Xəbər lenti
. İki alan müəllim
Seymur VERDİZADƏ
Dost-tanış bilir, tez-tez ölkəmizin müxtəlif bölgələrində keçirilən tədbirlərdə iştirak edirəm. Hətta bir dəfə zarafatla yazmışdım ki, mən kənd rayonlarında Heydər Əsədovdan çox oluram. Çox gəzmək çox müşahidə aparmaq, çox mətləblərdən hali olmaq deməkdir. Azərbaycanın müxtəlif rayonlarında yaşayan insanlar, onların keçirdikləri həyat tərzi mənim ən sevimli mövzularımdan biridir. Ümumiyyətlə, insan ən maraqlı tədqiqat obyektidir.
Əyalət insanı otuz-qırx il əvvəl olduğu kimi, paytaxtdan gələn adamlara yenə ümid yeri kimi baxır. İnsanlar ən müşkül problemlərini belə tanınmış adamların əli ilə, ya da müxtəlif əyri yollarla həll edəcəklərinə inanırlar. Bu isə dələduzların, fırıldaqçıların sayının artmasına gətirib çıxarır. Teleaparıcı İlham Mirzəyev təkcə tamahının ucbatından həbsə düşmədi. İnsanların avamlığı, sadəlövhlüyü İlhamın məhbəsə gedən yolunu bir qədər də qısaltdı. Bunu mənə bir vəkil dostum danışıb. Dediyinə görə, adı İlham Mirzəyevin işində keçən zərərçəkənlərin çoxu elə bilirmiş ki, o, gündüzlər nazirlərlə nahar edir, axşamlar isə icra başçıları ilə nərd oynayır. Efirin qazandırdığı üstünlük sayəsində əvvəllər mən də oxşar vəziyyətlə tez-tez üzləşirdim. Rayonlara gedəndə insanlar müxtəlif problemlərinin həlli üçün məndən kömək istəyirdilər. Bir dəfə dözməyib, “Məni nazirlə səhv salırlar” adlı məqalə yazdım. Bu yaxınlarda isə daha maraqlı bir xəbər eşitmişəm. Açığı, bu xəbərə gülməli, yoxsa ağlamalı olduğumu hələ də müəyyənləşdirə bilməmişəm. Prodüser işləyən bir tanışım üç-dörd gün əvvəl dedi ki, əməkdar artist Elza Seyidcahan şimal bölgəsində olanda bir kişi ondan oğlunu Dövlət Gömrük Komitəsində işə düzəltməyi xahiş edib...
Bu cür xoşagəlməz vəziyyətin yaranmasının müxtəlif səbəbləri var. Görünür, insanlar tanış olmadan Dövlət Gömrük Komitəsində işə düzəlməyin mümkünlüyünə inanmırlar. Ya da DGK-da işə düzəlmək üçün hansı prosedurlara əməl etməli olduqlarını bilmirlər. Azərbaycanda elə adamlar var ki, hansı hüquqlara malik olduqlarından xəbərsizdirlər. İki il əvvəl həyat yoldaşı tərəfindən mütəmadi olarq döyülən bir qadından polisə niyə müraciət etmədiyini soruşdum. Cavabı belə oldu: “Ərim heç atasını eşitmir, o ki qaldı polis ola...”
Bütün bəlaların kökündə savadsızlıq dayanır. Buraxılış imtahanlarında Azərbaycan dili fənnindən 2 alan şagirdlərin sayı ilbəil artır. Uşaq olanda böyüklər bizə tez-tez bu cür məsləhət verirdilər: “Heç olmasa, vurma cədvəlini öyrənin ki, Məmmədhəsən kişi pulunuzu kəsməsin”. Məmmədhəsən kişi bizim kənddə üzümçülük briqadiri işləyirdi. Haqq-hesab bilməyən kolxozçuları səhərdən axşama kimi işlədib, ayın axırında 20-30 manat maaş yazırdı. Briqadirlər tərəfindən aldadılmalarını istəmədikləri üçün hətta oxumayan uşaqlar da vurma cədvəlini öyrənir, riyaziyyatdan təməl bilgilərə sahib olmağa çalışırdılar...
Azərbaycan xalqını kütləvi savadsızlıq təhlükəsi gözləyir. Ali məktəblərə qəbul imtahanları zamanı əldə olunan nəticələr ilbəil pisləşir. Neçə gündür bu rəqəmlərin təsirindən çıxa bilmirəm. Rəsmi məlumatlara görə, bu il birinci ixtisas qrupu üzrə 31 397 abituriyent imtahan verib. İmtahanın nəticələri açıqlananda məlum olub ki, bu 31 397 abituriyentin təxminən 20 min nəfəri 0-200 bal topladığı üçün müsabiqəyə buraxılmayıb. Abituriyentlərin bu il əldə etdikləri nəticə ötən illərlə müqayisədə xeyli aşağı olduğundan savadsız gənclərin çoxu tələbə olmaq şansı qazanıb. Təsəvvür edin ki, cəmi 268 bal toplayan gənc fizika müəllimliyi fakültəsinə qəbul ola bilib. Sovet təhsil sistemi ilə müqayisə edəndə 268 bal 2 edir. Bu isə o deməkdir ki, qəbul imtahanından 2 alan gənc 4 ildən sonra ali təhsilli fizika müəllimi kimi balalarımızın təlim-tərbiyəsi ilə məşğul olmağa başlayacaq.
İmtahandan 2 alan müəllimin əlaçı şagirdlər yetişdirəcəyinə inanmaq ABŞ-ın Əfqanıstana demokratiya gətirəcəyinə inanmaq qədər səfeh bir işdir...
(Qafqazinfo)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar