Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

"...Əsgər məktublarını kol dibində nərgizlər, bənövşələr oxudu" - Namiq DƏLİDAĞLI (şeirlər)

Tarix: 29-09-2017 15:12     Baxış: 3664 A- / A+

Bu gün şair Namiq Dəlidağlının doğum günüdü. Manevr.az ailəsi olaraq təbrik edirik, xoş günlər və yaradıcılıq uğurları diləyirik! 

APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...

Bu il torpaq bətnindən
yazın ölü doğuldu
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu
aprel səhərlərində…

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından…

...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...

Ancaq ağrıma belə...,
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI-
onun adı QƏLƏBƏ...

Aprel, 2016

APARAMMIRAM

Anama etiraf

Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.


ÜŞÜYÜR

Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb,
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim,
dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaşı üşüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı,
yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan artacaq ağrı – azarım –
orda yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.


XATİRƏ VƏ NİFRƏT

Yurd ağrısı dadan dostum
Cəsarət Məmişoğluna üz tutaraq...


...xatirələrim bağımızdakı
alma ağaclarının budaqlarından,
alça ağaclarının çiçəklərindən
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm,
xatirələrimi yığmaq üçün –
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...


QARDAŞ

Dağlarda güllələnən güllərin əziz xatirəsinə

Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl-göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.

Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı,
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara, qardaş.

Böcəklər ah çəkir, ağlaya bilmir,
sızlayan yarasın bağlaya bilmir,
bülbüllər göz yaşın saxlaya bilmir,
nə ağır yas düşdü dağlara, qardaş.

Dərələr güllərə ta açmır qucaq,
əli qoynundadı hər künc, hər bucaq,
yağını güllərin ahı tutacaq,
nə ağır yas düşdü dağlara, qardaş.


DƏNİZDƏ BOĞULANLARA

Sizin arzularınız
gözünüzdə qalmadı,
gözünüzdə boğuldu.
Sizin ölümünüz
bambaşqa ölüm,
su ölümü, dəniz ölümü...!
Sizə balıqlar ağladı,
səssiz ağladı,
hamıdan qabaq.
Balıqların göz yaşından
bir az da artdı dəniz,
dəniz də ağladı bir az,
gözünü qan tutmuş dəniz,
əli qana batmış dəniz...
Sahildən qorxub
çəkindi dalğalar,
günahından utandı.
Yosunların arasında,
ilbizlərin kölgəsində
gizləndi dalğalar...


XAN LAÇINA GEDƏ BİLMƏDİ,
AĞA LAÇINLI


Üçcə dəfə gördüm Ağa Laçınlını-
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda –
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü-
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
....Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə, bal toplamağa...
...On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
Bakıda mayasını yedi və...


ATA HƏSRƏTİ

Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım –
mənim arxam gəlib, dayağım gəlib.

Ay ata, qoy sənə doyunca baxım,
mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
atama mən qulluq eyləyəmmədim.

Doyunca ay ata, sözü demədim,
ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
belə fikirləşib, düşünməmişdim.

Daha fikirləşmək, düşünmək meylim,
özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli –
boyda tay-tuşlara çatammasam da.

Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub.

1991

ÖLMƏKDƏN QORXMURAM

Məndən bezdi arzularım da...
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram.

BU DƏRD

Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.

Dön geriyə bax, demədim,
bu qismətə baxt, demədim,
nə istədi, “yox” demədim,
nəyim var, verdim, böyüyür.

Güvəndim sənin gücünə,
ürəyim, məndən incimə,
“bəxtəvərəm”, nə vecimə,
böyüyür dərdim, böyüyür.

AXTARIRAM


Mən özüm-özümə yadam, gəzirəm,
gəzirəm dünyanı, atam, gəzirəm.
Dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram.

Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axırki axıra çıxdı,
nə alıb satdımsa, çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.

Bu bəxtlə, qismətlə heçəm dünyada,
xoş günə tapmadım bir çəm dünyada,
bu dəli başımla sərsəm dünyada,
ocaq axtarıram, pir axtarıram.


ÖZÜMƏ...

 (...və bəzi dostlarıma)

“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı,
bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
...Özgələrə vəd vermədin,
sən özünü aldatdın,
nə qazandın, nə uddun?!
”Ağzın isti yerdəydi”,
yerə-göyə sığmırdın,
öz içinə sığışdın,
taleyinlə barışdın.
...Bu qədər yalan olmaz,
çox şeyləri demirəm.
...Bilmirdin ki, qarşına
namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?! ...
“Özü yıxılan ağlamaz”,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”

OTEL OTAĞINDAN REPORTAJ

...uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində yuxular
görürəm hər gecə.
...indi on ikinci otel otağının
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq adında.
…Səndən sonra ümidimin
şəkillərini cızdım
otel otağının divarlarına,
şəkillər ölmür axı.
Dön geri, şəkillərin saglığına...

BİR DƏ ÜMİDİM YOX...


Bir bahar mehi tək əsib getmisən,
Bütün gümanımı kəsib getmisən.
O axşam sən elə küsüb getmisən,
Bir də ümidim yox qayıtmağına.

Qal dedim, and verdim səni Allaha,
Baxmadın çəkdiyim həsrətə-aha.
Getdiyin yollara baxmıram daha,
Bir də ümidim yox qayıtmağına.

Dön gör ürəyimdə dərdim nələrdi...
Kim olsa yerinə vallah, gələrdi.
İndi güman yerim xatirələrdi,
Bir də ümidim yox qayıtmağına.

ETİRAF

Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.

İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.

Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.

Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.

AYRILIQ HAVASI

Son duamı oxudum ayrılıqlar üzünə,
ayrılıqlar qibləsinə dayanıb.
Bütün ayrılıqların səmti birdi:
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı gecənin səssiz xatirəsinə...
Ayrılıq duaları dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların qibləsi eynidi:
ağrısı soldan başlayır.

SEVGİ SÜKUTU

Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu “on beş qırx beşdə”.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam
“on beş qırx beşdə”,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən onu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin matəm anıdı,
“on beş qırx beş”.
Nə isə...
Sənə olan sevgimin,
sonra ölən sevgimin
əziz xatirəsini
bir dəqiqəlik sükutla
tez-tez yad eləyirəm,
saat “on beş qırx beşdə”.


ŞƏKİLLİ ŞEİR

Sənə…

Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın
çəkən məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma duz basar,
"məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...

QARITDIĞIM QIZA "GÖZAYDINLIĞI"

Dedim, çətin olacaq,
unutdum, gözün aydın.
Həsrətinlə özümü,
yarıtdım, gözün aydın!

Dərib kipriklərimi,
(qərib kipriklərimi),
sərib kipriklərimi,
qurutdum, gözün aydın!

...Və gözləmə qayğımı,
sevgimi və sayğımı,
bu dilbilməz duyğumu,
ovutdum, gözün aydın!

"Yıxılsın", sənin evin,
indi necədi kefin?!
Səni sevmədim: sevin,
qarıtdım, gözün aydın!


Namiq Dəlidağlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar