Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şeirimizin xanım-xatın Ofelya Babayevası- Payız gözlü qadın!

Tarix: 28-09-2018 15:28     Baxış: 31 045 A- / A+
Şeirimizin xanım-xatın Ofelya Babayevası- Payız gözlü qadın!

Bu gün onun doğum günüdü. Təəssüratlarımı bölüşmək, düşüncəmdə onun haqqında formalaşan fikirləri qələmə almaq üçün əsl məqamdı...
Öncə şeirlərindən tanıyıb sevmişəm onu. Bir gün onunla belə yaxından təmas quracağım, hətta yol yoldaşı olacağım ağlıma da gəlməzdi. Amma günlərin birində o xoşbəxtliyi yaşamaq qismətim oldu. Şux qaməti, gözəl siması, incə ədası şeirləri qədər cazibəli idi. Ciddi görkəmi və aradakı yaş fərqi müsahib olmağımıza mane olmadı. Məlahətli səsində, axıcı diksiyasında bir həzinlik vardı. Lap payız kimi...Davranışındakı sadəlik, mehribanlıq araya bir doğmalıq körpüsü saldı. Bir neçə saat ərzində bütün ucalıqların fövqündə dayanan insanlıq, qadınlıq obrazının tam onun əyninə biçildiyinə əmin oldum. Könlümdə məkan tutan sevgisinə sevgi qatdı. Ruhundakı payızın əksini daşıyan gözlərindən ruhuma yol alan duyğularsa, bir ayrı misra, bir ayrı şeirdi.
Yollar insanları bir-birinə tanıdar, doğmalaşdırar... Biz də yolların sonsuzluğuna qoşa addım atdıq, tanıdıq bir-birimizi, doğmalaşdıq.
Adının qarşısında sadalana biləcək onlarca titul dağlar qızının təbiətdən gələn vüqarı qarşısında çox kiçikdi. Müşfiq sevdalısıdı Ofelya xanım. Həyata baxışı da, yaşamaq eşqi də Müşfiq şeirləri qədər saflıq, gözəllik, inam, ümid və bütün ilahilikləri özündə birləşdirən sevgi libaslıdı.
Tanrının ədəbiyyata bəxş etdiyi simalar arasında özünəməxsus yeri var onun. Şeirimizin xanım-xatın Ofelya Babayevası- payız gözlü qadın!
Payızda - təbiətin min rəngə çalan bir çağında doğulub. Həm də ucalıq rəmzi dağların qoynunda. O yerdə ki, M. Müşfiq, C.Cabbarlı, C.Novruz ruhu, Ağasəfa nəfəsi dolaşır. Doğulub ki, poeziyamız sevgidən əskik qalmasın. Doğulub ki, şerimizin anası olsun. Ofelya Babayeva özünü, sözünü təsdiq etmiş, sevilən və adı çəkiləndə hər kəsin rəğbətlə qarşıladığı nüfuzlu imza sahibidir. İstər ədəbiyyatda, istərsə də uzun illər çalışdığı təhsil sahəsində danılmaz əməyinin izləri bu gün də var olmaqdadır. Yetdiyi zirvədə fatehlik əzmini qoruyub saxlayan, gənclik şövqü ilə bizlərə örnək ola biləcək Ofelya xanımın günüdür bu gün. Gününüz mübarək, dəyərlim!
İnsanlığa, sözə qəribsəmiş dünyamıza xoş gəlmisiz!
Ofelya Babayeva ruhunu sərgiləyən gözəl şeirləri Manevr.az-ın oxucularına təqdim edirəm. Bir az da şeir danışsın, söz dillənsin...

Sayğılarla; Sevinc QƏRİB

TALEYİM

Dağlarda dünyaya göz açdığımdan,
Sanıram taleyim belə sərt olub.
Ötən günlərimdən söz açdığımdan,
Xatirə dumanı mənə dərd olub.

Xırda komaları, lal kəhrizləri,
Anmışam hər payız, anmışam hər qış.
Yalçın qayalarda qartal izləri
Salıbdır qəlbimə əbədi naxış.

Ulu keçmişimin nişanələri,
Uçuq daxmaları – ilk məhəbbətim.
Uca zirvələri – kaşanələri
Olub ilk sədlərim, ilk sərhədlərim.

Yanıb qovruluram hey için-için,
Yaxşı ki, iztirab görünmür gözə.
Mən öz bəxtim üçün, öz taleyimçün
Düşürəm alova, düşürəm közə.

Çalır şahmar kimi bizi hər naşı,
Neyləsin, yaxşılıq gəlmir əlindən.
Sızlayır, sızlayır qəlbimin başı,
Düşür saçlarıma yavaş-yavaş dən.

Yolumu kəsdikcə payızlar, qışlar,
Qəlbimdən baharı ata bilməyir.
Tökdükcə başıma qarlar, yağışlar
Boran məqsədinə çata bilməyir.

Gileyli deyiləm öz taleyimdən,
Yaxşı ki, əzəldən belə sərt olub.
Məni keşməkeşə salsa da hərdən,
Ancaq kişi kimi daim mərd olub.

Hər zaman vüqarlı, qürurlu, ötkəm,
Beləcə ömr edib yaşaya bilsəm...
Demərəm özümə heç taleyikəm,
Çiynimdə el dərdi daşıya bilsəm.

AY ÜRƏK

Bir dəli həsrətə tuş etdin məni,
Qəfəsdə çırpınan quş etdin məni,
Çıçəkli yaz idim, qış etdin məni,
Alışdım, odlandım, yandım, ay ürək.

Kövrəldin, qəribtək düşdün qürbətə,
Lənətlər yağdırdın taleyə, bəxtə,
Nə mehrə inandın, nə də ülfətə,
Bəzən öz eşqini dandın, ay ürək.

Min ömür yaşadım bircə anda mən,
Yollarım olmadı zümrüd, göy çəmən.
Sıxıldım tay-tuşlar içində bəzən,
Özünü kimsəsiz sandın, ay ürək.

Sən mənim ömrümə çıraqsan, çıraq,
Kim deyir dünyada qonağıq, qonaq.
Ulu dünyamızda hamıdan qabaq
Sən məni anlayıb, qandın, ay ürək.

İNTİZAR

Səni gözləyirəm, bayaqdan bəri,
Bilirəm intizar hədərdir, hədər.
Söylə, bu dünyanın axşam-səhəri
Yolunu azacaq nə vaxta qədər.

Həsrətin, bilirsən bu gündən belə,
Mənim yollarımda nurlu çıraqdır.
Göydə qütb ulduzu sönməyib hələ,
Yuxular gözümdən necə iraqdır...

Dəyişik düşübdür hər şey, büsbütün,
Sənsiz bir də çətin çiçəklənərəm.
Olub-keçənləri unudub bir gün
Sənə qovuşmağa ürəklənərəm.

YOX DAHA MƏN SƏNİ SEVMƏYƏCƏYƏM

Dünyanın kələfi gözümdə tordu,
İndi ümidlərim kül altda qordu,
Ah, bu keşməkeşlər məni də yordu...
Zirvədə dumanam, yamacda çənəm,

Yox, daha mən səni sevən deyiləm.
Əlimdən tutanım, köməyim olmaz,
Sönrə min həvəsim, diləyim olmaz,
Bilsəm suyum olmaz, çörəyim olmaz,

Yenə bu taledən gileylənmərəm,
Yox, daha mən səni sevən deyiləm.
Ağ tellər saçımda ağ çiçək deyil,
Bütün parıltılar bər-bəzək deyil,

İndi ürək daha o ürək deyil,
Tökülən yarpağam, saralan güləm,
Yox, daha mən səni sevən deyiləm.
İndi gündüzlərim gecədir, gecə,

İndi gecələrim dönüb bir heçə,
Ürəyim həsrətdir xırda sevincə,
Payızdan kövrəyəm, qışdan qəmliyəm
Yox, daha mən səni sevən deyiləm.

Hissim, duyğularım azmış gəmidir,
İndi baharım da payız kimidir.
Ürəyim qırılmış kaman simidir,
Ağzıgöyçəklərə söhbətəm, sözəm,

Yox, daha mən səni sevən deyiləm.
Qürurum özümdən çox-çox ucadır,
Çiçəyim yarpızdır, gülüm yoncadır,
Kim deyir məhəbbət ta ölüncədir,

Alovdum, atəşdim, indisə küləm,-
Yox, daha mən səni sevən deyiləm.
Bu nə etirafdır, nə də tövbədir,
Nə də ürəyimə dolan şübhədir.

Daha aydınlıqlar mənə kölgədirŞ
İndi özüm boyda nisgiləm, qəməm,
Yox, daha mən səni sevən deyiləm.
Günəşim tutqundur, ayım bumbuzdur,

İndi hər işartı mənə ulduzdur.
Görən bu sevdada sənmi uduzdun,
Yoxsa mən bilmədim nəçiyəm, kiməm,
Yox, daha mən səni sevən deyiləm.

DƏNİZ YAXIN OLANDA

Sularla bölüşüb insan qəmini,
Xatırlar. . .o uzaq görüş dəmini.
Gəzər sahillərdə öz həmdəmini
Dəniz yaxın olanda.

Uzadar ləpələr dodaqlarını,
Öpər bir gözəlin ayaqlarını.
Sevincə bürünər ömrün hər anı
Dəniz yaxın olanda.

Hər dalğa bir misra şeir deyilmi?
Sular kövrək təbli şair deyilmi?
Gözəllər məskəni sahil deyilmi
Dəniz yaxın olanda?

Cavanlar burada küsər, barışar,
Həsrətli könüllər yenə qovuşar.
Sükut öz dilində nəsə danışar
Dəniz yaxın olanda.

Yaşar xatirəmdə bir mavi səhər,
Dəyişər fəsillər, dəyişər illər.
Ürək nə qəm bilər, nə qüssə, kədər
Dəniz yaxın olanda.

GEDƏN YERİM OLAYDI

Kimsə bu qapını aşası bir gün,
Üstümə gur işıq saçası bir gün,
Bu dünya əlimdən qaçası bir gün...
Gedən yerim olaydı...

Ürəyim yurd yeri, özüm təptəzə.
Nisgilim, kədərim görünməz gözə.
Bir gün Naxçıvandan küçib Təbrizə,
Gedən yerim olaydı...

Baxmayıb anamın deyinməyinə,
Dan üzü qoşulub səhər mehinə,
Batıb gül-çiçəyin zərrin şehinə,
Gedən yerim olaydı...

Ömrün çoxu qalıb, yoxsa ki, azı,
Həsrətlə gözlərəm hər gələn yazı...
Məni qorxutmayır ömrün payızı,
Gedən yerim olaydı...

Hara tələsirsən, hara, ey həyat,
Səndən bir dözümdür mənə mükafat,
Arzular, diləklər, ümidlər boyat,
Gedən yerim olaydı...

Enib Novxanıdan Xəzərə sarı,
Qumlu sahillərlə üzüyuxarı,
Gah səhər, gah axşam, gah gecəyarı,
Gedən yerim olaydı...

Bir uzaq ulduzam sirli, pərişan,
Mənzilim, məskənim sonsuz kəhkəşan,
Bezib o ulduzlu göylərdən bir an,
Gedən yerim olaydı...

Dünyanın enişi, yoxuşu belə,
Ən təzə sevinclər yoldadır hələ,
Lap elə düşmənlə verib əl-ələ,
Gedən yerim olaydı...

Ofelya BABAYEVA

P.S. Manevr.az olaraq dəyərli Ofelya xanımı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və gözəl günlər diləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar