Xəbər lenti
Atasının yasına gəlməyən “Kriminal baronessa”nın qaranlıq həyatı: Xəyanət, cadugərlik, mafiya...
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun son mənzilə yola salınması ilə bağlı təşkil olunan mərasimdə böyük qızı Gülnarə Kərimova gözə dəymədi. O G.Kərimova ki, illərdir ev dustağıdır və nə anası, nə də bacısı ilə danışır. Bir zamanlar hamını şoka salan “kriminal baronessa” bu gün ailəsinin ən sevilməyən övladıdır.
Gülnarə Kərimovanın keçmişini, bu gününü təqdim edirik.
Gülnarə İslam Kərimov və xanımı Tatyananın böyük qızıdır. O, 1972-ci ildə Fərqanədə anadan olub. Uşaqlığını Daşkənddə keçirən G.Kərimova yüksək təhsil alıb. Özünün dediyinə görə, ailəsi üçün təhsil ön şərtlərdən biri olub. İ.Kərimov qızını 16 yaşında Daşkənddəki gənc riyaziyyatçılar akademiyasına qoyub. 1988-ci ildə G.Kərimova akademiyanı bitirəndə artıq atasının karyerası yüksəlməyə başlamışdı. İ.Kərimov Kommunist Partiyasının Kaşkadar üzrə regional komitəsinin birinci katibi idi. Bir il sonra isə Gülnarə artıq ölkənin birinci şəxsinin qızı oldu. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilən İ.Kərimov 1990-cı ildə prezident oldu. O vaxtdan bu ilin sentyabrına qədər də Özbəkistanı idarə etdi.
Təhsili, siyasi fəaliyyəti...
Rəsmi tərcümeyi-halında Kərimovanın iş həyatına 1987-ci ildə başladığı qeyd edilir. O, Özbəkistan Statistika Komitəsinin baş idarəsində işləyirmiş.1989-cu ildə Gülnarə Daşkənd Dövlət Universitetinin fəlsəfə və iqtisadiyyat (digər faktlara görə, sosiologiya fakültəsi) fakültəsinə daxil olur. 1990-cı ildə işgüzar qızcığaz həm Özbəkistan Respublikasının Ticarət Palatasında tərcüməçi işləyir, həm də təhsilini davam etdirirdi. 1992-c ildə isə özünün ən böyük arzusunu reallaşdırır. Fashion Institute of Technology State University of New York-da kurs keçir. Kərimovanın dediyinə görə, o, həmişə yaradıcılıqla məşğul olmaq istəyirdi. Xüsusilə hər şeydən əvvəl dizaynerliklə. Lakin 80-ci illərdə bu qeyri-ciddi, qeyri-stabil məşğuliyyət sayıldığından planlarını ertələmişdi. 1996-ci ildə G.Kərimova Özbəkistan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun magistri dərəcəsini alır. 1996-cı ildə xarici İşlər nazirinin müşaviri, 1998-ci ilin aprel-avqust aylarında Özbəkistanın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəliyinin məsləhətçisi vəzifəsini icra edir. Elə həmin ildə akademik məzuniyyət götürərək Harvard School-da humanitar və təbii elmləri öyrənir. 2000-ci ildə Harvardın magistr pilləsinə yiyələnir. 2001-ci ilin sentyabrında Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Siyasi Elmlər üzrə doktoranturaya qəbul olur. 2003-cü ilin sentyabrında nazir müşaviri olmaqdan “bezərək”, Rusiyada Özbəkistan Respublikasının səfirliyində işə başlayır. 2005-ci ildə səfirlikdən çıxdıqdan sonra yeni xarici işlər Yelira Qaniyevanın müşaviri işləyir. 2006-cı ildə Daşkəndin informasiya texnologiyaları universitetində telekommunikasiya sahəsi üzrə bakalavr dərəcəsini alır.
Göründüyü kimi, G.Kərimovanın bir kitab rəfini dolduracaq qədər təhsil diplomu var. Prezidentin qızı Özbəkistanda bütün aparıcı universitetlərin diplomunu alıb.
Diplomat, dizayner, qara kəmər ustası
G.Kərimovanın diplomat kimi də fəaliyyəti rəngarəngdir. 2008-ci ildə o, Özbəkistanın Birləşmiş Millətlər Təşkilatı və Cenevrədəki digər beynəlxalq qurumların daimi nümayəndəsi vəzifəsini icra edir. 2010-cu ildə Özbəkistanın İspaniya Krallığında fövqəladə səfiri olur. 2011-ci ilin avqustuna qədər bu vəzifəni rəsmi şəkildə icra edir.
Onun “həyatla əyləncəsi” bununla bitmir. G.Kərimova biznes xarakterli fəaliyyətlərlə də məşğul olub. Hansı ki, bunu “hobbi ” adlandırırdı. 2000-ci illərin əvvəlində özünün “Guli” brendini yaradıb. Bu ad altında əsasən geyim və daş-qaş istehsal edirdi. Yeri gəlmişkən, G.Kərimovanin moda evi İsveçrənin zərgərlik evi “Chopard” la əməkdaşlıq edirdi. Hər iki brendin birgə istehsalı da var idi. Bundan əlavə G.Kərimova müğənni kimi də şansını sınayıb. Onun GooGoosha (atası onu belə adlandırır) mahnısı Özbəkistanda xit sayılır. “Hərşeyşünas” müğənninin 2012-ci ildə ingilis dilində albomu işıq üzü görüb.
G.Kərimovanın “hobbiləri” sırasına foto, dizayn, şeir yazmaq, klassik vokal, yoqa, top üzrə İsveçrə gimnastikası belə daxildir. Ən maraqlısı isə odur ki, Gülnarənin karate üzrə qara kəməri də var.
Birinci evliliyi, uşaq oğrusu ittihamı
G.Kərimovanın şəxsi həyatı da dinamikdir. Prezidentin qızı 1991-ci ildə Əfqanıstandan olan etnik özbək , Amerika vətəndaşı Mansur Maqsudi adlı “sıradan” bir biznesmenilə evlənir. Qeyd edək ki, cütlüklər Gülnarənin rəfiqəsinin ad günündə tanış olurlar. Toydan dərhal sonra Mansur Maqsudinin Özbəkistanda biznesi genişlənməyə başlayır. O, "Coca-Cola" şirkətinin Daşkəntdəki nümayəndəliyinin əsas səhmdarı və prezidenti olur. “İzvestiya” qəzetinin yazıdığına görə, M.Maqsudi özbək iqtisadiyyatının digər istehsal sahələrini – pambıq, qənd, neft məhsulları biznesini nəzarətinə alır. Hətta Maqsudinin “Roz Treydinq” şirkətinin ölkə üzrə ABŞ dollarının yerli valyutanın məzənnəsinə təsir kimi geniş imkanları olduğu iddia edilirdi.
Amma 2001-ci ildə bu nikah beynəlxalq qalmaqalla bitir. M.Maqsudinin qara günləri başlayır. Belə ki, G.Kərimova uşaqları İslam (1992-ci il təvəllüdlü) və İmanla (1999-cu il təvəllüdlü) evi tərk edir. Onların boşanma prosesi 2 il çəkir. Düzdür, Kərimova hər şey əllərində olduğundan tez bir zamanda Maqsudidən boşanır. Amma Maqsudinin vətəndaşı olduğu Amerika ilə məsələni həll etmək o qədər də asan olmur. Xüsusilə, Maqsudinin iddia ərizəsi ilə Amerika məhkəməsinə müraciət etməsindən sonra vəziyyət qəlizləşir. Məhkəmə iş adamının iddiasını təmin edərək 2003-cü ildə uşaqların ona qaytarılmasına dair qərar çıxarır. Amerika məhkəməsinin qərarları bununla bitmir. Kərimova həmçinin uşaq oğurluğuna cəhddə günahlandırılır və həbsinə dair order verilir. Eyni zamanda ondan məhkəmə xərclərini ödəmək üçün 3,2 milyon dollar tələb edilir. Lakin prezidentin qızı Amerika məhkəməsinin qərarına tabe olmur, uşaqlarını atasına qaytarmır. M.Maqsudi isə həm uşaqlarından, həm də biznesindən olur. Belə ki, onun bu addımına cavab olaraq Özbəkistandakı zavodları, şirkətlərdəki səhm paketləri əlindən alınır. “Coca-Cola”-nın bu ölkədəki istehsalı dayandırılır. Özbəkistan prokurorluğu M.Maqsudiyə qarşı 17,6 milyon dəyərində vergidən yayınma, rüşvət alma, özgə əmlakını mənimsəmə, çirkli pulların yuyulması ittihamlarla cinayət işi qaldırır. “Forbes”in yazıdqlarına görə, 2003-cü ildə Maqsudinin dələduzluqla məşğul olduğu bəlli idi. Amma hökumət o zaman məsələyə qarışdı ki, iş adamının prezident ailəsi ilə münasibətləri pozuldu.
Bu davanın sonuna gəlincə isə G.Kərimova 2008-ci ildə Nyu-Yorkun ən yüksək ali instansiyası vasitəsilə hər iki uşaq üzərində valideynlik hüququnu geri alır.
Varis
Bir zamanlar Gülnarə Kərimova dünya mətbuatının gündəminə atasının varisi kimi gəlirdi. Avropa mətbuatında o, Özbəkistanda korrupsiyanın simvolu kimi təqdim edilirdi. Çünki, Özbəkistanda biznes qurmaq Kərimovanı məmnun etməkdən keçirdi. Bəli atasının nə vaxtsa diplomat statusu verməyə çalışdığı Gülnarə “kriminal baronessa” kimi ad çıxarmışdı.
Onun adı “WikiLeaks” a belə düşmüşdü. Dərgi səfirlərin gizli məktublarına istinad yazırdı ki, Gülnarə ölkəsində “oğrular baronu” deyə xarakterizə edilir. Bu xanım ona boyun əyməyən biznes sahiblərinin hamısını dövlət aparatı vasitəsilə cəzalandırır. Kərimova həm də bəzi kriminal dairələrlə əlaqədə ittiham olunurdu. “The Guardian” Daşkənddəki ABŞ səfirliyindən yazıldığı iddia edilən gizli məktublara istinadən bildirirdi ki, G.Kərimova yerli mafioz dairələrdəki əlaqələri vasitəsilə ölkədəki xam neft layihələrində də pay ələ keçirib. O cümlədən o, qaz ixracının 80 faizinə nəzarət edir.
Kərimovanın pulları dillərdə
G.Kərimovanın varidatı zaman-zaman müxtəlif dərgilərin dilində dastan olub. Almaniyanın “Spiegel” jurnalı 2010-cu ildə onun sərvətini 570 milyon dollar dəyərləndirmişdi. İsveçrədə çap olunan “Bilan” biznes nəşri isə bu rəqəmi 1 milyard dollar göstərirdi. Yeri gəlmişkən, hər il ölkənin 300 ən varlı adamlarının siyahısını dərc edən jurnal siyahıdan G.Kərimovanın adını əskik etmirdi. 2012-ci ildə isə dərgiyə Kərimovun kiçik qızı Lolanın adı əlavə olundu. “Bilan” yazırdı ki, Kərimova bacıları pulları “Zeromax” şirkətindən (Özbək- İsveçrə şirkəti) qazanıblar. Özbəkistanın ən böyük özəl şirkəti sayılan “Zeromax” Kərimovlar ailəsinin və onlara yaxın olan adamların başlıca gəlir mənbəyidir. Ölkə iqtisadiyyatın bütün sahələrinə nəzarət edən şirkəti məlum olmayan səbəblərdən 2010-cu ildə dövlət alıb.
“İt”, ”pişik” pozaları
G.Kərimovanın hərəkətləri dəfələrlə mühafizəkar özbək cəmiyyətinin hiddətinə səbəb olub. Onun “Twitter” səhifəsində yerləşdirdiyi şəkillərə bütün dünyanın təəccüblə baxdığı zamanlar var idi. Yoqa seansı ərəfəsində çəkilən fotolarda əynində şort və mayka olan Kərimova “it”, “pişik” pozası almışdı.
Bundan əlavə prezidentin qızı gününü gecə klublarında keçirir, qumar oynayırdı. Maraqlısı isə odur ki, G.Kərimova həmin vaxt Özbəkistanda qadağan edilən ixrac alkoqol içkiləri içirdi.
2013-cü il qara günlərin başlanğıcı
2012-ci ildə xanım Kərimovanın nüfuzu ən yüksək nöqtəsinə çatır. Bir çoxu ona atasının sələfi kimi baxır. Elə o özü də prezidentliyə ambisiyalarına işarə etməyə başlayır. Lakin bütün bu “xoşbəxt həyatı” 2013-cü ildə sona çatır. Necə? İ.Kərimov qızının baldızı Tamara Sobirovanın oğlu Əkbərəli Abdullayevlə münasibətlərini öyrənir. Belə ki, G.Kərimova özünün prezident olmayacağı təqdirdə atasından sonra Əkbərəlini prezident görmək istədiyini bildirir. Onun bu sözlər az müddət ərzində mətbuatda yayılır. Xəbərlərdən sonra xüsusi xidmət orqanları Ə.Abdullayev haqqında material toplamağa başlayırlar.
Bundan sonra Kərimov Abdullayevin onun taxt-tacına iddialı olduğunu, Gülnarənin də onu dəstəkləməkdən çəkinmədiyini öyrənir. Buna əsəbiləşən prezident Ə.Abdullayev barədə cinayət işinin açılması barədə tapşırıq verib. Lakin Əkbərəli Dubayda olduğu üçün onun həbsi gecikir. Onun qayıtmadığını görəndə xüsusi xidmət rəisi Rüstəm İnayətov Gülnarə Kərimovanı əmin edir ki, xalası oğlu ölkəyə qayıdarsa, heç bir təhlükə ilə üzləşməyəcək. G.Kərimova isə ona inanır və öz mobil telefonu ilə xalası oğluna zəng edərək onu Daşkəndə çağırır. Lakin Abdullayev qayıtdığı gün həbs edilir. G.Kərimova isə ev dustağı elan olunur. 2013-cü ilin sonuna qədər Kərimovanın biznes imperiyası dağılmağa başlayır
Anasına və bacısına cadugərlik ittihamı
Nəhayət ana, qız, bacı münasibətləri haqqında. Kərimovlar ailəsində iki bacı bir birini sevmir hətta danışdırmırlar. G.Kərimovanın sosial şəbəkələrdəki statuslarından belə bəlli olur ki, onun anası ilə də münasibətləri yaxşı deyil. O anası Tatyananı və bacısı Lolanı dəfələrlə cadugərlikdə ittiham edib.(Publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar