Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Dərdimə dərmantək Kəlbəcəri yaz"- Əjdər Əslisaf

Tarix: 07-06-2019 08:14     Baxış: 2613 A- / A+
"Dərdimə dərmantək Kəlbəcəri yaz"- Əjdər Əslisaf

Bu gün yurd itkisi, torpaq nisgili hamı kimi, (bəlkə də hər kəsdən daha çox) yaradıcı adamları da ağrıdır, göynədir. Ancaq onların adi adamlardan bir fərqi var ki, bu ağrı-acını pünhan çəkmirlər, haray çəkməklə, ağrılarını qələmə, fırçaya...və.s hopduraraq aləmə bəlli edirlər. Göynəyin söz şəklini çəkənlərdən biri də əslən Kəlbəcərdən olan Əjdər Əslisafdır.

Qısa tanıtım üçün bildirək ki, Əjdər Əslisaf (İlyasov Əjdər Hüseyn oğlu), 31 dekabr 1962 ci ildə Kəlbəcər rayonunun Milli kəndində, ziyalı ailəsində dünyaya gəlib. Milli kəndində ibtidai təhsilə başlayan Ə.Əslisaf, sonralar orta təhsilini Sınıqkilsə kənd və Kəlbəcər şəhər 1 saylı orta məktəblərində davam etdirib, 1980-ci ildə orta məktəbi bitirib. 1981-83-cü illərdə hərbi xidmətdə olub. 1984-89 cu illərdə Moskva Ali ticarət institutunda təhsilini davam etdirən Əjdər bəy, sonralar Rusiyanın Saratov vilayətində H.Q. Çernışevski adına dövlət universitetində ikinci ali təhsilə yiyələnib. Uzun müddət Rusiya federasiyasında yaşayıb, Saratov vilayətində bu günədək fəaliyyət göstərən Azərbaycan diasporunun vitse prezidenti olub. Hələ orta məktəb illərindən Əjdər Əslisaf təxəllüsüylə şeirlər yazır. Ailəlidir , 4 övladı və 1 nəvəsi var. Hal-hazırda Bakı şəhərində yaşayır.

Manevr.az Əjdər Əslisafın bir neçə şeirini oxuculara təqdim edir:

AZƏRBAYCANLIYAM

Yurdum Azərbaycan, elim Kəlbəcər,
Qədim bir diyarın vətəndaşıyam.
Babam Koroğludu, nənəmdi Həcər.
Mən odlar yurdunun köz adamıyam.

Vətənim, Anamdı, səcdəgahım da,
Dinim İslamım var, tək Allahım da.
Gül-cicək açıbdı qəlb dərgahımda,
İlin hər fəslində yaz adamıyam.

Vurulub illərlə, dərindir yaram.
Təbriz bir paramdı, Dərbənd bir param.
Süfrəmdə heç zaman kəsilməz haram,
Bu acgöz bəşərin düz adamıyam.

Nizami xəmsəsi dərsimdi mənim,
Xanın şikəstəsi səsimdi mənim,
Yurdumun sərvəti bəsimdi mənim,
Çörək adamıyam, duz adamıyam.

Hər sözü çeynəyib, əzən deyiləm,
Hər sözdən inciyib, küsən deyiləm,
Hər sözdə yüz məna gəzən deyiləm,
Mən sözə vurğunam, söz adamıyam.

Haqqın, ədalətin kökündə varam,
Murovun başında, illərdən qaram.
İnləsəm kamanam, dinləsən taram,
Laylam Ələsgərdən, saz adamıyam.
Əjdərəm, dünyanın düz adamıyam!
22.11.2017

DİLƏNİRƏM

Dilənçi olmuşam, həsrət əlindən,
Yalvarıb, dağlardan meh dilənirəm.
Çəmənə, çiçəyə göz yaşı töküb,
Hər səhər bir damcı şeh dilənirəm.

Nə ömür-ömürdü, nə günüm gündü,
Nə bəxtim oyandı, nə üzüm güldü.
Şəhidlik zirvəsi toydu-düyündü,
Savaş istəyirəm, beh dilənirəm.

Mən də xoşbəxtlərə tayıdım bir gün,
Diləyim.., yurduma qayıdım bir gün.
Bəlkə yatanları ayıltdım bir gün,
Gah nəzir verirəm, gah dilənirəm.

Haqq itdi, üsyançım qəriblik oldu,
Sələmçim, tavançım qəriblik oldu.
Əjdərəm, qazancım qəriblik oldu,
Vətəndə vətənsiz, ehhh.., dilənirəm.
27.04.2018

KƏLBƏCƏRİ YAZ

Gəl ürəyini müayinə edək deyən
həkim dostuma.

Amandı ay həkim, ayrı şey demə,
Dərdimə dərmantək Kəlbəcəri yaz.
Məlhəm et güllərin döşə sinəmə,
Dağılmış yurdumu, o şəhəri yaz.

Hələ bu ürəkdi dözür ağrıya,
İstərəm ki, məni Göyçə ağlıya.
Çatmasa da əlin, o İsti-suya,
Adını reseptə birtəhəri yaz.

Şuşada yastığım qoy olsun bir daş,
Ağdamı, Laçını et mənə sirdaş.
Fizuli, Cəbrayıl ağrıdır qardaş,
Yuyunum suyuyla, Xan Tərtəri yaz.

Zəngilan, Qubadlı mənim yaramdı,
Qarabağ od tutan çiyər paramdı.
Özgə dərman Əslisafa haramdı,
Mən deyim, sən götür o dəftəri, yaz.
Dərdimə dərmantək Kəlbəcəri yaz.
30.11.2015

ÇAĞ, O ÇAĞ DEYİL

Uşaqlıq illərim ayrı cür idi,
O illərdə ayrı dünya var idi.
O vaxt qışda hər yan düm ağ qar idi.
İndi qış da bəyaz deyil, ağ deyil.
Zaman dəyişibdi, çağ, o çağ deyil.

Baharın ətrini sel kəndimizə,
Gətirərdi açan gül kəndimizə.
Nağıl danışardı nənələr bizə,
Kəndimiz dağılıb, nənəm sağ deyil,
Zaman dəyişibdi, çağ, o çağ deyil.

Papaq saxlayardı başda babamız,
Yerindəydi o vaxt bizim obamız.
Bütün kəndi isidərdi sobamız,
Babam yoxdu, yanan o ocaq deyil,
Zaman dəyişibdi, çağ, o çağ deyil.

Geniş məhləmiz də dar görünərdi,
Dağlara baxardıq, qar görünərdi.
Qartal qıy vurardı, sar görünərdi,
Quşlar uçub gedib, dağ, o dağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.

O xoş günlərimiz qaldı dünəndə,
Bayramlar qurulur matəm günündə.
Vətən qarşısında, torpaq önündə,
Üzümüz qaradı, indi ağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.

O vaxt təmiz idi bütün arzular,
Yox idi əlçatmaz, çətin arzular.
Nağıl danışardı, nənələr bizə,
Almalar düşərdi qismətimizə.
İndi nağıl başqa, bağ, o bağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.
07.03.2017

İNCİYƏR

Demə, çətin qayıdarıq o elə,
Yurdum ağlar qalar, güllər inciyər.
Demə eşitmərik Tərtərin səsin,
Bulaqlar yaş tökər, sellər inciyər.

Açılmaz nərgizi, bənövşə solar,
Yaşıl çəmənləri nigəran qalar,
Dağlarda boranlar, tufanlar olar,
Мeşələr inciyər, çöllər inciyər.

Lalələr baharda bizi gözləyir,
Yaylaqlar sürüylə quzu gözləyir,
İstisu da, sazı, sözü gözləyir,
Pərdələr ağlayar, tellər inciyər.

Əjdərəm, ölmərəm qərib ölkədə,
Bədənim ölsədə, cismim ölsədə,
Ruhum Kəlbəcərə qayıda gərək,
Orda keçirdiyim illər inciyər.
Saratov.2012

YAŞADIM

Alın yazısının qulu oldum mən,
Acıdan acısın seçdim, yaşadım.
Nəvaziş gözlədim, qayğı istədim,
Zəhəri şərbəttək içdim yaşadım.

Bəxtimlə istəyim olmadı taraz,
Nisgilim bol oldu, sevincim bir az​,
Gah, şaxta dondurdu, gah vurdu ayaz
Çovğuna, borana düşdüm yaşadım.

Şirin diləklərin toxumun əkdim,
Çalışdım, əlləşdim, zəhmətin çəkdim,
Xəzan bağçalara göz yaşı tökdüm,
Çağladım, kükrədim, coşdum, yaşadım..

Əjdərəm, sınmadım min əzabına,
Dab gəldim həyatın hər bir dabına.
Şükr etdim verdiyi dözüm, tabına,
Əlimi Allaha açdım yaşadım.
Bakı.14.12.2014

NƏ BİLİM OLACAQ BELƏ BİR DƏRDİM...

Nə bilim olacaq belə bir dərdim?
Bütün qonşulara qonaq gedərdim.
Soyuq məzarlara səcdə edərdim,
Bilsəydim sonuncu gedişimdi bu!

Daş olub yollara səpilərdim mən.
Ot olub torpağa əkilərdim mən.
Dumantək dağlara çəkilərdim mən,
Bilsəydim sonuncu gedişimdi bu!

Seyrinə çıxardım uca dağların,
Qonağı olardım buz bulaqların,
Rəsmini çəkərdim mən yaylaqların,
Bilsəydim sonuncu gedişimdi bu!

Yorulmazdım, gəzərdim gecə, gündüz,
Qoymazdım qala bir dərə, bir düz.
Yığardım bir az da ətirli yarpız,
Bilsəydim sonuncu gedişimdi bu!

Başına dolanıb doğma evin də,
Ayaq saxlayardım hər kol dibində.
Torpaq gətirərdim bir az cibimdə,
Bilsəydim sonuncu gedişimdi bu!

Əjdərəm kimlərə deyim dərdimi?
Bilmədim o doğma yurdun qədrini.
Yığardım qoynuma bütün ətrini,
Bilsəydim sonuncu gedişimdi bu!
Saratov 2009

DAĞLARA

Gör neçə zamandı,gör neçə vaxtdı,
Həsrətdi baxışım, gözüm dağlara.
Gör neçə ildi ki, yolum uzaqdı,
Düşməyib ləpirim, izim dağlara.

Yurdumu gecələr ağlar görürəm,
Vaxtsız xəzan olmuş bağlar görürəm.
Qürbətdə zirvələr dağlar görürəm,
Vurğunam mən ancaq bizim dağlara.

Arzular, istəklər qala qəlbimdə,
Qurmuşam dağılmaz qala qəlbimdə.
Qorxuram getməyəm qala qəlbimdə,
Neçə deyilməmiş sözüm dağlara.

Xəyallar apardı dağlara bir an,
Kəpəz, Dəlidağım, Keyti, Aydoğan,
Əjdərin qibləsi Murovdu, inan,
Yatanda, yatıram üzüm dağlara.
Bakı.2014

MİLLİYƏ QONAQ GEDİRƏM

Yatanda yuxuma Kəlbəcər girir,
Hər gecə Milliyə qonaq​ gedirəm.
Zülmətdə görürəm doğma yerləri,
Əlimdə bir yanar çıraq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Meşələr səsləyir, doğma səsiylə,
Bulaqlar çağırır öz nəğməsiylə,
Daşlar nağıl deyir əfsanəsiylə,
Yaxın yollarımı uzaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Ağgüney, Çalqaya, Qiblə bulağı,
Çağırır hey məni dərəsi-dağı,
Tüstüsüz gorürəm doğma ocağı,
Bəzən ayaqyalın, çılpaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuma mələklər, pərilər gəlir,
Ölülər canlanır, dirilir gəlir.
Görürəm.., dağlara sürülər gəlir,
Gələn sürülərə qabaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuda öpürəm ocaq daşların,
Bir ana ağlayır, yolur saçların,
Hər yanda ot basıb məzar daşların,
Əlimdə kərənti, bıçaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Köçlər köçürürəm dağa, arana,
Düşürəm çovğuna, qara, borana,
Nə qədər zülm olar, tanrım insana?
Gedirəm.., çatmıram.., nahaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuda düşsəmdə dumana ,çənə,
Yuxular təsəlli verirlər mənə.
Yuxular Əjdəri çəkir Vətənə,
Edib babalardan soraq.., gedirəm
Hər gecə Milliyə qonaq gedirəm.
Bakı.Oktyabr 2013

KƏLBƏCƏR... KƏLBƏCƏR...

Ürəyimdə kaman sızlar,
Ünü Kəlbəcər.., Kəlbəcər!
Həsrətim yol alıb gedir,
Yönü Kəlbəcər.., Kəlbəcər!

Qürbət eldə ömür hədər,
Gözüm yaşlı axşam səhər
Bicilib əynimə kədər,
Donu Kəlbəcər.., Kəlbəcər!

Dağlarında iz qoymağa,
Oçağına köz qoymağa,
Torpağına üz qoymağa,
Hanı Kəlbəcər.., Kəlbəcər?

Əslisafam bağlı qolum,
Kaş saralım, kaş ki, solum,
Kaş bitəydi ömür yolum,
Sonu Kəlbəcər.., Kəlbəcər!
19.09.2016

Əjdər Əslisaf


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar