Xəbər lenti
Heydər Əliyev ölkəmizin gələcəyinə böyük dərəcədə təsir etmək imkanına nail olmuşdu
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edərkən onun qurduğu təməllər üzərində yüksələn müasir Azərbaycanın haradan haraya gəldiyini xatırlatmaqda fayda var.
Azərbaycanda hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Heydər Əliyev ölkəmizin gələcəyinə böyük dərəcədə təsir etmək imkanına nail olmuşdu. O, onilliklər boyu dəyişən müxtəlif fərqli siyasi şəraitlərdə çalışdı və mübarizə apardı. Mübarizəsində ölkəsinin tərəqqisi üçün Azərbaycan xalqına və iqtisadiyyatına investisiya qoymaq birinci prioriteti oldu. Bunun nəticəsində xalqımıza təhsil, elm, mədəniyyət və incəsənət sahələrində yeni imkanlar yaratdı və ölkəmizin bugünkü müasir cəmiyyətinin formalaşmasına böyük təsiri oldu.
İqtisadçı Qari Beykerin Nobel mükafatı almasında başlıca səbəblərdən biri olan “Human Capital” kitabında da vurğuladığı kimi, yaxşı təhsil imkanları, insana və cəmiyyətə edilən ən mühüm sərmayədir. Bu növ investisiyanın gələcək hasilat, yaşayış və rifah səviyyəsinə olan konkret təsirləri böyükdür. 1970-ci illərdə Azərbaycandakı təhsil müəssisələrinin saylarındakı və xüsusiyyətlərindəki artımlar elm xadimlərimizin kitablarında ətraflı qeyd olunmuşdur. Məktəblərin sayı iki qat, müəllimlərin sayları isə böyük dərəcədə artmışdır. Bunun nəticəsində məsələn, orta təhsildəki tələbələrin sayı 1967-ci illə müqayisədə 1977-ci ildə iki mislindən artıq artmışdır. Azərbaycandakı ali məktəblərin və buna paralel olaraq universitet müəllimləri və tələbələrinin sayı da ciddi ölçülərdə artmışdı.
Azərbaycan daxilindəki təhsil müəssisələri ilə yanaşı gənclərimizə Sovetlər İttifaqının digər respublikalarındakı dünyaca məşhur universitet və akademiyalarda təhsil imkanları artırılmışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq Moskva və Leninqrad (indiki Sankt-Peterburq - T.V) kimi mühüm elm və sənət mərkəzlərinə ildə təxminən 800-900 Azərbaycan gəncini ali təhsil üçün göndərilməsi Heydər Əliyevin təqdim etdiyi imkanlar sayəsində gerçəkləşmişdir. Bu rəqəm 1980-ci illərdə ildə 1400-ə yüksəlib. 1982-ci ildə Moskva və Leninqrad kimi şəhərlərin aparıcı təhsil müəssisələrindəki azərbaycanlıların sayı 3500-ə yaxın idi.
1960-cı illərə qədər SSRİ-nin ən geridə qalmış respublikalarından biri olan Azərbaycan 1970-ci illərdə Heydər Əliyevin liderliyində enerji, sənaye və kənd təsərrüfatı sahələrində böyük addımlar atdı. Belə ki, istehsal, enerji, ərzaq və büdcə aspektlərindən Sovetlər birliyi sərhədləri içində Azərbaycan özü özünü təmin edən nadir respublikalardan biri oldu.
Mürəkkəb Sovet sistemi şəraitində bu cür uğurlara çatmaq ancaq böyük mübarizələr ilə mümkün olmuşdu. Uğurları 1982-ci ildə Əliyevi Moskvaya Sovet yüksək məqamlarına qaldırdı. Ancaq mübarizələr də o nisbətdə böyüdü. Bir azərbaycanlını Moskvada ən yüksək məqamlarda görmək istəməyənlərin manevrləri və Heydər Əliyevin Moskvada olması, yəni şəxsən Azərbaycanda davamlı olmaması bir sıra problemlərə səbə oldu. 1980-ci illərin ikinci yarısında Azərbaycan rəhbərliyi sabitlik, əmin-amanlıq içində inkişaf prosesini itirməyə başladı. Sovetlərin süqutu ilə sürətlənən bu proses, torpaqların işğalı və bölünmələrlə daha da artdı.
1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi və hakimiyyət başına keçməsi ilə yeni bir dövr başladı. Qarşıdurmaların dayanması və ölkəyə sabitlik gəlməsi ilə başlayan bu yeni proses ölkəyə xaricdən investisiya qapılarını açdı. Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçməsi ilə başlayan iqtisadi addımın nəticələrini bu gün hamı görür.
1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanda yeni bir siyasi sistem qurdu. Çox çətin şərtlər daxilində yeritdiyi xarici siyasət sayəsində son dərəcə mürəkkəb bir coğrafiyada yerləşən ölkəsinin sabitlik içində investisiyalara davam etməsinə imkan verdi. 12 dekabr 2003-cü il tarixində əbədiyyətə qovuşan Heydər Əliyev özündən sonra qoyduğu əsərlər ilə xalqımızın qəlbində yaşamağa davam edir.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı təməllər üzərində inkişaf davam edən Azərbaycan 10 milyonu keçən əhalisi ilə dünyada öz layiqli yerini tutmaqdadır. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilib. 2012-ci ildə reallaşan Azərbaycanın xarici investisiyalarının miqdarı 22 milyard dollardan çox olmuşdur. Ölkədə 2003-cü ildən bu yana 2500 yeni məktəb və 500-dən çox sağlamlıq kompleksi açılıb. Azərbaycanda insana qoyulan kapital, investisiyalar sürətlənərək davam edir.
Ancaq daha da ediləcək çox şey var. Bunları həyata keçirməyin mümkün olduğunu haradan bilirik? Bilirik, çünki çox çətin şəraitdə mübarizə aparan Heydər Əliyevin uğurları yeni nəsillərə ilham olur. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin adı bu möhtəşəm tablonu tamamlayır.
Tural Vəlizadə
Qərbi Kaspi Universitetinin müəlimi
Bakı Dövlət Universitetinin doktorantı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar