Xəbər lenti
"Kamil üzərində qurulan yüzmilyonluq çirkin oyun" - Nə baş verir?
Axar.az saytında "Kamil üzərində qurulan yüzmilyonluq çirkin oyun" başlıqlı məqalə dərc olunub. Həmin yazını təqdim edirik:
Kamil Zeynallının Moskvadan qayıdarkən hava limanında saxlanılması ciddi hadisədir, artıq Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Kamilin Ermənistanın tələbi əsasında saxlanıldığını təsdiqləyib.
Kamil Zeynallı Ermənistan vətəndaşı deyil, hətta cinayət törədibsə belə, bu, Ermənistan ərazisində baş verməyib. Halbuki Qarabağ işğal altında olanda – yəni de-yure Azərbaycan torpaqları olduğunu Rusiyanın özünün təsdiqlədiyi vaxtlarda – o ərazilərdə qətliamlar törədən, soyqırım həyata keçirən şəxslərlə bağlı Azərbaycan Baş Prokurorluğu onlarla şəxsi beynəlxalq axtarışa verib: həmin şəxslər məhz Azərbaycan ərazisində cinayət törədiblər, sübutlar, faktlar təqdim edilib, onlardan bəziləri isə de-yure Azərbaycan vətəndaşları idilər. Buna baxmayaraq, Rusiya indiyə qədər bir separatçı-terrorçunu belə Azərbaycana təhvil verməyib. Və nəinki təhvil verməyib, hətta beynəlxalq axtarışa verildiyi üçün hansısa erməninin Moskvada saxlanıldığı barədə heç vaxt heç kim eşitməyib.
Ancaq nədənsə Kamil Zeynallı – Ermənistanda heç bir cinayət törətməyən, Ermənistan vətəndaşı olmayan – de-yure və de-fakto – Moskvada saxlanılır və açıq şəkildə bunun Ermənistanın tələbi ilə olduğu bildirilir.
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulur, ratifikasiya edir, təntənəli surətdə qəbul olunur və Ermənistan Baş naziri Nikol Paşinyan “Putin İrəvana gələrsə, həbs ediləcəkmi” deyə verilən suala “Bunu məhkəmə həll edir” sözləri ilə Rusiya liderinin həbs ediləcəyini etiraf edir və aradan 3-4 gün keçəndən sonra Ermənistanın tələbi ilə heç bir cinayət törətməyən Kamil Zeynallı həbs edilir?
Ciddi oyundur və burda fərqli, həm də məhz Rusiyanın məkrli niyyəti olduğu aşkardır.
Daha bir məqam: Kamil Zeynallı haqda beynəlxalq axtarış 2023-cü ilin may ayında elan edilib. İdmançı özü deyir ki, ötən ilin may ayından bəri Rusiyaya – Moskvaya 3 dəfə gedib-gəlib və heç vaxt problem yaranmayıb. Maraqlıdır, niyə məhz indi problem yaranır və Rusiya hüquq-mühafizə orqanlarının “yadına düşür” ki, Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verilib?
Daha bir nüans: Ermənistan Baş Prokurorluğu Kamil Zeynallının saxlanılması ilə bağlı onlara hər hansı rəsmi məlumat verilmədiyini açıqlayıb. Yəni Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılır və erməni hüquq-mühafizə orqanlarına bu barədə heç bir məlumat verilmir? Səbəb nədir?
Əslində, Kamil Zeynallı saxlanıldığı anda Ermənistana dərhal sorğu verilməli idi. Çünki bu gün məhkəmə keçiriləcək və orada Ermənistanın iddiasını müdafiə edəcək kimsələr lazımdır.
Proses göstərir ki, Kamil Zeynallının saxlanılması hüquqi deyil, siyasi qərardır və bu qərarı Rusiya Azərbaycanın xeyrinə 30 il müddətində bircə dəfə də verməyib – ancaq nədənsə Putini həbs edə biləcəyini belə açıq şəkildə elan edən, Rusiyanın maraqlarını baltalayan Ermənistanın xeyrinə bu siyasi qərarı verməkdədir. Hətta məhkəmənin nə qərar verməsindən, Kamil Zeynallını azadlığa buraxıb-buraxmamasından asılı olmayaraq, bu, Rusiyanın həyata keçirdiyi siyasi aktdır.
Hansı səbəbdən?
Kamil Zeynallını Ermənistana təhvil verib, əvəzində Bakıdakı separatçılardan hansısa biri ilə dəyişmək arzusuna görəmi? Bu, kim ola bilər?
Separatçı Ruben Vardanyanın sahibi olduğu Ermənistanın ən böyük bankı – “Ameriabank”ın ötən gün Gürcüstan bankı tərəfindən alındığı haqda məlumat yayılmışdı. Satış qiyməti isə 306 milyon dollardır.
Ruben Vardanyanın təsis etdiyi şirkətin idarəçisi olduğu bank birdən-birə niyə satılır və bu vəsait necə istifadə olunacaq?
Nəzərə alaq ki, Ruben Vardanyan erməni əsilli rusiyalı milyarderdir, uzun illər Rusiyada yaşayıb və məhz Rusiyanın bəzi dairələrinin “məsləhəti” ilə 2022-ci ilin sentyabrında Qarabağa gələrək, burda separatizmin stimulvericisi kimi aktiv siyasi-ictimai fəaliyyətə başlamışdı. "Vardanyan layihəsi" alınmadı, əvəzində Azərbaycan torpaqlarını tam şəkildə azad edərək, separatçıbaşıların hamısını, o cümlədən Vardanyanı qoluqandallı Bakıya gətirdi.
Vardanyanın sahibi olduğu bankın səhmlərinin külli miqdarda vəsaitə satılmasının ardınca Kamil Zeynallı kimi tanınmış – məhz tanınan, üzdə olan – bir şəxsin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılması olduqca şübhəlidir. Ehtimal Ruben Vardanyanın satdığı bank səhmlərinin vəsaiti hesabına Rusiya hüquq-mühafizə orqanlarından xilas olması üçün əməliyyat qurmalarına şərait yaratma istəyidir. Nəzərə alın ki, Vardanyan rusiyalı milyarderdir və Rusiyanın bütün strukturları ilə yüksək səviyyədə əlaqəsi olub.
Korrupsiya və rüşvət üstündə bərqərar olan Rusiyanın bəlli dairələrinin bu siyasi akt üçün külli miqdarda vəsait ala biləcəyi ehtimalı çox yüksəkdir. Zarafat deyil, ortada 306 milyon dollar var.
Amma səhv edirlər, Azərbaycan Vardanyanı heç kəsə dəyişməyəcək, hətta Kamil Zeynallı İrəvana verilsə də. Əvəzində isə bu, Rusiya ilə siyasi münasibətlərə olduqca ciddi zərbə vuracaq...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar