Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Talıbovlar Londondakı şirkətlərini bağlayır - ŞƏKİL

Tarix: 07-08-2024 11:29     Baxış: 4223 A- / A+
Hüquqşünas: "Başa düşürlər ki, gec-tez ingilis məhkəməsinin məmurları onların da qapısını döyəcək"
Azərbaycanda həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Britaniyadakı əmlakı müsadirə olunub. Zamirə Hacıyevanın Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 il çəkən təhqiqatından sonra bu müsadirəyə razılıq verdiyi bildirilir. 
Söhbət Londonun Naytsbirc məhəlləsində 14 milyon funt-sterlinq dəyərində evdən və Askotda qolf klubundan gedir. NCA-nın yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğuna inanır. NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.  Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt-sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi. 2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi. Ancaq onun vəkilləri iddia qaldıraraq deyirdilər ki, NCA onu qanunsuz olaraq hədəfə alıb. Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva daha öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı. Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir. 
Bu arada baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərənin Berkshire şəhərindəki şirkətlərindən birini bağlayıb. Bu barədə jurnalist Cavanşir Həsənli yazıb. Jurnalistin araşdırmasına görə, onun 75 faiz payla sahib olduğu 2020-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçmiş "NEW CANADA LIMITED" şirkəti (Qeydiyyat nömrəsi 13044330) bu ilin yanvarında ləğv edilib və reyestrdən çıxarılıb.  "NEW CANADA LIMITED" Orxan Eyyubovun təsisçisi olduğu "NEW CANADA CAPİTAL LTD"nin törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Sənədlərə görə ləğv olunan şirkətin 25 faiz hissəsi Orxan Eyyubovdan 3 yaş böyük olan ingilis xanım Cennifer Mari Makdonalda, digər 25 faiz isə onun atası Mr Con Macdonalda məxsus olub.   "NEW CANADA CAPİTAL LTD"nin ötən ilki maliyyə sənədlərinə əsasən aktivlərinin həcmi 15 milyon funt-sterlinqdən artıq olub.  

Cavanşir Həsənli Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan da yazıb: "Talıbovların Londondakı 40 milyonluq bina inşa edən şirkəti iyunun 21-də könüllü iflas qərarı elan edib və ləğvetmə prosesinə başlayıb..." 
Digər məmurların xaricdəki biznesləri ciddi təhlükə altında olduğu bir zamanda Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda biznesi inkişaf etməkdədir. 43 yaşlı Anar Məmmədov Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə milyonlarla dollar xərcləyib. Məlumata görə, KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun - əmlak çantasının bir hissəsidir.  "Transparency International UK" təşkilatının Britaniya torpaq reystrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir. O, bu daşınmaz əmlakın çox hissəsini atasının nazir olduğu vaxtda əldə edib. Anar Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi azı 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin 3 törəmə şirkətinə aiddir.  Ən son maliyyə hesabatlarına görə, Məmmədovun "1st Rate Investments (UK) Limited" şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub. Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi "1st Rate Investments Limited" adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir. Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb.

Manevr.az xəbər verir ki, "Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, uzun illər boyunca Azərbaycanda yüksək vəzifədə olub xaricə pul daşıyan məmurların durumu hər ötən gün ağırlaşır: "İllər öncə Böyük Britaniya qərar verib ki, mənbəyi göstərilməyən, korrupsiya yolu ilə əldə edilməsi istisna olunmayan mal-mülklər "milliləşdirilsin", yəni həmin mal-mülk Böyük Britaniyanın nəzarətinə keçirilsin. Bu qanun çıxarılana qədər London keçmiş postsovet məkanından olan yüksək çinli məmurların sevimli ünvanı, korrupsiya pullarının "cənnəti" idi. İngilislər yığışdılar, qanun qəbul edib postsovet məkanından olan minlərlə korrupsioner məmurun on illərlə Londona daşıdıqları milyonları əllərindən almağa nail oldular. Bir qanun ingilislərə milyardlar qazandırdı. Halbuki həmin pulları oğurlayan məmurların mənsub olduqları ölkələrdə o milyardlara böyük ehtiyac var". 
Natiq Ələsgərov deyib ki, eks-məmurların, onların övladlarının Londondakı əmlaklarını satıb oradan uzaqlaşması da əsasən həmin qanunla əlaqəlidir: "Başa düşürlər ki, gec-tez ingilis məhkəməsinin məmurları onların da qapısını döyəcək. Bu zaman Londonda alınan mal-mülkə verilmiş 20-30 milyonun mənbəyini soruşacaqlar. Cavab isə əlbəttə ki, inandırıcı olmayacaq və əmlakları təhlükə altına düşəcək. Ona görə də bu başdan özlərini müflis elan edib aradan çıxırlar". 
Ziya Məmmədovun oğlu Anar Məmmədova gəlincə, Natiq Ələsgərov deyib ki, mümkündür ki, o, Londona sərmayə kimi daşıdığı milyonların "təmizlənməsinə" nail ola bilib: "Anar Məmmədov Londonda biznes qurmazdan əvvəl Azərbaycanda ailə şirkətlərinə rəhbərlik edib. Həmin ailə şirkətinin isə real dövriyyəsi olub. Hər kəsə aydındır ki, həmin ailə şirkəti hansı pullar hesabına qurulub, inkişaf etdirilmişdi. Xatırlayırsınızsa, 2017-ci ildə İsveç prokurorluğu "Bombardier" şirkətinin əməkdaşı Yevgeni Pavlovu azərbaycanlı məmurlara rüşvət verilməsində ittiham etmişdi. Prokurorluq Pavlovun 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq məqsədilə Azərbaycandakı məmura rüşvət verdiyini iddia edirdi. O zaman həmin məmurun Ziya Məmmədovun olması barədə xəbərlər vardı. Düzdür, həmin ittiham sübut çatışmazlığı üzündən təsdiq olunmadı. Yəni Ziya Məmmədovun adı daim rüşvət və korrupsiyanın mərkəzi fiquru kimi çəkilirdi. Buna baxmayaraq, mümkündür ki, Anar Məmmədov Londona sərmayə kimi apardığı milyonların mənbəyini göstərə bilib və bu gün o, Londonda biznesini inkişaf etdirməkdədir. Çox keçməz, hiyləgər ingilislər belə istisnalar üçün də bir qanun düşünərlər". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar