Xəbər lenti
“Borçalı” İctimai Birliyinin İdarə Heyəti, Ağsaqqallar Şurası və fəal üzvlərinin MÜRACİƏTİ
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri cənab Əli Həsənova
Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova
Azərbaycan Respublikası hüdudlarında və ondan kənarda – qonşularımızla münasibətlərdə (Ermənistan istisna olmaqla) bu gün sabitlik, dostluq, əməkdaşlıq və əmin-amanlığın yaranmasında Ulu Öndər Heydər Əliyevin başladığı milli, regional və bütövlükdə beynəlxalq siyasətin bəhrəsini görməkdəyik. Bu mənada Gürcüstanla siyasi, iqtisadi əməkdaşlığımız dövlətimizin başçısı cənab İlham Əliyevin daim xüsusi önəm verdiyi xarici siyasət kursunun prioritet istiqamətlərindəndir.
Heç şübhəsiz ki, bu siyasi kursun uğurlu nəticələrində Borçalı ziyalılarının və Borçalıda yaşayan soydaşlarımızın da xidmətləri az deyil. 1993-cü ildə Borçalının ünlü ziyalılarından olan Kamal Talıbzadə, Camal Mustafayev, Şamıl Qurbanov, Hidayət Nuriyev, Şərif Kərimli, Xaləddin İbrahimli, Ayvaz Ayvazov, Arif Əmrahoğlu və başqalarının təsisçiliyi ilə yaradılan “Borçalı” İctimai Cəmiyyəti azərbaycanlılar və gürcülər arasında dostluq, qardaşlıq münasibətlərinə ləkə salmağa çalışan yad ünsürlərə qarşı gərgin və sistemli iş aparmışdır.
Hazırda Cəmiyyətin (Birliyin) təsisçilərindən 3 nəfər həyatdadır. Çox təəssüf ki, yaradıldığı gündən 5-6 il sonra şəxsi maraq və ambisiyalara üstünlük verən Ayvaz Ayvazov (Eyvaz Borçalı) digər təsisçilərin iradəsi ilə hesablaşmayaraq qurumu təkbaşına idarə etməyə başlayıb. Əvvəlcə özünü sədr seçdirərək bir çox ziyalıları qurumdan uzaqlaşdırıb. Bu da azmış kimi, ictimai təşkilatlarla bağlı qanunvericiliyi pozaraq ictimai birliyin fəaliyyətini tamamilə siyasiləşdirib. Belə ki, Borçalı əsilli soydaşlarımızın iradəsinin ziddinə olaraq “Borçalı” İctimai Cəmiyyətini (Birliyini) 29 mart 2003-cü il tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılan “Bizim Azərbaycan bloku” – Azərbaycanda siyasi partiyalar ittifaqı adlı bloka qoşub. Qurumun sədri olaraq cənab Prezident İlham Əliyevin əleyhinə təbliğat kampaniyasında xüsusi fəallıq göstərib və müxalifət mətbuatında verdiyi bəyanatlarla destruktiv, kəskin mövqe nümayiş etdirib. Bir çox Borçalı əsilli ziyalıların haqlı iradlarına isə məhəl qoymayıb. A.Ayvazovun bu hərəkətləri çoxsaylı insanları təşkilatdan uzaqlaşmağa vadar edib.
Prezident seçkilərində xalqın iradəsi qalib gəldikdən sonra sosial-milli dayaqlardan məhrum olan birlik sədri üzünü Şimala tutaraq öz siyasi mövqeyinə yaxın hesab etdiyi və ölkəmizə qarşı qərəzli mövqedə dayanan bəzi imkanlı adamların hesabına şəxsi və siyasi maraqlarını təmin etməyə üstünlük verdi. Ançaq bu da uzun sürmədi. A.Ayvazov ona olan etimadın həm xaricdən, həm də daxildən azaldığını görüb, yenə də təşkilatın digər təsisçiləri ilə hesablaşmayaraq müxalif yönlü yeni sədri – Zəlimxan Məmmədlini seçdirməyə nail oldu.
Amma Borçalı adıyla manipulyasiya edib siyasi divident qazanmağa çalışan Z.Məmmədli ilə də onun maraqları tez bir zamanda toqquşdu. Üstəlik Z.Məmmədli qonşu ölkədəki bəzi milli azlıqların liderləri ilə seperat danışıqlarına, dövlət əleyhinə emosional çıxışlarına görə Gürcüstana buraxılmadı. Bu zaman növbəti fürsəti qaçırmayan A.Ayvazov birliyin digər təsisçilərini yada saldı, daha doğrusu, onların köməyindən faydalanaraq reallaşmayan fərdi arzu və ambisiyalarına nail olmağı qarşısına məqsəd qoydu. O yenidən sədr axtarışına başladı. 2016-cı ildə A.Ayvazov bəzi həmfikirlərinin vasitəsilə – həmtəsisçilər professor Hidayət Nuriyevi və yazıçı-jurnalist Şərif Kərimlini “Cəmiyyəti xilas etməyə” çağırdı.
Onun əsl məqsədindən xəbəri olmayan və Borçalı üçün kifayət qədər faydalı işlər görən bu insanlar A.Ayvazovun gizlin niyyətli çağırışına səs verdilər. Beləliklə, Təşkilat Komitəsi yaradıldı, hər üç təsisçinin iştirakı ilə geniş tərkibli ümumi yığıncaq çağırıldı və yeni sədr “seçildi”. Amma bu seçkidə də A.Ayvazov öz roıunu məharətlə oynadı. Belə ki, sədrliyə namizədləri də əvvəldən özü müəyyənləşdirmişdi.
İctimai sferada elə də tanınmayan namizədlər içərisindən o, tarixçi alim Kərəm Məmmədlini sədr seçdirdi. Elə bundan sonra da A.Ayvazovun zəmanəti ilə bəzi qaragüruhçular Birliyin İdarə Heyətində özlərinə isti yuva qurub sağlam qüvvələri sıxışdırmağa və Gürcüstanın, Türkiyənin kölgə iqtisadiyyatında at oynadan bir sıra ünsürlərlə gizlin əlaqələr yaratmağa başladılar.
Lakin A.Ayvazova şirnikləndirici vədlər verən bu siyasi dəllalların da niyyətləri iflasa uğradı. Nəticədə Birliyin sədri K.Məmmədli A.Ayvazovun nəfsinin qurbanına çevrildi və Gürcüstan hökuməti tərəfindən onun ölkəyə girişinə qadağa qoyuldu. Beləliklə, A.Ayvazov bir nəfər Borçalı ziyalısını da öz yurdundan beləcə didərgin saldı!.. Belə bir duruma düşən K.Məmmədli məcburiyyət qarşısında qalıb istefa verdi.
İstefa ərizəsinin qəbul olunduğu İdarə Heyətinin sonuncu iclasında yeni sədr seçkisinə hazırlaşmaq üçün yekdillikə 7 nəfərdən ibarət İşçi qrup seçildi. İdarə heyətinin bu seçimi ilə sözdə razılaşan A.Ayvazov sədrin səlahiyyətlərinin kimə keçəcəyini aydınlaşdırmaq üçün məsələ gündəmə gələndə əsl niyyətini biruzə verdi – İdarə Heyətinin böyük əksəriyyətinin etirazlarına baxmayaraq, Birliyin sənədlərini, möhürünü və ştampını götürüb: “Bu sənədləri yeni sədrə mən özüm verəcəm.” – deyərək tələsik iclası tərk etdi. Bununla da o, yeni bir qarşıdurmanın əsasını qoydu. Belə getsə, onun seçdirdiyi bütün sədrlərin nəinki Gürcüstana girişinə qadağa qoyulacaq, bəlkə də bütövlükdə Borçalı əhalisinə qarşı Gürcüstan hökuməti daha sərt və ögey münasibət sərgiləyəcək.
İclasdan keçən 4 ay ərzində İşçi qrupla A.Ayvazov arasında sədrin səlahiyyətlərinin və sənədlərin müavinlərdən birinə, yaxud İşçi qrupa verilməsi məsələsi ilə bağlı aparılan müzakirə və danışıqlar heç bir nəticə verməmiş və bu durum Birlik daxilində parçalanmanı daha da dərinləşdirmişdir.
Bütün bunlara baxmayaraq, İşçi qrupun konfransa hazırlıq məqsədilə intensiv fəaliyyətə başlaması, Birliyə üzvlük və konfransa nümayəndələr seçilməsi məsələsində proporsiyanın gözlənilməsini əsas götürməsi A.Ayvazovu və havadarlarını yenidən hərəkətə gətirmişdir. Birinci konfransda olduğu kimi, Borçalının Bakıda məskunlaşan 2 böyük kəndinin əhalisi hesabına istədiyi namizədi sədr seçdirmək arzusunda olan A.Ayvazovun göstərişi ilə oktyabrın 2-də 23 nəfərdən ibarət olan İH-nin 11 üzvü yığışaraq yetərsay olmadan İşçi qrupun ləğv olunması və noyabrın 25-də yeni sədr “seçmək” üçün konfrans çağırılması barədə qərar qəbul etmişdir. Təsisçilərdən heç birinin iştirak etmədiyi bu iclasda öz oyun kombinasiyasını məharətlə quran “ağsaqqal” hadisələri telefonla evindən idarə etmişdir.
Birincisi, 23 nəfərlik İdarə Heyəti üzvündən 18 nəfərinin (iclasın protokolu var) lehinə səs verərək seçdiyi İşçi qrupun yetərsay olmadan 11 nəfərin səsi ilə ləğv olunması hansı məntiqə sığır?
İkincisi, İH-də İşçi qrupun hesabatı dinlənilmədən, konfransa qədər sədrin səlahiyyətlərinin kimə keçməsi müəyyən olunmadan konfrans keçirmək nə dərəcədə qanunauyğundur?!
Üçüncüsü, hesab edirik ki, üzvlük biletləri verilmədən və Konfransa nümayəndələr seçilmədən sadəcə 2 kəndin əhalisi hesabına bütöv bir regionun adıyla ümumi yığıncaq çağırmaq mövcud Nizamnaməyə ziddir və Borçalının digər bölgələrinin təmsilçilik haqlarının pozulması istiqamətində atılmış addımdır.
Bütün bunları yazıb dəyərli vaxtınızı almaqda məqsəd Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinə ləkə salmağa çalışan və bu məkrli plana xidmət edən avantüristlərdən ibarət bir qurum formalaşdırmağa cəhd edən xəyanətkar qrupun niyyətləri barədə məlumat vermək və bu niyyətlərini saxta “seçki” oyunu ilə reallaşdırmağa çalışanların qarşısını almaqdır.
Xahiş edirik, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı sahəsində dövlətimizin müəyyən etdiyi prioritetlər əsasında “Borçalı” İctimai Birliyinin ölkələrimiz arasında mədəni əməkdaşlığa və milli, dini əlaqələrə töhfə vermək yönündə sağlam fəaliyyət qurması üçün öz köməyinizi əsirgəməyəsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar