Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib -ŞƏKİLLƏR

Tarix: 31-01-2020 20:07     Baxış: 3381 A- / A+
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir Azərbaycanın xilaskarı, ulu öndər Heydər Əliyevin mükəmməl və zamanı qabaqlayan siyasətini, Azərbaycanın sürətli inkişaf strateqiyasını dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin zəngin elmi biliklərinin, möhkəm siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və çoxşaxəli fəaliyyətinin xalqın əzmkarlığı ilə sıx vəhdəti nəticəsində ötən il ölkəmizdə ümumi daxili məhsulun 2,2%, qeyri-neft sektorunda 3,5%; sənaye istehsalının 1,5 %, qeyri-neft sektorunda 14 % artdığını, kənd təsərrüfatındakı artımın təxminən 7% olduğunu, eyni zamanda həyata keçirilən sosial paketin 4,2 milyon insanı əhatə etdiyini, minimum əməkhaqqının və bəzi müavinətlərin 2 dəfə, minimum pensiyanın 70%, bir qism müavinətlərin isə 50% artdığını, həmçinin manatın məzənnəsinin sabitliyinin təmin olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırdı.
Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edən Xanlar Vəliyev, millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini xüsusi vurğulayaraq bildirdi ki, tarixə islahatlar ili kimi düşən ötən ildə aparılan çoxşaxəli islahatlar və görülmüş böyük işlər nəticəsində dövlətimiz daha da qüdrətlənmiş, xalqımızın rifah halı hərtərəfli yaxşılaşdırılmış və təbii olaraq əhalinin sayı da artaraq on milyonu keçmişdir. Təsadüfi deyil ki, Azərbaycan Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan intibah dövrünü yaşayır.
Ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində yüksək erudisiyası, dərin düşüncəsi, mükəmməl idarəçilik qabiliyyəti, millətinə və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, saysız-hesabsız xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev bu nəcib insanın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı, xalqımızın, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, o cümlədən xalçaçılıq, muğam, aşıq sənətinin, milli musiqi alətlərimizin və sair dəyərlərimizin bütün dünyaya tanıdılmasındakı misilsiz xidmətlərindən bəhs etməklə, ötən il “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini xüsusi vurğuladı. Bildirildi ki, Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətində gördüyü böyük işlər və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər, ona Azərbaycan xalqının sonsuz sevgisi ilə bərabər, bir sıra ölkələrin vətəndaşlarının da rəğbətini qazandırmışdır. Dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğunu qeyd edən Hərbi Prokuror Xanlar Vəliyev, Mehriban xanım Əliyevanın Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən 20-25 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasına rəsmi səfərinin mühüm əhəmiyyətindən söz açdı.
Hər iki dövlətin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev, 2018-ci ildə rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına, 2019-cu ildə isə Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərlərindən və bu səfərlərin əhəmiyyətindən danışdı.
Azərbaycan Respublikasında insanların rifahını mütəmadi olaraq yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olduğunu vurğulayan Hərbi prokuror «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyətindən, onun əsasında yüz minlərlə insanın kredit problemlərinin həll olunmasından və nəticədə həmin insanların maddi vəziyyətlərinin əhəmiyyətli yaxşılaşmasından bəhs etdi.
Əldə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac verdiyini bildirən Xanlar Vəliyev, bununla əlaqədar dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın mütərəqqi müddəalarından söz açdı.
Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilmiş, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılmış, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Bunun nəticəsidir ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2019-cu il üçün olan hesabatında Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutmuşdur.
Hərbi prokuror bildirdi ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilmişdir. Qeyd olunmuşdur ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.
Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülmüşdür. Belə ki, müxtəlif sahələr üzrə bir neçə-“Silahlı Qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair”, “Silahlı Qüvvələrdə korrupsiya hallarının aşkara çıxarılması, rəsmiləşdirilməsi, araşdırılması və qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair”, “Döyüş bölgəsində və cəbhəboyu ərazilərdə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair” və sair metodiki tövsiyələr, eləcə də digər maarifləndirici vəsaitlər hazırlanaraq aidiyyatı üzrə çatdırılmışdır. Bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, sadalanan qurumlarla hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi olaraq müxtəlif xarakterli birgə tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə birgə hazırlanmış “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülmüş, eləcə də, mütəmadi olaraq hərbi qulluqçularla ümumi və fərdi görüşlər təşkil olunmuşdur. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılmış və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur. Bundan başqa, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 2%, o cümlədən az ağır cinayətlər 10,9%, xüsusilə ağır cinayətlər 44,4% azalmışdır.
Eyni zamanda 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7%, xuliqanlıq cinayətləri 14,3%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7%, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 %, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50,0%, hərbi xidmətdən yayınma cinayətləri 14,1%, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2%, fərarilik cinayətləri isə 28,6% azalmışdır.
Xüsusi vurğulanmışdır ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmamışdır.
Bildirilmişdir ki, ötən dövrlərdəki kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmiş, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmiş, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı cənab İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunmuşdur.
Kollegiya iclasında, görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuşdur. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. Qeyd olunmuşdur ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Naxçıvan MR Hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Müraciətlərə baxılması şöbəsinin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev, Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov və Tərtər hərbi prokuroru, ədliyyə pollkovnik-leytenantı Hümmət Məmmədov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların və çatışmazlıqların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn misilsiz məhəbbətdən bəhs etməklə çıxışını yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.

Manevr.az

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar