Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi

Tarix: 19-01-2020 21:18     Baxış: 11 172 A- / A+
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi

Tural VƏLİZADƏ,
Qərbi Kaspi Universitetinin müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı


1990-cı ilin 20 Yanvar olayı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 30 il bundan öncə - 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi

20 Yanvar hadisələri bəşər tarixində bənzərinə heç də tez-tez rastlaşılmayan qanlı olaylar silsiləsindəndir. Həmin müthiş gecə sovet qoşunlarının qanunsuz əməlləri nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, o cümlədən 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Faciənin miqyası o dövrdə Rusiyada fəaliyyət göstərən “Şit” ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə ifadə edilmişdi:

– adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulmuşdur;

– xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

– içərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu gülləyə tutulmuşdur;

– adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

– “Kalaşnikov” avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzər neft donanması”nın

gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləboran edilmiş, onlarla dənizçi həbs olunmuşdu.


20 Yanvar qırğınlarından sonra xalq vahimə içində idi. Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Qanlı yanvar günü xalqımızın haqq səsini dünyaya çatdıran sıravi həmyerlilərimiz də olub. Onlardan biri də professor Hüseyn Bağırov (Azərbaycan Respublikasının ilk Ekologiya və Təbii Sərvətlər Naziri – T.V) olmuşdur. Həmin günlər Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyən H.Bağırov bir neçə şəxslə birlikdə bəyanat hazırlayıb imzalayaraq turizm şirkətlərindən birinin vasitəsilə BBC teleradio şirkətinə göndərmiş və BBC həmin bəyanatı səsləndirmişdi. Bu barədə H.Bağırov müsahibələrindən birində deyir: “1990-ci illər də çox ağır illər idi. Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərdə müəllim işləyirdim. 20 Yanvar qırğını insanların təfəkkürünə , həyata baxışlarına, ümumiyyətlə əhvali-ruhuna ciddi təsir göstərmişdi.

Yanvarın 20-də səhər 5-6 radələrində bir neçə şəxs, o cümlədən Rasim Müzəffərli (AMEA İqtisadiyyat İnstitunun direktoru - Nazim İmanovun qardaşı), Fəxrəddin Qurbanov (O zaman Komsomolun Mərkəzi Komitəsində çalışırdı. Son zamanlar ölkəmizin Kanadada, Böyük Britaniyada səfiri olub), Şirzad Əfəndiyev (Komsomolun Mərkəzi Komitəsində çalışırdı, sonra bizneslə məşğul oldu. Artıq rəhmətə gedib) və başqaları ilə birlikdə bir bəyanat hazırlayıb, imzaladıq (Mətnin əsas müəllifi də elə deyəsən Rasim Müzəffərli idi) .

Bu mətn Sovet İttifaqı Kommunist Partiyasının və Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitələrinin fəaliyyətini qəti şəkildə pisləyən bir bəyanat
idi. O vaxtlar xariclə yeganə əlaqəsi olan “Sputnik” gənclər turizm təşkilatı vardı. Həmin vaxtlar internet də yox idi. Telefon əlaqəsi də kəsilmişdi. Heç kim Azərbaycanda nə baş verdiyini bilmirdi. Həmin müraciəti turizm şirkətlərinin vasitəsi ilə Polşanın turizm şirkətinə, o da BBC-yə ötürmüşdü. BBC bəyanatı səsləndirmişdi. Həmin adamların heç birinin siyasi iddiası yox idi. Sadəcə, hamımız Kommunist Partiyasından çıxaraq, biletlərimizi cırıb atdıq”.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ dövləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.

SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları anti-Azərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20

Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.

“20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə indiyədək “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

1990-cı ilin yanvarında Bakıda, onun ardınca isə Neftçalada, Lənkəranda sovet ordusu tərəfindən törədilən qətl və talanlar bir məqsədə - xalqımızın milli istiqlal hərəkatını beşikdəcə boğmaq, xalqımızın fiziki varlığına son qoymaq, geostrateji baxımdan son dərəcə əlverişli, təbii sərvətlərlə zəngin vətənimizin bir qismini və bəlkə də böyük bir hissəsini “böyük Ermənistan” arzusu ilə qovrulan erməni daşnaklarına “pay” verməklə, bütövlükdə Azərbaycanı Rusiya imperiyasının təsir dairəsindən heç bir vəchlə buraxmamaq məqsədinə xidmət edirdi.

Qanlı 20 Yanvar olaylarından 30 il keçir. Müstəqil Azərbaycan dövləti istər XX əsrin əvvəlləri, istərsə də sonlarında əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, o ağır sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Həm ötən əsrin əvvəlində, həm də sonlarında min illərdən bəri malik olduğu qədim dövlətçilik ənənələrini bərpa etdi.
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar