Xəbər lenti
Səfa Rəşid: "Bu yağışlar mən rəssamın fırçası..."
İspaniyada yaşayıb-yaradan şair Səfa Rəşidin bu günlərdə "Ayrılığı sal yadıma" adlı şeirlər kitabı işıq üzü görüb. Qeyd edək ki, iyulun 28-i, saat 14-00-da "Azərkitab" təbliğat mərkəzində kitabın təqdimat mərasimi keçiriləcək.
Manevr.az Səfa Rəşidin yaradıcılığından bir neçə nümunəni təqdim edir:
***
Marisol, saçlarının ağında işıqlanır hər açdığın sabahlar...
Dünənin bu gününə əlvida kimidi.
Biz sovet adamları elə ola bilmirik, senyorina,
Bizim qapımızın zəngi çalınanda həyacandan ayaqustə ölənlərimiz olur.
Senyorina, bilirsən ?!
insan var, həm günəşi sevir, həm də yağışı,
Adam da var göz yaşlarında yaşamağı sevir...
və bir də yağışı sevənlər günəşi heç vaxt yağış qədər sevmir...
Bütün şəhərlər doğma olur zamanla,
Bütün insanlar ögey olur sevənə qədər.
Bütün şəhərlər yaddaşında saxlayır doğmalarını,
Bütün ögeylər unudur tanıdıqlarını...
Mən də bir şəhər buraxdım arxamca doğmalarla dolu,
Sonra ögey şəhərlərdə doğmalaşmağa adam gəzdim.
Bütün çəpərlər bölgülərdə kiçik xəritələr yaratdı,
Amma bütün xəritələr bir dunya xəritəsiymiş sən demə.
"Şəxsən özünə çatacaq" yazdığımız məktublar,
əldən ələ keçərək sahibinə yetişirdi.
İndi nə quş lələyi var , nə də ki,
möhtəşəmlik yaradan mürəkkəblə yazılan məktublar...
Sən də məni qınama bu uzaqlıqda...
Bir az xoşbəxlik gətir səhər yeməyimə.
Bir cüt təsəlli və bir ürək şəkli!
***
Bir şeir yazım sənə qıvrımsaç qız,
Bir öpüş olum saçlarının ucunda.
Ag çiynindən tökülən dəniz dalğası saçların üzümə toxunsun,
kipriklərin qayçı kimi kəssin baxışlarımı...
Oda salsın gözlərinin qarası...
Bir də, yağışlı havalarda çətir tutma nə olar.
Bu yağışlar mən rəssamın fırçası.
***
Pəncərəsi qırıq, yaxası dar ömrum
Sıxılır boğazı dar ağacından
Nəfəsim aynalarda yox olur,
Ruhum canını tapşırır son yarpaqlarda...
Hər şeyə son verir içimin arzuları,
Rahat yol keçidində çırpılır asfalt döşəmələrə.
Qanımı içib doymayan sevgi
Qəbristan yolunun on addımlığında ölur
Çiçək -çiçək buketlər yığılır sifarişlə.
***
Babalarımız paslı xəncərlərdən ölməyi,
güllə yarasından ölməkdən şərəfli sanardı.
Ölməyin şərəflisi olur, öldürülməyin yox,
Əgər sonunda Tanrıya qovuşmaq varsa,
Əzəmətli görünürsən Adəm övladı.
Bir yolluq seçimini et, azad rahat yaşamağı seç!
Çəpərlənmiş dunya xəritəsini
ayaqyalın gəzirdik bir vaxtlar.
Sonra şəkilli pasportumuzla
gömruk mayorunun sərt baxışında möhürlənməyə başladı hər addımımız.
Ey, Allahın azad bəndəsi, indi qəfəs halına şükür et,dualarını mələklərə eşitdir..
***
Hər şey yalqızlığımla başladı ve bitdi...
O gün kəpənəklər də yağmurda qanadlarını itirdi.
Torpaq suyunu kəsdi çox sonralar hər şeydən,
Çəmənliklərin sinəsinə sarılıq xəstəliyi daraşdı...
Sənin məktəbli çantanda qaldı mənim cızdığım ürək şəkli,
Nə sən ona adını yazdın, nə də mən yiyə dura bilmədim sonuna qədər.
Başım tətillərə qarışdı xəyallarımda,
Dunyanın ən uca zirvələrində şəkillər çəkdirdim səninlə.
Tez böyüdük...
Surət qatarlarında qəzadan sağ çıxdım
və bir gün təyyarə qəzasında sol qanadından qırıldım.
Pasportum ködəkcəmin cibində sənin şəklinlə açildi,
Qəzetlərin ilk səhifəsində yayımlandı fotolarımız.
Nə bəxtəvər kədəri vardı insanların...
və biz belə xoşbəxt ola bildik...
Səfa Rəşid
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Kriminal
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar