Xəbər lenti
Tanınmışlarımız Ukraynanın şoumen prezidenti haqqında nə düşünürlər?
Ötən gün Ukraynada baş tutan prezident seçkilərində “95-ci kvartal” şən və hazırcavablar komandasının yaradıcısı Vladimir Zelenski qalib gəlib.
Məşhur komediya ustasının ölkə prezidenti olması birmənalı qarşılanmayıb. Yumoristik aktyorun ciddi platforma olan siyasətə qoşulması və ölkə prezidenti olması müzakirələrə səbəb olub.
Bəs, Ukraynanın yeni prezidenti kimdir?
Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Rog şəhərində anadan olub. Atası Aleksandr Zelenski Krivoy Rog İqtisadiyyat İnstitutunda professor olaraq çalışıb, anası Rimma Zelenska mühəndisdir. O, orta məktəbə başlamazdan əvvəl atasının vəzifəsi ilə bağlı 4 il Monqolustanda yaşayıb.
Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Rog İqtisadi İnstitutunda hüquq ixtisası üzrə təhsil alıb. Lakin öz ixtisası üzrə işləməyib.
2013-cü ildə Avromeydan hərəkatını, Donbass müharibəsində Ukrayna ordusunu dəstəkləyib.
2014-cü ilin avqustunda Ukrayna Mədəniyyət Nazirliyinin Rusiya sənətçilərinin ölkəyə daxil olmasını qadağan etməsinə qarşı çıxıb.
2015-ci ildə "Xalqın xidmətçisi" adlı serialda Ukraynanın prezidentini canlandırıb.
2018-ci ildə baş rolunu canlandırdığı “Love in the Big City” filmi iki ölkədə qadağan edilib.
2019-cu ilin mart ayında “Der Spiegel” jurnalına verdiyi müsahibədə siyasətçilərə olan güvəni geri qaytarmaq üçün siyasətə qoşulduğunu açıqlayıb.
Zelenski 2003-cü ildə məktəb yoldaşı Elena Vladimirovna ilə ailə qurub. Cütlüyün Aleksandra adında 15 yaşlı qızı və Kirill adında 6 yaşlı oğlu var.
Bəs azərbaycanlı komediyaçılar Ukraynanın yeni prezidenti haqqında nə düşünür? Onlar da siyasətə qoşulmaq istəyirlər?
Manevr.az xəbər verir ki, musavat.com azərbaycanlı komediyaçılar arasında sorğu keçirib və onların baş verənlərə münasibətini öyrənib.
Əməkdar artist Tahir İmanov bildirib ki, başqa ölkənin daxili siyasətinə qarışmaq istəmir: “Zelinskinin fəaliyyətindən xəbərdaram. Onunla festivallarda qarşılaşmışıq. O KVN-ə bizdən sonra gəlib. Ukraynada yaşananları da izləyirəm. Amma başqa ölkənin daxili siyasətinə qarışmaq istəmirəm. Özümə gəldikdə isə siyasətə qoşulmaq fikrim yoxdur. Gözəl sənətim var, sənətimi davam etdirəcəyəm”.
Aktyor Elməddin Cəfərov da siyasətə qoşulmaq istəməyənlərdəndir: “Ukrayna seçkilərini xəbərlərdən izləyirəm. Zelinskinin prezident seçilməsi maraqlı hadisədir. Nəticələrin tam olaraq mayın 1-i açıqlanacağı bildirilib. Mən də gözləyirəm. İnşallah ölkə üçün xeyirlisi olar. Tək istəyim budur. Mən öz sənətimi sevirəm, öz sahəmdə kifayət qədər uğur qazanmışam. Siyasətdən anlayışım yoxdur. Ona görə də siyasətə qoşulmaq istəmirəm”.
Aktyor Elcan Rəsulov isə ciddi sahələrdə çalışmaq istədiyini dilə gətirib: “Əslində bu məni sevindirir. Çünki bizim sahədə olanlara hörməti bir az da artırır. Deyib-gülən insanların ciddi sahələrdə çalışması mənə həmişə maraqlı gəlib. Siyasət, sistem işi və hərbi sahələr ciddiyyət tələb edir. Bəlkə mən də nə vaxtsa, özümü ciddi sahələrdə sınayaram. Prezident, deputat olmaq istəmirəm, amma nazirlik əməkdaşı olaraq çalışa bilərəm. Əgər məni nə vaxtsa ciddi sahələrdə görsələr, dəvət gəlsə, dəyərləndirərəm”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar