Xəbər lenti
"Bu ömür ipindən aç burax məni, bu ipdə nə qədər sıxılmaq olar" -Ayaz ARABAÇI-50
Bu gün çağdaş poeziyamızın istedadlı nümayəndələrindən birinin-Ayaz ARABAÇInın doğum günüdü, 50 yaşı tamam olur. Bu münasibətlə qələm dostumuzu təbrik edir, xoş günlər diləyirik.
Manevr.az Ayaz Arabaçının bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir:
YUXU
Bu axşam yuxuda səni görmüşəm,
Açmısan qəlbimin otaqlarını.
İpək tellərini tumarlamışam,
Öpmüşəm şip-şirin dodaqlarını.
Heç nə deməmisən, susmusan elə,
Göyərçin əllərin gəzib sinəmdə.
Səadət qol açıb belədən-belə,
İtib qəlbimdəki kədər də, qəm də.
Bir yuxu görmüşəm ətirli, dadlı,
Bum-buz ürəyimə yaz gətirmisən,
Dönüb bir dəfə də soruşmamışam,
Ki, mənim yuxuma niyə girmisən?
Gəlmisən dağıdıb qadağaları,
Həsrətə, kədərə qənim olmusan.
Təbrik eləmişəm özüm-özümü,
Bu gecə yuxuda mənim olmusan.
Çəkmişəm ətrini çiçək yerinə,
Səninlə bir nəfəs, bir can olmuşam.
Yuxuma gəldiyin qədəmlərinə,
Yüz dəfə, min dəfə qurban olmuşam.
Dönmüşəm bir anda körpə uşağa,
Nəvaziş ummuşam, qılıq ummuşam.
Təzədən yuxuma gələsən deyə,
Açıb gözlərimi bir də yummuşam.
Yuxumu həyatdı, həyatmı yuxu?
Bu sual nə aydın, nə bəlli olur.
Amma ki, çox zaman çin çıxmasa da,
Yuxular özü bir təsəlli olur.
DƏYİŞDIM
Qoy bütün şəkillər qapqara çıxsın,
O aylı-ulduzlu fonu dəyişdim.
Yaşıl köynəyimi soyunub atdım,
Payıza köklənib donu dəyişdim.
Hər sözə gül vurdum,buta köçürdüm,
Ruhumu çiçəyə,ota köçürdüm,
Dərdimi bildiyim nota köçürdüm,
"Fa"nı rədd elədim,"do"nu dəyişdim.
Mən gedən arzunun yolu qarıydı,
Ağladım göz yaşım sarı-sarıydı..
İçimdə bir azca ümid varıydı,
Dünən də aparıb onu dəyişdim.
Bunun aqilinə,bunun pirinə!..
Qarışdı hər yerdə acı şirinə,
İlişdim it oğlu itin birinə,
Gördüm sərf eləmir konu, dəyişdim.
Burda ocaq sönüb buxarı keçib,
Süfrədə baş yerə suxarı keçib,
Baxdım ki,arsızlıq yuxarı keçib,
Səsimi azaldıb tonu dəyişdim.
İlahi dərdinə,dəvana şükür,
Uzandım bu cırıq divana,şükür,
Yenə də hər nədi İvana şükür,
Dostluğa yaramır Conu dəyişdim..
Bircə saqqızımız saçaq-saçaqdı...
Vaxt qoca quldurdu,ömür qaçaqdı,
Axırı başqa cür qurtaracaqdı,
Özüm bilə-bilə sonu dəyişdim.
KİMİ
Sağa da yol gedir,sola da yol var,
Qalmışam ortada çaş adam kimi.
Gözümü açmamış qırxı tulladı,
Üstümə gəlmir ki,yaş,adam kimi.
Əlimdən illərin cilovu düşür,
Kamanı,nizəsi,tilovu düşür,
Saçıma payızın qırovu düşür,
Neynim,ağarmır ki,baş,adam kimi.
Barmaq hesabıyla yüzə çıxmıram,
Bir əyri yol tapıb düzə çıxmıram,
Gör neçə müddətdi üzə çıxmıram,
Sirri el-aləmə faş adam kimi.
Çiçəklər hamısı qu dili bilmir,
Çoxları yansa da su dili bilmir,
Heyif ki,adamlar bu dili bilmir,
Danışır gözümdə yaş adam kimi.
Yarama məlhəm qoy o buz yerindən,
Qoy öpüm tel düşmüş qopuz yerindən,
Elə gözəlsən ki,qopub yerindən,
Yüyürür dalınca daş adam kimi.
Apaydın görünür yollar,apaydın,
Bir ağ at gələydi minib çapaydım,
Təzədən üçgünlük ömür tapaydım,
Sürəydim səninlə kaş,adam kimi...
* * * *
Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..
Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..
İlahi, sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.
Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.
Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..
Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.
Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.
Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?...
SƏNİ BÜTÜN GÜNÜ YADA SALIRAM
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb, qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..
Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.
Ötüb ayrılığın ilinnən, ötüb,
Bəminnən uzaşıb,zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.
Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri, Aralı keçib,
İçində adına ada salıram.
Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram..
YADA SAL
Qırov tutub saqqalımı-saçımı,
Üşüyürəm apar məni oda sal.
Bilirsən ki, iyrənirəm çiy ətdən,
Ürəyimi kabab elə, dada sal.
Məndən küsən gözün qaşın sağ olsun,
Bağın-bağçan,dağın-daşın sağ olsun,
Gələmmirsən canın-başın sağ olsun,
Bir məktub yaz ,unutduğun ada, sal.
Qəfil dönüb göydə uçan quşa, gəl,
Payız könlüm iştah açıb turşa, gəl,
Eybi yoxdu qılınc-qalxan qurşa gəl,
Mənə bir də bəla gətir, qada sal.
Papirosum saçın kimi qoxuyur,
Dərd içimi ilmə-ilmə toxuyur,
Kimə necə sərf eləyir oxuyur,
Bu nəğməni bəyəndiyin “lad”a sal...
Vardan yoxa,yoxdan vara getmişəm,
Sınıq-sınıq,para-para getmişəm,
Bir də gördün “oppa”lara getmişəm,
Heç olmasa bircə dəfə yada sal...
Ayaz ARABAÇI
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar