Xəbər lenti
Niyə belə olmalıdır axı?..
Azər HƏSRƏT
Ötən il 1-ci Avropa Oyunları zamanı Bakı Bulvarındakı iaşə obyektlərinə tapşırıq verilmişdi ki, qiymət və xidmət məsələsində diqqətli olsunlar. Özəlliklə də çay içmək istəyənlərə zorla əlavə xidmət təklif edilməsi yasaqlanmışdı. Orada olanlar bilir ki, adi bir çay içmək istərsən, sənə bir sinidə cürbəcür şirniyyat da təklif edərlər. Özü də zorla. Bundan imtina edib sadə çay içmək istəyənlərə isə obyekti tərk etmək tövsiyə edilir. Yəni Bakı Bulvarında belə tərbiyəsiz xidmət adi haldır, normadır. Ona görə də Avropa Oyunları zamanı heç olmasa xarici qonaqların qarşısında rəzil olmayaq deyə, müvafiq qurumlar bulvardakı bütün obyektlərə tapşırıq vermişdi ki, müştərilərin istəklərini onların istəyinə uyğun yerinə yetirsinlər. Bir çox obyektlər, ədalət naminə deyək, həmin günlərdə bu qaydaya vicdanla əməl etmişdi.
Amma əməl etməyənlər də vardı.
Yaxın çevrəmizin xəbəri var. İngiltərənin The Guardian qəzetilə problem yaşanırdı o günlərdə. Bu qəzet açıq-aşkar anti-Azərbaycan kampaniyası aparırdı ki, bizi gözdən salsın. Köhnə əlaqələrimi, imkanlarımı işə salıb qəzeti bu yoldan çəkindirmək üçün bəzi təşəbbüslər etmişdim. Cavabsa özünü çox gözlətməmişdi. İngiltərədən olan bir jurnalist mənimlə görüşüb məsələni müzakirə etmək istəmişdi. Vədələşib, bulvardakı kafelərdən birində görüşmüşdük. Qonaqdan soruşanda sadə bir çay içmək istəmişdi. Bizə yaxınlaşan gənc xidmətçiyə sadə çay sifariş edib söhbətə başlamışdıq ki, adam əlində yekə bir sini, içi də hər cür şirniyyatla dolu, bizə yaxınlaşdı. Elə masanın üzərinə endirmək istəyirdi ki, üzümü ona tutub sadə çay istədiyimizi xatırlatdım. Bir qədər əsəbləşsəm də bunu təbəssümlə büruzə verdim ki, qonağımız anlamasın. Və gəncə dedim ki, heç olmasa belə günlərdə bu barbar xidmətinizdən əl çəkin. Uzaqdan bizi seyr edən daha yaşlı birisi gəncə üz tutub, “müəllimin sifarişini istədiyi kimi yerinə yetir” deyə, tapşırıq verdi. Problem beləcə həll edildi…
Mənim dərdim The Guardian qəzetinin anti-Azərbaycan kampaniyasını səngitmək, dayandırmaq idi. Bu iaşə obyektinin sahibinin dərdisə fürsət düşərsə daha 2 manat artıq pul qazanmaq idi. Mən istədiyimə nail oldum. The Guardian düz 1 həftə Azərbaycandan yazmadı. Amma o çayçının məndən sonrakı müştərilərə (yəqin ki, aralarında çoxlu sayda əcnəbilər də olmuş olar) zorla nələrsə sırıyıb-sırımadığı haqqında məlumatım yoxdur…
İlk baxışdan xırda görünən bu problem indiyədək həllini tapmayıb. Bu yaxınlarda yenə də bulvarda idim. Çay içmək istəyirdim. Xidmətçi çayın yanında mütləq nəsə almalı olduğumu deyəndə cin atına mindim. Səsimi ucaltmalı oldum. Gənc adam ciddiyyətimi anladığından sadəcə təklif etdiyini dedi və qaçaraq bir çaynik çay gətirdi…
Lap bugünlərdə isə dostum Nadir Azəri məni bulvara çaya dəvət etdi. Bir kafeyə yaxınlaşıb sifariş edəndə gənc xidmətçi çayın yanında əlavə nəsə almalı olduğumuzu dedi. Yəni heç nə dəyişməmişdi. Sakitcə dedim ki, ya indicə bizə sadə çay gətirirsən, ya da dərhal zəng vurub sizdən şikayət edirəm. Başa düşən gənc idi. Qayıtdı ki, müəllim, şikayətə gərək yox, sadəcə təklif edirdim. Getdi, çayımızı gətirdi. Çay içərkən bir də ətrafa göz gəzdirdim. Xidmətçilərin bizim əlimizdən zəncir çeynədikləri hər hallarından bəlli idi…
Ayxanla Bulvar gəzintisi
Avqustun 7-də isə bizim Ayxanla (14) bulvara çıxdıq ki, bir az gəzək, bir də çay içək. “Lalə” kafesinə yanaşdıq. Gənc adama sadə çay sifariş edəndə gözlədiyim “bizdə sadə çay verilmir” cavabını eşitdim. Cin atına mindim təbii. “Necə yəni verilmir? Verilər, özü də necə lazımdır verilər!” deyib cavab verdim. Gənc izah etməyə çalışdı ki, onlar bir şey edə bilməzlər, rəhbərlik belə tapşırıb. O zaman rəhbəri çağırmasını istədim və şikayət edəcəyimi dedim. Məsələ bu yerə çatınca digər xidmətçilər də yanaşıb narahat olmamağı tövsiyə etdilər və gəncə tapşırdılar ki, “müəllimin çayını ver”. Amma təbii ki, bununla qane olacaq deyildim. Bulvarın qaynar xəttinə zəng etdim, şikayətimi bildirdim. Söz verdilər ki, ölçü götürəcəklər. Gözləyirəm…
Bu arada gənclərə izah etməyə çalışdım ki, müştərilə belə davranmaq olmaz. Hətta yarım stəkan su belə istəsə müştəriyə sayğı göstərilməli, xidmət edilməlidir. Hələ onu da dedim ki, bu münasibəti olan xidmətlə ölkəmizə heç bir turist gəlməz. Adam qayıdasan ki, bizə turist lazımdır? Bax, bu zaman ikiqat cin atına mindim!
Xidmət edildi, şikayətimizin də cavabını hələ ki, gözləyirəm…
İndi kimsə durub deyə bilər ki, bunlar xırda məsələlərdir. Vallah, elə deyil. Azərbaycanda hər tərəfdə belə bərbad, təhqiramiz xidmət olduğu üçün bura bir dəfə gələn turist ikinci dəfə gəlmir! Xidmət zay, qiymətlər də dağ başında! Turist də müqayisə edir, bir dəfə aldanır, təkrar aldanmaq istəmir və üz tutur başqa, daha uyğun ölkəyə. Nəticədə isə sadəcə o 1-2 manatın qulu olan iaşə obyekti deyil, bütünlükdə Azərbaycan itirir! Bunu qanmaq doğrudanmı çətin məsələdir?!
Çətindir yəqin ki! O kəslər ki, ən görməli yerlərimizdə obyekt işlədir, onların sadəcə səviyyə və təfəkkür problemi var! Məsələ bundadır! Bu tolkuçka alverçisi təfəkkürlü adamlar Bakı Bulvarı kimi yerlərdən uzaqlaşdırılmalıdır! Bunlar oralarda obyekt işlətdikcə, vallah, kimsə oralardakı xidmətlərdən yararlanmaq istəməyəcək! İstənilən şəxs günün istənilən vaxtı buyurub həmin obyektlərə baş çəkə bilər. Görəcəksiniz ki, masaları ucdantutma bomboşdur. Niyə? Məhz o səbəbdən ki, sadəcə bir qurtum çay içmək istəyənə mütləq mürəbbə, şokolad, ləbləbi də dürtürlər! Bu təfəkkür sahiblərini kim tapıb toplayıb bulvara axı?!
Bu arada, turistlərlə bağlı bir qeydimi də edim. Son zamanlar Bakıda ərəb turistlərin çoxalması hiss olunur. Yaxşı haldır. Amma insanımız burda da səviyyəsizlik nümayiş etdirir. Ərəblər haqqında daha nələr demirlər? Rişxənd edən kim, lağlağıya çevirən kim. İndi bu təfəkkürü yırtıqlara nə deyəsən? Ay balam, ərəbdir də, gəlib ki, gəzsin, görsün. Onun milli kimliyinin, haradan gəlməsinin bizə nə dəxli var axı? Turist belə olur da. İndi xarici ölkələrdəki potensial turistlər bizim belə ədəbsiz münasibətimizi bilsələr bura gələrlərmi? Şəxsən mən hansısa ölkədə millətimə qarşı belə yanaşma hiss etsəm ora getmərəm. Ona görə də ağıllı olun, gələnləri hürkütməyin…
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar