Xəbər lenti
Şahlar Əsgərovun doğum gününə : alim yaşayır, aləm yaşayır
Mübarək insanlar mübarək gündə doğulurmuş. Bayramın bayrama qarışdığı bu günü həm də elmimizin bayramı adlandıra bilərik. Kəlbəcər torpağının ədəbiyyatımıza bəxş etdiyi simalarla yanaşı elm sahəsində uğur qazanmış insanları da az deyil. Bu gün elmə verdiyi töhfələrlə dünyada şöhrət qazanmış görkəmli ziyalı, əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərovun doğum günüdür.
Manevr.az dəyərli professoru ürəkdən təbrik edir, cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq . Atalar: "alim öldü, aləm öldü" demişlər. Deməli, bu fikrin məntiqi davamı kimi "alim yaşadı, aləm yaşadı" deyə bilərik.
Beləcə, "aləmləri yaşadanlardan" biri - Ş.Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açıb. Orta təhsilini burada aldıqdan sonra, təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib. 1963-cü ildə universitetin fizika fakültəsini bitirmiş və təyinatla ADU-da saxlanmışdır. 1964-1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan institutunda professor L.S. Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr artıq 40 ildir ki, elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunur. Xüsusilə ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu tətbiqdən geniş istifadə edirlər. Fiziki elektronika və mikroelektronikaya aid olan metal- yarımkeçirici kontaktının (MYK) öyrənilməsi professorun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamətdir. 1974-cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçərkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal-yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri-bircins model təklif etmişdir. Ş.Əsgərovun bu istiqamətdə əldə etdiyi nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdır. Professorun soyadı 1999- cu ildə Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin birgə dərc etdirdikləri monoqrafiyada dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilmişdir. Ş.Əsgərov elmi məktəbi olan alimlərimizdəindir. O, hər iki elmi istiqamət üzrə 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik etmişdir. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələri" elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər BDU-da müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Ş.Əsgərovun növbəti uğurlu istiqamətidir. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi "Biliyin qiymətləndirilməsinin yeni şkalası", "Biliyin qiymətləndirilməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirilməsinin fəlsəfəsi" kimi 20–yə yaxın məqalə 2009 –2010-cu illərdə Rusiyanın mötəbər akademik jurnallarında çap edilmişdir.
Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.
Qeyd edək ki, 200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 11 kitab, 3 monoqrafiya professorun Azərbaycan elminə verdiyi töhfələrdəndir .Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
Ş. Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.
Ş.Əsgərov "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xadimi" (2001) fəxri adıyla təltif edilmişdir. Bir sira Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar