Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Vəd olunmuş torpaqlar”ın yeni xəritəsi: Tramp “tanrı” rolunda

Tarix: 08-02-2020 11:33     Baxış: 3442 A- / A+
“Vəd olunmuş torpaqlar”ın yeni xəritəsi: Tramp “tanrı” rolunda

Aqşin Yenisey yazır...

Yəhudilər bizim – yəni müsəlmanların – dini düşmənlərimiz yox, dini əcdadlarımızdır, üstəgəl, klassik müsəlmanların, yəni ərəblərin də qan qohumlarıdır. Əvvəlcə bunu bir kənara yazaq ki, yazı boyunca tarixi ədaləti qorumaqda köməyimiz olsun.

2017-ci ildə, xoruz ilində Tramp Yerusəlimi İsrailin paytaxtı elan etdi (yeri gəlmişkən, Hitler də hakimiyyətə xoruz ilində gəlib -1933). Bu günlərdə, yəni 2020-ci ilin ilk ayında isə özünün Ptolemeylik edib cızdığı İsrailin yeni xəritəsini dünyaya göstərdi. Siçan ilində (yenə də yeri gəlmişkən, sonuncu İsrail dövləti də siçan ilində yaradılıb – 1948).

Konspirologiya elmi təsadüflərdə məntiqi əlaqə axtardığı kimi, yəhudi məsələsində də teologiyanın yox, məntiqin, rasional beyinin əhəmiyyətini araşdırmaqda fayda var. Mənə görə, hətta iudaizm dini də, Fələstin torpaqlarını tanrının İsrailoğullarına vəd etməsi də İbrahim peyğəmbərin tanrıdan çox, tarixə bağlı bir ideyası idi.

O, yəhudi tanrısı ilə bərabər, yəhudi xalqını da tarixin ümumi gedişatından ayırdı. Hətta bunun davamı olaraq Məhəmməd peyğəmbərin 360-a yaxın qəbilə bütlərinin içindən yalnız El-İlahı seçib “allah” elan etməsi və bütpərəstliyin bütün ənənələrini islamlaşdırması da tanrıdan çox, tarixin, ərəb tarixinin qeydinə qalmaq idi.

Söz ki “vəd olunmuş torpaqlara” yəhudi köçünün başladığı dövrlərdən düşdü, gəlin, elə oradan başlayaq. Yəhudilər Misirdən qaçmamışdan çox-çox əvvəl, miladdan öncə 20-19-cu illərdə özünü İbrahimə yanar kolluqlarda “El Şadday” adıyla təqdim edən tanrı Yahova ilə vədələşmə səbəbiylə qədim Mesapotomiyadan qaçmışdılar və özləri ilə onlara Fələstin torpaqlarında vətən - əslində, tanrısı İbrahimə dövlət vəd etmişdi, çünki o dövrdə Mesapotomiyada yəhudilər köçəri çobanlar və muzdlu əsgərlər idilər, İbrahim özü də Sodom kralının, indiki təyinatla desək, polkovnik rütbəsinə yüksəlmiş muzdlu əsgəri idi - vəd edən tanrı “El Şadday”dan və qoyun sürülərindən başqa heç nə götürməmişdilər.

Babildən qaçdıqdan və Fələstində yaşayan İbranilərlə ittifaq qurduqdan sonra yəhudilər Yahovaya verdikləri sözü unutdular və bütpərəst fələstinlilərin El, İsra-El, İsma-El kimi bir çox tanrılarına sığındılar. Bunu görən Yahova qəzəbləndi və yeni peyğəmbər İşayanı göndərib yəhudiləri sürgünlə hədələdi, bununla da ürəyi soyumadı, Assuriya sərkərdəsi Sanharibi göndərib öz qövmünü onlara verdiyi torpaqlardan Misirə qovdurdu.

Bir müddət sonra hirsi soyuyan Yahova yanan kolluqların arasında daha bir yəhudi peyğəmbəri Musanın qabağına çıxıb ona sehirli bir əsa uzatdı və tapşırdı ki, yəhudi xalqını arxasına salıb bu əsanın dikinə apasın. Bəlkə də, “qalanı mənlikdir” ifadəsi də o zaman çıxdı meydana.

Misirdən yenidən Fələstinə qaçan yəhudilər bu dəfə bu torpaqlara öz vətənləri kimi qayıtdılar və İsrailin yəhudilərin dini yox, tarixi vətəni olması söz-söhbəti də bu ikinci qayıdışdan sonra başladı. İkinci qayıdışdan sonra tanrı yəhudilərə vəhşi adətlərdən əl çəkməyi, zahiri ibadətə deyil, batini sevgiyə yönəlməyi dönə-dönə əmr etsə də, yəhudilər məbəddə göyərçin yandırıb, keçi boğazlamaq zövqündən əl çəkmədilər. (Burada heç bir tarixi-siyasi səbəbə toxunmuram, çünki yazımın məqsədi bu deyil, yalnız tək tanrı və onun seçilmiş xalqı arasında gedən danışıqlara yer verirəm.)

Bu dəfə Yahova özünün sözəbaxmaz xalqını Roma sərkərdələrinə şikayət etdi və ikinci dəfə Roma qoşunu onları yurd-yuvalarından didərgin saldı, ta ki 1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqləyənə qədər.

Trampın indiki xəritəsi BMT-nin 1947-ci ildəki xəritəsinin bir az da genişləndirilimiş variantıdır. Bəs ABŞ-ın İsrail sevgisinin altında hansı tarix yatır? Çünki biz Holokost zamanı ABŞ-ın yəhudilərin soyqırıma məruz qalmasından çox da narahat olmadığını bilirik.

Məsələn, 1943-cü ildə ABŞ konqresi on min yəhudi uşağın ölkəyə köçürülməsini iki dəfə rədd edib, yaxud yəhudi liderlər ABŞ-dan almanların yəhudiləri kütləvi şəkildə qətlə yetirdikləri qaz otaqlarına və əsir düşərgələrinə gedən dəmir yollarını bombalamasını istəsələr də, “yəhudilərin ikinci vətəni” – ABŞ heç vaxt bu xahişi yerinə yetirməyib, buna baxmayaraq, soyqırım zamanı Fələstin ərazisində növbəti İsrail dövlətini yaratmaq təklifini irəli sürüb.

Amma biz ABŞ-İsrail dostluğunun sirrini yaxın tarixdə axtarmaqla bu dostluğun ancaq siyasi alış-verişdən ibarət olduğuna inandığımızı göstərmiş olarıq ki, bu da İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın qitədə əbədi qalmaqdan ötrü İsraili özünün kiçik bir modeli olaraq yaratdığı və dəstəklədiyi fikrini təsdiqləmək deməkdir.

Əslində, bu dostluğun tarixinin müəllifi Kolumbdur. Əgər Kolumb, həqiqətən, Hindistanı kəşf etsəydi, bu gün Yaxın Şərqin xəritəsi, bəlkə də, başqa cür olacaqdı. Hətta 1630-cu ildə hollandiyalılar portuqallardan Braziliyadakı Pernambuku bölgəsini alıb Hollandiyadakı yəhudilərin bir qismini oraya köçürməsəydilər və 1654-cü ildə portuqaliyalılar yenidən Brazilyanı hollandiyalılardan alıb yəhudiləri oradan qovmasaydılar, qovulan yəhudilər də Şimali Amerikadakı Nyu-Amsterdama köçüb indiki adı ilə Nyu-York şəhərində məskunlaşmasaydılar, indi dünya tarixi bu zəngin dramaturgiyadan məhrum olacaqdı.

ABŞ yəhudilərin son köçdükləri torpaqlar kimi onların “ikinci ana vətənləridir”. Köçdükləri torpaqları öz vətənləri hesab etmələrinə isə tanrı ilk gündən onlara icazə verib. Bizə o dünya vəd edən tanrı yəhudilərə bu dünyanı vəd edib.

Yəhudi inancına görə, Yahova həm də yəhudi tarixinin müəllifidir. Onu da qeyd etməkdə fayda var ki, yəhudilər üçün Yahova heç vaxt metafizik varlıq olmadı, yəni məsələn, buddistlər kimi onlar tanrı ilə aralarında məsafə saxlamırdılar. Yəhudilər tanrını yol göstərən, əl tutan, yanlış hərəkət etdikdə cəzalandıran, doğru iş gördükdə mükafatlandıran bir valideyn, bir böyük qardaş, uzaqgörən bir lider kimi tanıyırdılar.

Elə yəhudi tanrısı da öz xalqı ilə fövqəl qüvvə kimi məsafə saxlamaq niyyətində deyildi. Yahova onların hər xırda işinə qarışır, gününün çox hissəsini göydə yox, yerdəki dini mərasimlərdə, gündəlik tədbirlərdə keçirirdi. Hətta Yahovanın dediklərini qulaqardına vurub, Qüdsədə köhnə Fələstin tanrıları Baala, Elə tapındıqları zaman o (Yahova) öz xalqına “eşem zeuunim”, yəni “ayağısürüşkənlik edən arvad” deməkdən belə özünü saxlaya bilməmişdi (Armstronq).

Sonra nələr oldu?

XVII əsrdən başlayaraq dünyanın hər yerindən yəhudilər ABŞ-a köçdülər, 1830-cu illərdə alman, 1880-ci illərdə rus millətçilərindən və Dostoyevskidən (bu millətçi rus yazıçısı yəhudiləri aşağılayaraq onlara “cuhud” deyirdi) qaçanlar da onların arasındaydılar; yəni yəhudilərə qarşı nisbətən zəif “holokost”lar tarixin bütün dönəmlərində baş verirdi və ABŞ son sığınacaq idi.

Riçard Doukinz amerikalılarla yəhudilərin oxşar talenin övladları olduğunu söyləyir. Bu xalqları doğmalaşdıran emosional səbəb hər şeydən əvvəl sürgün taleyidir. Bəzi araşdırmalara görə, Kolumbun ilk səyahətini maliyyələşdirənlər də İspaniyanın cənubunda müsəlmanların, şimalında xristianların təzyiqlərinə məruz qalan yəhudilər olub.

“Yeni torpaqlara” köçənlər o vaxt Avropanı özlərinə vətən hesab etməyənlər idi. Avropa, bir növ, onları övladlıqdan məhrum etmişdi. Onlar da yeni qitəyə, eynən bir vaxtlar yəhudilərin etdiyi kimi, özləri ilə tanrıdan başqa heç nə aparmadılar. Necə ki yəhudilər Babildən köçəndə Yahovadan və özlərinin qoyun sürülərindən başqa heç nə gətirməmişdilər.

Tanrı onların nəyinə lazım idi? Doukinz yazır ki, Tanrı onlara yad, tanımadıqları torpaqlarda qoyub gəldikləri doğmalarını, kiməsə sığınmaq ehtiyaclarını qarşılayacaq, onların tənhalığını ovunduracaqdı. Sonra davam edir, ABŞ-da hazırda da bir çox kilsələr insanlar üçün əqraba, qohum, doğma ocaq funksiyasını yerinə yetirir. (Qaçqın yəhudi icmalarının Avropada tikdikləri ilk Sinaqoqlara münasibətini xatırlayın)

Digər fərziyyəyə görə, Amerikanın aşırı dindarlığı paradoksal bir şəkildə bünövrəsindəki dünyəvilikdən (rasionallıqdan) irəli gəlir. Amerika hüququ cəhətdən açıq-aşkar dünyəvi olduğu üçün din burada bir təşəbbüs halını alıb.

Bu gün yəhudi rasionallığına da Qüdsün İsrailin paytaxtı olması təşəbbüsü dindən gəlir, amma prosesin gedişatında çox ciddi siyasi praqmatik yanaşma dayanır, nəinki dini fanatizm.

Əslində, İsrail parlamenti Knesset 1980-ci ildə Qüdsü İsrailin paytarxtı kimi tanıyıb və bu qərarı 1995-ci ilə ABŞ konqresi də təsdiqləyib, sadəcə, bu qərar həyata keçirilmək üçün illərdir ki, daha bir çobanın yolunu gözləyirdi.

Bu dəfə həmin çoban Amerika kovboyu tipində zühur edən Tramp oldu. Qüds məsələsi nəvələrini yəhudi inancı ilə böyütdüyünü deyən Trampın, az qala, ailə məsələsidir. Seçkilər zamanı Sinaqoqu ziyarət edən Trampın qızı İvanka da “Atam prezidenrt olsa, ABŞ səfirliyini Qüdsə köçürəcək” demişdi.

Qüds məsələsində tarixin, siyasətin mövqeyindən daha dərin olan dinin mövqeyidir. ABŞ-da əsas xristian dini icmalar Yevangelist icmalarıdır. Fundamelist yevangelistlər dünyanın sonu, İsanın yenidən gəlişi kimi xristianlığın təməl inanclarına sadiqdirlər.

Yəhudilərə dost münasibətin daha dərin səbəblərindən biri də bu Yevangelist inancında yatır. Belə ki, yevangelistlər Məsih ilə Dəccal arasında baş tutacaq Armagedon müharibəsinin olacağı, Əl-Aksa məscidinin sökülüb yerində Süleyman Məbədinin tikilməsi və s. kimi bir çox dini fikirlərə inanırlar. Bu da onları yəhudilərə daha da yaxınlaşdırır.

Qərb dəyərlərində dinin dövlətdən ayrı olduğu qanunla təsdiq olunsa da, qurucu ataları ateist liderlər olan ABŞ-ın İsrailə münasibəti teo-siyasi münasibətdir, hətta dini payı, siyasi payından daha çoxdur kimi görünür. Halbuki ABŞ konstitusiyasında dinlə bağlı başqa sözlər yazılıb.

Oxuculardan kimsə soruşa bilər ki, bu işin bizə nə istisi-soyuğu var.

Məncə, hətta dini, tarixi məsələlərə də rasional düşüncənin gözü ilə baxmaq və nəticələrin faydasını hesablamaq üçün ABŞ-İsrail münasibətlərindən öyrənəcəyimiz çox şey var. Əlbəttə, əgər öyrənən yerimiz vərəzan gündədirsə…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar