Xəbər lenti
Gültəkin Hacıbəyli hakimiyyəti tənqid etdi, özü yaltaqlıqda suçlandı
Sabiq deputatın açıqlaması müsavatçıları hiddətləndirib; Milli Şura və Müsavat arasında qarşılıqlı ittihamlar havada uçur
Milli Şuranın referendumla bağlı 24 sentyabr mitinqindən imtinası və Müsavat Partiyasının bu səbəbdən aksiya təşkil edə bilməməsi ilə bağlı sosial şəbəkələrdə və mətbuatda ciddi qarşıdurma gedir. Hər iki qurumun təmsilçiləri bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər.
Milli Şura 24 sentyabra mitinq təyin etmədiyini deyir, Müsavat bunun əksini söyləyir. Müsavatçılar başqan Arif Hacılının 18 sentyabr mitinqində tərəfdarlarını Milli Şuranın ayın 24-dəki aksiyasında iştirak etməyə çağırdıqdan sonra əks düşərgənin belə bir qərar qəbul etdiyini, yəni Müsavatla birlikdə mitinq keçirmək istəmədiyini düşünürlər. Artıq narazılıqlar artan xətlə qurumların rəhbərliyi səviyyəsinə çatıb.
Bu arada Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Müsavatın funksionerləri və üzvləri səviyyəsində ciddi tənqidlərə tuş gəlir. Buna səbəb də Milli Şuranın xanım funksionerinin öz facebook səhifəsində Müsavatla bağlı yazdığı sərt statusdur.
Həmin statusu təqdim edirik: “Milli Şura 11 sentyabr mitinqi ilə bağlı qərarını qurumun Koordinasiya Mərkəzinin iclasında verib və bu qərarı rəsmən açıqlayıb, event yaradıb, geniş mitinq təbliğatı aparıb. 17 sentyabrla bağlı qərar yenə də Koordinasiya Mərkəzinin iclasında verilib, 11 sentyabrda meydanda xalqla məsləhətləşmədən sonra elə mitinqdəcə elan edilib. Yenə də ardınca feysbuqda event yaradılıb, Milli Şura üzvləri geniş təbliğat kampaniyası apararaq, xalqı 17 sentyabr mitinqinə səsləyib. Milli Şura 24 sentyabr mitinqi ilə bağlı 17 sentyabr mitinqində çağırış etməyib, elan verməyib, Koordinasiya Mərkəzində mitinqlə bağlı heç bir qərar qəbul etməyib, event yaratmayıb. Milli Şuranın heç bir üzvü 24 sentyabrla bağlı status yazmayıb, çağırış etməyib. Milli Şuranın 24 sentyabrda mitinq edəcəyini Müsavatın 18 sentyabr mitinqində Müsavat başqanı Arif Hacılı elan edib. Biz bir gün öncə eyni meydanda dəfələrlə böyük kütlə qarşısında ”öz mitinqimizi" elan etmədiyimiz halda, dostlarımızın bizim yerimizə bunu etməsinin səbəbləri mənim üçün qaranlıqdır. Odur ki, 24 sentyabr mitinqi ilə bağlı bütün sual və iradlar onu elan edənlərə ünvanlanmalıdır.
P.S. Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlərlə bağlı bütün uyğun günlərə ərizələr öncədən ona görə verilir ki, sonra mitinq qərarımız olduğu halda BŞİH “həmin günə ”Müasir Müsavat Partiyası ərizə verib" cavabını verə bilməsin. Yəni bu, sırf texniki məsələdir. Nəzərinizə çatdıraq ki, Milli Şura hər ehtimala qarşı hətta 4 sentyabra da ərizə vermişdi".
G.Hacıbəylinin bu statusu sözün həqiqi mənasında müsavatçıları hiddətləndirib. Rəhbərlik səviyyəsində tənqidi statusların ardı-arası kəsilmir. Əksər statuslar isə Hacıbəylinin 2009-cu ildəki referendum zamanı Yeni Azərbaycan Partiyasının mitinqlərinin birində etdiyi çıxışın videosu ilə paylaşılır. Buna səbəb isə xanım Hacıbəylinin facebookda bugünlərdə paylaşdığı digər statusudur.
Müsavatın təşkilat şöbəsinin sədri, Divan üzvü Razim Əmiraslanlı bunları yazır: “Gültəkin xanım pambıqçı Kamilxan Rüstəmovanı çox kəskin tənqid edib. (K.Rüstəmova bugünlərdə hakimiyyəti tərifləyib, prezident İlham Əliyevin ünvanına xoş sözlər deyib-red.) Təbii, mən də qınayıram. Amma əslində 2009-cu ildə monarxiyanın qurulmasına xidmət edən, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinin qızğın təbliğatçısı və tərəfdarı, ”referendum üzrə ekspert" Gültəkin xanımdır.
Kamilxan Rüstəmova yaşlı, savadsız, kolxozçu bir qadındır.
Amma Gültəkin xanım bir neçə universitet bitirmiş, ali təhsilli, ingilis dilli, keçmiş millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş gənc bir xanım.
Sizcə, hansı səmimidir?" Sosial şəbəkə istifadəçiləri G.Hacıbəylinin 2010-cu ilədək olan dövrdəki iqtidara yarınan çıxışlarının videosunu da statuslarına əlavə edirlər...
Müsavat başqanının müavini Yadigar Sadıqov da sosial şəbəkədə məsələyə münasibət bildirib: “Mitinqin təxirə salınmasına müəyyən səbəblərdən münasibət bildirmək istəmirdim. Amma Gültəkin xanımın son statusunda günahı Arif Hacılının üstünə atması məcbur edir bir cümlə ilə cavab verim: mitinq günləri qəbiristanlıqda yer deyil ki, öncədən hasara alıb tutasan”.
Müsavatın sıravi üzvləri də aktiv şəkildə Milli Şura və onun xanım funksionerini sərt şəkildə tənqid edirlər. Doğrudur, G.Hacıbəyli hələ cavab verməyib. Amma bu sükutun belə davam edərsə, çox uzun çəkməyəcəyini təxmin etmək olar. Ümumilikdə, hər iki düşərgə arasında mitinqlərdən sonra yaranan qalmaqalın referendumdan sonraya da keçəcəyi istisna olunmur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar