Xəbər lenti
Bu şəxslər millət vəkili OLA BİLMƏYƏCƏK - VACİB XƏBƏR
9 fevral 2020-ci il tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Manevr.az-ın məlumatına görə, publika.az növbəti seçkilərə namizədliklərini irəli sürməkdə iddialı olan şəxslərin qeyri-rəsmi say çoxluğunu nəzərə alaraq Milli Məclisin üzvü olmaq üçün lazımi proseduru təqdim edir.
Kim deputat ola bilər?
Azərbaycan Respublikasının yaşı 18-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilə bilər.
Kim Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməz?
*İkili vətəndaşlığı olan
*Başqa dövlətlər qarşısında öhdəliyi olan
*İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən
*Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan
*Din xadimləri
*Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən
*Ağır cinayətlərə görə məhkum olunmuş
*Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər
Seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər.
Namizəd olmaq üçün nə etmək lazımdır?
Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. O şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.
Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu bu barədə Dairə Seçki Komissiyasına (DSK) yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir.
Namizəd, eyni zamanda, seçkili vəzifəyə seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də verir.
Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər.
DSK təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin bu dairədən irəli sürülməsini təsdiq edən qərar təqdim edir. DSK təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
DSK-nın bu qərarından sonra artıq imza vərəqələri götürülə və imzalar toplana bilər.
Seçici imzalarını necə toplamalıdır?
Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.
Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.
İmza harada toplana bilər?
Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
Nə qədər zaman lazımdır?
İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək DSK-ya seçki sənədlərini təqdim etməlidir.
DSK imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Qərar qəbul edildikdən sonra namizədin qeydə alınmasını təsdiqləyən vəsiqə verilir.
Namizəd olmaq üçün nə qədər səs toplamaq lazımdır?
Seçki Məcəlləsinə görə, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450-nin imzası toplanmalıdır. Maksimal hədd nəzərdə tutulmayıb.
Seçki qanunvericiliyinə görə, seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər.
Minimal 450 səs toplandıqdan sonra lazım olan mühüm sənəd imzaları toplanmasının yekunu haqqında MSK-nın müəyyən etdiyi formada tərtib edilmiş protokoldur. Bu protokol müvafiq səlahiyyətli şəxs tərəfindən 2 nüsxədə tərtib edilir və həmin şəxs tərəfindən təsdiq edilərək müvafiq seçki komissiyasına təqdim edilir. Bu zaman namizəd dairə seçki komissiyasına mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlak barədə, gəlirlərinin miqdarı və mənbələri barədə məlumat təqdim etməlidir.
Bundan başqa namizədin qeydə alınması üçün onun ilkin maliyyə hesabatı da təqdim edilməlidir. Seçki prosesləri başlayandan seçkilərin nəticələri elan olunana qədər namizədlər 3 dəfə maliyyə hesabatı verir. Sənədlərin təqdim edilməsi prosesində həmin şəxsin təqdim etdiyi hesabat qanunvericiliklə ilkin maliyyə hesabatı kimi müəyyən edilir və bunun mahiyyəti ondan ibarətdir ki, həmin hesabatda seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilir. Belə ki, seçki qanunvericiliyinə görə, seçki fondunda toplanmış vəsait təbliğat prosesi başlanana qədər yalnız seçici imzalarının toplanmasının təşkilinə sərf edilə bilər.
Namizəd seçkilərə nə qədər pul xərcləyə bilər?
Namizəd, seçicilərin təşəbbüs qrupu, siyasi partiyalar və siyasi partiyaların blokları dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açmalıdırlar. Seçki Məcəlləsinin 156.1-ci maddəsinin tələbinə görə, hər bir namizədin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.
Namizədliyin qəbul edilməsi nə zaman bəlli olur?
Seçki Komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Seçki Komissiyasına təqdim edilir. Protokolun surəti namizədin qeydiyyata alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə təqdim olunur. Bundan sonra, müvafiq Seçki Komissiyası namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.
Qeydə alınmış namizədlərin siyahısı dairələr üzrə səsvermə gününə azı 20 gün qalmış təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və dövlət büdcəsindən maliyyələşən dövri nəşrlərdə dərc edilir.
Namizədlikdən nə zaman imtina oluna bilər?
Eyni zamanda, qeydə alınmış namizəd səsverməyə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Şəxsin namizədlik statusundan imtina edilməsi barədə müraciətinə 1 gün müddətində baxılır.
Həmçinin, siyasi partiya və siyasi partiyaların bloku səsvermə gününə ən geci 10 gün qalmış istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədini, qeydə alınmış namizədini geri çağıra bilər.
Seçkilərdə namizədin maliyyələşməsi
Seçkilərin hazırlanması və keçirilməsi xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu barədə seçkilər haqqında qanunda da qeyd edilir. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları öz seçki kampaniyasını maliyyələşdirmək üçün xüsusi seçki fondları təşkil edirlər.
Deputat maaşının məbləği nə qədərdir?
Azərbaycanda qanunverici orqan olan Milli Məclisin sədri 2 min 475 manat maaş alır.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən,
*Milli Məclisin sədri 2 min 475 manat
*Milli Məclis sədrin I müavini 2 min 227 manat
*Milli Məclis sədrinin müavini 2 min 103 manat
*Milli Məclisin komitə sədri 1 min 980 manat
*Komitə sədrinin müavini 1 856 manat
*Sıravi deputat isə 1 min 732 manat maaş alır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar