gün ağlayır özünə,
Yuxular yastığını deşir səhərə kimi.
Ovuc-ovuc dualar göndərir göy üzünə,
Görən gəlib çatırmı, sizin şəhərə kimi.

Qayıdırsan, qayıt gəl, dəyişsin əhvalını,
Küçə-küçə uzaqlıq nə deməkdir bilirsən?
Bir gün çıxar qarşına soruşarsan halını.
Sənsizəm deyə bilməz utanarsan ölərsən.

Sevdasina birinin...

Öz- özünü yaxasan,
Dərddən göyə çıxasan,
Pəncərədən baxasan,
Dünyasına birinin..

Hər dərdinə yetəsən,
Ürəyində bitəsən,
Bir gün qurban gedəsən,
Sevdasına birinin...

O can mənsiz qəm yemir,
"Geri dön, qayıt" demir,
Qərq olasan bir ömür,
Dəryasına birinin.


Ömürdən baha

Ömür yaşayasan qüssədən uzaq,
Üzündə gülüşlər yarana hər gün.
Sevdiyin adam da qayıdıb gələ,
Saçların əliylə darana hər gün...

Əllərin qızına od nəfəsinə,
Əriyə ürəyin buzu baxışla.
Sarılıb deyə ki, "döndüm balacam,
Bir də getməyəcəm məni bağışla."

Kədərin ilməsi sökülə o gün,
Bir ümid doğula yeni sabaha.
Yara qurban deyib, qurban gedəsən,
Pay varmı, dünyada ömürdən baha.

Əfsanə Rəvan


Qeyd: Şeirləri Manevr.az-a şair Xəqani Həbiboğlu təqdim edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar