Xəbər lenti
“Həyat adlı bir karvana qoşulub, məndən əvvəl gedən bilər mən kiməm” -Səməd Hüseynoğlu (şeirlər)
[b]Bu adamın şəklini də, şeirini də, bəzən özünü də tapmaq bir ayrı müsibətdir. Söhbət Səməd Vurğunun, Səməd Mənsurun, Səməd Behrənginin və Səməd Qaraçöpün addaşı, istedadlı və təvazökar bir insan olan Səməd Hüseynoğlundan gedir.
Səməd “Xalq qəzeti”nin bölgə müxbiridir. Ağır seyyid nəslinin davamçısıdır. Çox ləyaqətli şəxsiyyətdir. İllərdir ki, bir redaksiyada çalışırıq, amma çoxumuz onun şeir yazdığını bilmirdik. Ürək eləyib mənə oxuyub və oxucular üçün paylaşmağa güclə razı salmışam.[/b]
Əli NƏCƏFXANLI
Manevr.az [b]Səməd Hüseynoğlunun şeirlərini təqdim edir:[/b]
[b]AY DƏDƏ [/b]
Ömür ötdü, sən özünü qandırdın,
Papağını elə günə yandırdın.
Nə qəlb qırdın, nə də könül sındırdın,
Bəyənmədi qızlar səni, ay dədə.
Acı deyən dillərinə qıymadın,
Külək dəyən tellərinə qıymadın,
Qıyılmalı güllərinə qıymadın,
Bəyənmədi qızlar səni, ay dədə.
Bəs hamıdan sən bir köynək yaxındın?-
Şəkillərə qorxa-qorxa toxundun.
Nə Allahdan, nə bəndədən yoxundu,
Bəyənmədi qızlar səni, ay dədə.
Sıxdı səni bu şəhərin küçəsi,
Ha gözlə ki ordan kimsə keçəsi.
Uşaq kimi gör oynatdı neçəsi,
Bəyənmədi qızlar səni, ay dədə.
Gedənləri sayma, üçdü, beşdimi?
Çəkdiklərin ürəyini deşdimi?
Xatirələr indi yada düşdümü?-
Bəyənmədi qızlar səni, ay dədə.
Oldun dayı, oldun əmi, gecdi ta,
Aldın qəmi, satdın dəmi, gecdi ta,
Çırpınsan da balıq kimi, gecdi ta,
Bəyənmədi qızlar səni, ay dədə.
[b]ADAMI[/b]
Bir adam tək-tənha, yalquzaq gəzir,
Bir az qızınmağa od-ocaq gəzir.
Nəfəsin dərməyə künc-bucaq gəzir,
Bu millət adamı, bu yurd adamı.
Dərdini çiynində daşıyır indi,
Qızmar günəş altda üşüyür indi,
Gəzir bekar-bekar, it döyür indi,
İtlər də bəyənmir bu qurd adamı.
Hardandı müəmma, sirr, tapa bilmir,
Şeytandan qaçmağa pir tapa bilmir.
Bu yer kürəsində yer tapa bilmir,
Öldürür bu zillət, bu dərd adamı.
Gözləri uzaqdan yol çəkər onun,
Taleyi başına daş tökər onun.
Baxsa, üst-başından cin hürkər onun,
Yığıb cındırına on dörd adamı.
Özgənin dərdindən əridi axı.
Ağlaya-ağlaya kiridi axı.
Bu adam ər oğlu ər idi axı,
Kim saldı bu günə bu mərd adamı?
[b]GET KEFİNİ ÇƏK [/b]
Bəlkə tək istəkli bəndəsi sənsən,
Allahın dəlisi, get kefini çək.
Səndən nə uman var, nə də inciyən,
Allahın dəlisi, get kefini çək.
Biz sənə güləndə sən də bizə gül,
Qoşul dediyimiz hər bir sözə, gül.
Harda işin aşır, orda üzə gül,
Allahın dəlisi, get kefini çək.
Dəli ki günaha, savaba gəlmir,
Əməli dəftərə-kitaba gəlmir.
O heç dərgahda da hesaba gəlmir,
Allahın dəlisi, get kefini çək.
Payını götürməz kim dəlidirsə,
Utandır, utansın kim "dəli" desə.
Bu həyat eləcə gülməlidirsə,
Allahın dəlisi, get kefini çək.
Bu da o dediyim nağıllı adam,
Dili bal, cibləri noğullu adam.
Səni aldatmasın ağıllı adam,
Allahın dəlisi, get kefini çək.
[b]MƏN KİMƏM [/b]
Manat kimi xırdalanan ömrə bax,
Nə ruh bilər, bədən bilər mən kiməm.
Həyat adlı bir karvana qoşulub
Məndən əvvəl gedən bilər mən kiməm.
Altı ildi “sağ ol” dedim qırxına,
Su tökmədim susuz bir çöl arxına.
Pər olmadım bir dəyirman çarxına,
Dən yüydən nədən bilər mən kiməm.
Əl-ovcumda üçüm-beşim olmadı,
Pay qoparan quzğun dişim olmadı.
Bir kimsəylə müşkül işim olmadı,
Mehribanlıq edən bilər mən kiməm.
Bir daşına tən olmağa yubandım,
Ac quşuna dən olmağa yubandım.
Səmt olmağa, yön olmağa utandım,
Necə deyim: vətən bilər mən kiməm?
Nə ümmanlar, nə dənizlər bilmədi,
Nə asanlar, nə qəlizlər bilmədi.
Özgələr heç, ən əzizlər bilmədi,
Allah bilər, dədəm bilər mən kiməm.
[b]Səməd Hüseynoğlu[/b]
Manevr.az [b]
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar