Xəbər lenti
İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatına verilsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilsin.
4. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilsin.
5. Bakı şəhərində, habelə "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.
6. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların ("AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
7.1. hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etsin;
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;
8.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
8.6.1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;
8.6.2. Respublika Bədən Tərbiyəsi Mərkəzinin və "Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi;
8.7. üç ay müddətində:
8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və onun yanında Dövlət Xəzinədarlıq Agentliyinin əsasnamələrinin layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.
10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
11.1. mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirsin, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
11.2. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında onun üçün nəzərdə tutulmuş, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin etsin.
12. Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 11.1-ci bəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq şərait yaradılmasını və kömək göstərilməsini təmin etsinlər.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar