Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəyalə Sevil: "Bugünkü ədəbiyyatımız təəssüf ki, dost-tanış ədəbiyyatıdır..."

Tarix: 08-06-2019 20:39     Baxış: 2737 A- / A+
Xəyalə Sevil: "Bugünkü ədəbiyyatımız təəssüf ki, dost-tanış ədəbiyyatıdır..."
Müsahibim Azərbaycan Yazıçılar Birliyinin üzvi, Prezident təqaüdçüsü, bir neçə şeir kitabının müəllifi, çağdaş ədəbiyyatımızın seçilən gənc qadın şairlərindən biri Xəyalə Sevildir.

–Oktavio Pasa görə "Poeziya səhrada yalvarışdır, gözəgörünməzlə söhbətdir. O, nifrət, qüssə, ümidsizliklə qidalanır”. Bu mənada, hazırki çağdaş poeziyamızda mövcud olan "hava” sizi sıxmır?

Bizim bugünkü ədəbiyyatımız təəssüf ki, dost-tanış ədəbiyyatıdır. Yəni, indi istedad yox, "təbliğat” ön plandadır. Kimin ki, geniş ətrafı var, dost-tanışı var, onun yaradıcılığı yüksək səviyyədə qiymətləndirilir və təqdim olunur. Kütləni inandırmaq çox asandır. Əgər, hansısa bir şeirə 5-10 nəfər müsbət fikir söyləyirsə, ətraf mühit təsirə düşür, söylənilənləri təkrar edir. Amma, müqayisə etsək, baxıb görərik ki, az oxunan, az tanınan o qədər gözəl müəlliflər var ki... Kimin ki, bir növ "üzü”, təbliğatçılıq bacarığı var onlar qabağa gedirlər. Bu baxımdan mövcud olan "ədəbi hava” məni çox sıxır. Əvvəllər düşünürdüm ki, istənilən sahədə kim məşhurdursa, deməli, istedadlıdır. Lakin illərin və gördüklərimin qənaəti belə olmadı.

–Şair olmaq qadınlar üçün "uyğun" deyil. Çünki qadın sevilir, bəzən sıxışdırılır, geyiminə görə təcrid olunur, "kürəyindən əsasını, qarnından dayçanı" əskik etməmək lazımdır. Bu cür zehin dünyasında qadın kimi doğulmaq azmış kimi, "şair qadın” kimi yaşamaq nə qədər dözüləndir?

Mən hardasa cəsarətliyəm. Kimliyindən, mövqeyindən, cinsiyyətindən, yaşından asılı olmayaraq, zəif bildiyim, ağlına güvənmədiyim heç kimə tabe olmamışam. Yaxşı, pis həmişə öz qərarım olub. Mənimçün idarəetmə mütləq şəkildə kişilərdə və ya yaşca böyüklərdə olmamalıdır. Ağıllı olan idarə etməlidir. Düzdü, hərdən tabe olan, qane olan qadınlara həsəd aparıram, onlar daha asan, daha sakit yaşayırlar. Ancaq, bütün bunlara baxmayaraq, mən yenə də öz xarakterimə sadiq qalıram.

– Bir şeirdə oxumuşdum:
Bir axşamüstü
Bir Şərq şəhərində
Yoruldum qadın olmaqdan...


Bəzən qadınlar deyir ki, kaş ki, kişi gələ biləydim dünyaya. Amma, bu fikrə nədənsə həmişə qarşı olmuşam. Qadın olmaq, qadın doğulmaq mənim üçün bir ayrıcalıqdır. Əgər yaxşı ailədə doğulmusansa, yaxşı mühitdə böyümüsənsə, qadın olmağın avantajı çoxdur. Bir də davranış əsasdır. Hərdən insanlardan tələb etməlisən ki, sənə hörmət eləsinlər. Mən, deyəsən, qadın olmağı bacarıram. Ancaq, hərdən adam insan olmaqdan yorulur. Ruh adamlarının əskikliyini hiss edəndə bu hal daha tez-tez baş verir. Mən, ümumiyyətlə, qapalı insanam. Gec ünsiyyət qururam. Bir növ az tanıdıqlarımdan özümü qoruyuram. Bir şeyə inanıram ki, danışdığın mövzunun 20 faizi qarşındakı insana anlaşıla bilər. Qalan 80 faizi həmin insanın öz analizidi, öz xarakteridi. İnsanlar səni necə görmək istəyirlərsə, danışdığın sözdən asılı olmayaraq sən "o” olursan, həmin adama çevrilirsən. Məhz buna görə də problem qadın olmaq deyil. İnsan olmaqdan yorulur adam. Şair kimi yaşamağa qaldıqda isə, əgər səni başa düşən heç olmasa bir nəfərin varsa, əgər sən tamamlanırsansa, nə gözəl... Əks halda gərək ya tək yaşayasan, ya da tək yaşamış kimi bir şey olasan.

–Ötən 30 ildə cavan qalıb "neylədiniz?”

(Gülür). 30 yox, hətta 33 ildə. Neylədim? Mənim iki övladım var. Mən nə uğur qazanmışamsa, qazanacağamsa, onların hamısından yuxarıda mənim övladlarım dayanır. Bilirəm, dünyadakı bütün analar müqəddəsdir. – Cəmiyyətdə bu ada xilaf çıxanlar istisna olmaqla təbii – Övladlarıma baxanda, qürur hissindən gözlərimin dolmağı nəyə desən dəyər. Oğlumun 5, qızımın 8 yaşı olacaq. Deyim ki, elə böyük uğurları belə yoxdu. Yaşları azdı hələ, ancaq, onların varlığı belə qürurumdu. Əgər qocalanda geriyə boylanıb, özümü yaxşı ana kimi, övladlarımı ağıllı, təhsilli, cəmiyyətdə nüfuz sahibi kimi görsəm, demək ki, mən uğur qazanmışam, Vicdan rahatlığından böyük xoşbəxtlik yoxdur, məncə.

–Yaradıcılığınızda necə?

AYB-nin üzvü, Prezident təqaüdçüsüyəm, kitablarım var, çap olunuram. İstedadlı yazıçı və şairlər, tənqidçilər tərəfindən qiymətləndirilib, xoş münasibət görmüşəm. Bilirsiniz, mən heç vaxt üzdə olmağı sevməmişəm. Niyəsə, insanlar üzdə olmağa çox can atırlar. Qapıları açıb birbaş keçirlər içəri. Mənsə, heç vaxt heç qapı döyən tərəf olmamışam. Hər zaman qapı arxasındayam. Çağırırlarsa, gəlirəm, çağırmırlarsa getmirəm.

–Şeirlərinizi ayrılıq, (Ağlamadım sən gözümdən düşəndə, qorxdum yağışa düşəsən), Allaha üsyan (Tanrım, sən də günahkarsan, Qaçıb gizlənmisən göyə. Əllərimi danlayıram, Dizlərimə döyə-döyə), göz yaşları (Sonra səssizlik çökər gözlərinə. Kirpiyindən asdığın yaş da quruyar ) və bu kimi ağır tonlarda ifadə etmisiniz... Daha bəşəri mövzulara – məsələn, müharibə, insan amili, cəmiyyətin digər ümdə ağrısına xitab sizi düşündürürmü? Bu mövzularda niyə sanballı ədəbi nümunələrimiz yox dərəcəsindədir?

Mən deməzdim yoxdur. Müharibə mövzusunda yetəri qədər ədəbi nümunəyə rast gəlmək mümkündür. Və əsasən kişi müəlliflərdə bu mövzular daha yaxşı alınır. Yəqin ki, onlar daha yaxşı duyur müharibə mövzusunu. Məndə sevgi mövzusu başlıcalıq təşkil edir. Ancaq, elə vaxtlarım olub ki, sevgi mövzusunda yazmaq istəmişəm, alınmayıb. Bu həm də zaman-zaman keçirilən hisslərdir, ruh məsələsidir. Bir də bir şey var ki, mənə görə yaxşı oxucu, yaxşı tənqidçi şairin nə yazdığına yox, necə yazdığına fikir verməlidir.

–Qadınlar taleyi insafa gətirməyi bacarmadıqda şeir olur, yoxsa "ürəyin sol tərəfindən sağ keçə bilmədikdə?

Əslində, elə budur mövzu – Şeirimdə dediyim kimi, "ürəyimizin sol tərəfindən sağ çıxa bilmədik”... Taledən insaflı olmağı gözləmək də lazım deyil. Mən fikirləşirəm ki, qarşımızda bir çətinlik varsa, mütləq onu keçmək üçün də bir yol var. Məğlubiyyəti qəbul etmək ikinci məğlubiyyətdir. Yəni taleyə boyun əymirəm. Amma, bir də ürək məsələsi var ki, bu çox incə məsələdir. Həqiqətən, ordan sağ çıxanlara qibtə edirəm.

– Andre Jidə görə "Ən çətin şey yazmağa başladıqda içdən olmaqdır”. "Asaram özümü göyün üzündən”, "Qadınlardan tanıdım göz yaşını”, "Susdum”, "Əllərimin uzağı” və s. şeirlərinizdə qəlbinizi mətnə verdiyiniz aydın görünür. Sizcədəmi şeir ovqat məsələsidir? Yəni həmişə eyni qəlblə yazmaq mümkünsüzdür.

Bilirsiniz bu bir növ başqa-başqa pəncərələri olan bir evdir. Həmişə eyni pəncərədən baxsan, eyni mənzərəni görüb, eyni mənzərəni yazacaqsan. Lazımdır ki, başqa pəncərədən də baxasan. Qəlb eynidir, düşüncələr fərqli olur. Dolğun desəm, situasiya. Yəni həmin vaxtın sənə təsir etdiyi ovqatı yazırsan.

– Sizdə şeir yazmaq prosesi necədir?

Heç kəs danışdırmasın məni, pis adamam mən (gülür). Təxmini belə bir şeydir. Çəkilərəm bir kənara, öz işimi görərəm. Bu əsasən evli və uşaqlı qadında daha çətindir. Gündəlik qayğılardan uzaqlaşmağın ancaq gecə olur. Baxmayaraq ki, gecənin qaranlığını sevmirəm, amma, gecənin səssizliyi möhtəşəmdir. Çünki o səssizlikdə öz səsini daha aydın eşidirsən.

–Məişət işləri yaradıcılıqla məşğul olmağı məhdudlaşdırır?

Mən daha çox evimə, uşaqlarıma bağlıyam. Bir dəfə Seyran Səxavət demişdi ki, əgər yaradıcılığını ikinci plana salsan, ailəni daha üstün tutsan, yaradıcılığın ikiyə yox, lap axıra düşəcək. Düz demişdi. Amma, neyləyim ki, məndə başqa cür alınmır.

–Yaradıcılığını izlədiyim bir neçə qadın şairlərin şeirlərində analıq duyğuları daha qabarıqdır. Ana olmağınıza baxmayaraq, şeirlərinizdə nədənsə bu hala rast gələ bilmədim. Sətirlərdə daha çox gənc, sentimental, həyatından gileylənən bir qadınla rastlaşırdım...

Görünən və görünməyən tərəf var. Rastlaşdığınız tərəf yəqin ki, mənim görünməyəm tərəfimdir. Və şeirlərimdə özümü nə dərəcədə tanıdıramsa, real həyatda heç onun yarısı qədər belə tanıtmıram. Həmişə susduqlarım danışdıqlarımdan çox olur. Düşünürəm ki, dostum, doğmam dediyim insan özü məni tanımalıdı, əgər mən tanıdıramsa, o sehr pozulur. Bir şeirimdə demişdim – "Və bir gün qarşıma bir adam çıxa”. Məncə, bütün ruh adamlarının o adama ehtiyacı var. Övladlarıma gəldikdə isə onlarla bağlı hər şey qaydasındadı, onlar mənim reallığımdır.

–Onda şeirləriniz narahat duyğuların toplusudur...

Elə xoşbəxt vaxtlarım var idi ki, mən hətta şeir yaza bilmirdim. Və düşündüm ki, daha heç vaxt yaza bilməyəcəm. İndi düşünürəm həmin dönəmlər demə, başım xoşbəxtliyə çox qarışıbmış. Xoşbəxtlikdən nə yazasan? Nə qədər yazasan? Xoşbəxtlik elə göründüyü qədərdir, ancaq, əksi açıldıqca açılır, yazıldıqca yazılır və həmişə də yazmalı nəsə qalır. Nə yaxşı ki şeir var... Və nə yaxşı ki, övladlarım var... Hərdən adam başını öz çiyninə qoyub ağlamağa məcbur olur. Elə vaxtlarda başımı qaldıran səbəblər, övladlarım və şeirlərimdır.

–Xəyalə Sevil daha çox kimdir? Xəyalə Abbasovamı, qadınmı, anamı, yoxsa şairmi?

Hər şeydən birinci ana gəlir. Xəyalə Sevil nə yaxşı ki, anadır. Sonra qadını deyərdim. Şair ən sonlardadır. Öz həyatım ikinci plandadır. Ən böyük problemin içində belə qızımın tutalım dərsindən aldığı yaxşı qiymət hər şeyi unutdurur, uşaq kimi sevinirəm. Bir də mütləq şəkildə mübariz ana olmalısan. Mən övladlarıma nəyisə bacarmaran deyəndə təəccüblə baxırlar. Elə bilirlər ki, analar hər şeyi bacarırlar. Onları mən inandırmışam. Qoy elə inansınlar. Həqiqətən də, onlar üçün hər şeyi bacararam.

– Sevil təxəllüsü necə yarandı?

Yoldaşımın anasının adıdır. Biz ailə quranda dünyasını dəyişmişdi. Yoldaşıma olan hörmətimdən onun istəkli anasının adını özümə təxəllüs götürdüm. Həm də içərimdə güclü bir hiss var idi ki, mənim qızım olacaq. Mən balıq bürcüyəm. Hisslərim qüvvətlidir.

–"Nə getməklə getmək oldu,
Nə qalmaq xeyir eylədi.
Sənin sevgin,
Mənim sevgim
Üst-üstə şeir elədi” – sevginin şeirdən başqa hansısa halı varıydımı?


Sevgi real bir şey deyil, onun ən yaxşısı xəyallarda olur. Mən xəyallarımda çox gözəl şəkildə sevib-sevilə bilərəm. Tamam başqa adam ola bilərəm. Real həyatda özümə kənardan baxdıqda, soyuq bir qadınla qarşılaşıram. İçimdə bu deyiləm, təbii. Salam Sarvanın bir şeiri var: "Məni sevməyin də yolu başqadır, Bununçün məhəbbət filan şərt deyil”. Sevirəm bu misranı. Mənimçün sevgidən çox güvən önəmlidir. Əgər sevdiyim adama güvənmirəmsə, onu sevdiyimi heç özümə də etiraf etmərəm və mütləq unudaram. Güclü xarakter yoxdursa, nə sevgi, nə dostluq mövzu ola bilməz. Bu baxımdan özümü bir növ güclü qadın hesab edirəm. Ancaq, bilirəm ki, bütün güclü qadınlar bədbəxtdirlər, içindəki təkliyi heç kim görmür. Güclü olmaq, əslində, bir növ qorxudur. Bir şeirimdə də yazmışdım, "insan qorxduğuna görə güclü olur”. Özünü, doğmalarını qorumaq üçün güclü olur. Bir də fədakarlıq hissi var. Fədakarlıq etməyi bacarmayandan, verdiyi sözün adamı ola bilməyəndən nə dost olar, nə sevgili. Bu baxımdan mən şanslıyam. Yoldaşımı nəzərdə tuturam.

–Nə mütaliə edirsiz hazırda, nə oxuyursunuz?

"Kerri bacı”nı oxuyuram hal-hazırda. Drayzeri sevirəm, Remarkı sevirəm. "Ovod” isə məni günlərcə təsirində saxlamışdı. Cek Londonun "Bəyaz dişi” də həmçinin. Əsas şeir oxumağı sevirəm. Şeir vaxtımı çox almır. Və bir növ təzələyir məni.

–Kitab dediniz bayaq.

Mən düşünürəm kitab çıxarmağa bir az tələsmişəm. İlk kitabım qohumların, ətrafın təsiri ilə 15 yaşımda çıxdı. Sonrakı kitabım universitet illərində, qızların həvəsləndirməyi ilə, 3-cü kitab AYB-yə üzvlük üçün şeirlərim cəmlənməli idi deyə, kitab halında çap olundu. Ancaq bütün bunları kənara qoyarsaq, sonuncu kitabımı "Saçlarıma ay qonub” sırf öz istəyimlə çap etdirdim. Bu baxımdan elə bilirəm çap olunmuş bir kitabım var. İndi çıxarmaq istədiyim kitab üstündə sanki daha çox əsirəm. Bu yəqin ki, yaşla əlaqədardır həm də. Ciddi nəsə ərsəyə gətirmək istəyirəm.

–Çağdaş şairlərimizdən kimi oxuyursunuz?

Salam Sarvanın, Sabir Yusifoğlunun, Əlizadə Nurinin və s. şairlərin şeirlərini sevirəm. Cavanlardan Elvin Bakiroğlunu, Emin Pirini, Vasif Zöhraboğlunu, Vəfa Mürsəlqızını, Arzu Hüseyni, Ceyhunə Mehmanqızını, Şəfa Vəlinin isə nəsrini bəyənirəm.

Söhbətləşdi: Aysu Kərimova

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar